Qaradağ rayon icra hakimiyyətindən Birinci vitse-prezidentə şikayət



Qaradağ rayon icra hakimiyyətindən Birinci vitse-prezidentə şikayət


Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi, Massiv 1, ev 8 a ünvanında yaşayan II qrup əlili Atabəy Ağayev tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

"Hörmətli Mehriban xanım, yeganə ümidim Sizsiniz. Mən II qrup əlililəm, 65 yaşım var. Qaradağ rayonu Səngəçal qəsəbəsi, Massiv 1, ev 8 a ünvanında ailəmlə birlikdə yaşayıram. Oğlum Ağayev Aslan və ailəsi də mənimlə birlikdə yaşayır. İki nəvəm var. Oğlum ali təhsillidir, lakin hazırda işləmir.

Məni Sizə müraciət etməyə məcbur edən səbəb Qaradağ Rayon İcra Hakimiyyətinin Səngəçal qəsəbəsi üzrə nümayəndəsi Azad Nərimanov və İcra Hakimiyyətinin məsul əməkdaşı Nadir Muradovun şəxsimə qarşı etdiyi qanunsuz əməlləridir. 

Hazırda ailəmizi dolandırmaq üçün oğlumla birlikdə həyətyanı sahəmdə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirdim. Ölkə başçısı cənab İlham Əliyevin sahibkarlığın inkişafina verdiyi töhfələr məndə maraq oyatdı. Bu niyyətlə şəxsimə aid olan həyətyanı torpaqda kicik biznes fəaliyyəti ilə məşgul olmaq qərarına gəldim. İşin başlangıcında Qaradağ Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Azad Nərimanovla Nadir Muradov həyətimə gələrək, məndən rüşvət tələb etdilər. Bildirdilər ki, evimin bir hissəsindən qapı açmaq istəyirəmsə, onlara 2000 AZN pul verməliyəm. Bu qədər pulumun olmadığını deyəndə, rayon polis idarəsinin 7-8 nəfər əməkdaşı ilə birlikdə evimə hücum çəkərək, qapımı sökdülər, məni və ailəmi ağır sözlərlə təhqir etdilər. Mən bildirdim ki, dövlət sahibsiz deyil, bu etdiklərinizi Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva bilsə, nə cavab verəcəksiniz?! Onlara dedim ki, mən dövlət başçısına, Birinci vitse-prezidentə etdikləriniz haqqında şikayət məktubu yazacam. Məni aşagılayandan sonra cavabları belə oldu ki, "get nə edirsənsə et, onsuz da qulaq asan olmayacaq, yenə də bizə möhtac qalacaqsan, onda sənin başına oyun açacağam”. Onlarla gələn polis əməkdaşlarına bildirdim ki, axı sizin vəzifəniz vətəndaşın təhlükəsizliyini qorumaqdır. Onlar bildirdilər ki, "dayı, biz nə edə bilərik, bizə əmr veriblər gedin, biz də gəlmişik”. Həyətimdə məni hədələdilər, təhqiramiz sözlər işlətdilər. Nadir Muradov dedi ki, bu evin qarşısına ağaclar əkəcəm, görüm onda onu kim çıxaracaq. Hansı ki, onun dediyi ərazi mənim evimin qabağıdır. 

Mən məsələni işıqlandırmaq üçün mətbuata müraciət etdim. Şikayətim mətbuatda dərc olunandan sonra Azad Nərimanov və Nadir Muradov mənim haqqımda polisə şikayət etdilər ki, guya mənim hazırda yaşadığım ev qanunsuzdur. Halbuki mənim evimin qəsəbədəki digər evlər kimi bələdiyyə sənədi var. Kommunal xidmətlərdən rəsmi qaydada istifadə edirəm, eləcə də torpaq pulu ödəyirəm. Evimin çertyoju var, həmçinin, dövlət tərəfindən qiymətləndirilib.

Vaxtilə Sizin göstərişinizlə mənim qızıma Səngəçal qəsəbəsində 6 sot torpaq sahəsi ayrılıb. Hətta həmin torpaq sahəsində inşa işləri aparılarkən, Azad Nərimanov üzərimizə hücum çəkərək, bizdən rüşvət tələb etmişdi. Ona bu torpaq sahəsinin Sizin tərəfinizdən bağışlandığını deyəndə isə "heç kim mənim icazəm olmadan burda daşı-daş üstünə qoya bilməz” dedi.

İndi Azad Nərimanov Nadir Muradovla birləşib mənim yaşadığım mənzili sökmək istəyirlər. Mən sadəcə həyətimdə yaratdığım təsərrüfatımı daha münasib formaya salmaq istəyirəm, bu şəxslər isə imkan vermir.

Azad Nərimanov və Nadir Muradov mənim min-bir əziyyətlə tikdiyim evimi "qanunsuzdur” iddiası ilə sökmək istəyirlər. Mən başqa heç bir evim yoxdur, evimi söksələr, övladlarımla, azyaşlı nəvələrimlə çöldə qalacam, Hörmətli Mehriban xanım.

Mənim Sizə müraciət etməkdən başqa əlacım qalmayıb. Sizdən xahiş edirəm ki, mənim üzləşdiyim qanunsuzluğun aradan qalxmasına kömək edir, icazə verməyin ki, illərlə əziyyət çəkib tikdiyim evimi söksünlər, imkan verməyin ki, övladlarım çöldə qalsın. Yeganə pənah aparacağımız yer, yeganə ümidimiz Sizsiniz". шаблоны для dle 11.2
Tarix: 23-06-2018, 09:58




Xəbər lenti