Hikmət Babaoğlu: “Bu gün FETO-çular da, radikal kütlə də içimizdən çıxır”


Bakıda keçirilən Beynəlxalq Media Forumu davam edir. Rəsmi çıxışlardan sonra “Qardaşlıqdan strateji ortaqlığa: Türkiyə – Azərbaycan” paneli başlayıb. İlk olaraq “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu çıxış edib:

“Türkiyə 15 iyul hadisələrindən üzüağ çıxdı, səbəb isə xalqın birlik nümayiş etməsi oldu. Təssüf ki, bu günlərdə Gəncə olaylarını yaşadıq. Heç bir xalq özü özünə bədbəxtçilik gətirməz. Bu kimi ikinci hadisənin altından qalxmağa nə Türkiyənin, nə Azərbaycanın gücü yetməz. Xalqı mənəvi öldürməyə çalışan casuslara qarşı mübarizə aparmaq isə medianın üzərinə düşür. Daha güclü strategiya qurmalıyıq. Öz içimizdən gəncləri elə yetirməliyik ki, bu hadisələrin hazırlanmasına gərəkli olan fərd deyil, onların qarşısını alacaq fərdlər olsun. Bu istiqamətdə Türkiyə və Azərbaycan media mənsublarının birlikdə fəaliyyət göstərməsi sevindiricidir. Media təftiş etməli, sorğulamalıdır. Əgər bunu edə bilmirlərsə manqurtluq yaranır və yayılır”.

Hikmət Babaoğlu qeyd edib ki, bir çox Şərq ölkələrində xoşagəlməz hadisələrin əksəriyyəti din üzərindən aparılır:

“Şiə radikalizminə yozulan Gəncə hadisələrinin də əsli qlobal imperializmin izi açıq aydın görülürdü. Ona görə də mətbuat kütləvi şüura xidmət edir. Bu isə asan iş deyil. Bunun öhtəsindən gəlmək lazımdır. Bu gün FETO-çular da, radikal kütlə də içimizdən çıxır. Bunun qarşısını almaq üçün məqsədyönlü şəkildə çalışmalıyıq ki, qalib gələk”.

Qeyd edək ki, Forum Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, Azərbaycan Milli Mətbuat Gününün 143 illiyi ilə əlaqədar keçirilir. İki paneldən ibarət olan forumda “Axşam” qəzetindən Emin Pazarcı, “Kanal 7”TV-dən Mehmet Acet, “İnternet Haber”dən Hadi Özişık, “Hüriyyət” qəzetindən Deniz Zeyrek, “Akit” qəzetindən Hacı Yakışıklı, “Yenişafak” qəzetindən Hasan Öztürk, “Haber 7”TV-dən İbrahim Erdoğan, “Kanal 24” TV-dən Melik Yiğitel, “Milat” qəzetindən Bayram Zilan, Makedoniyadan Seyhan Yakupi və “Yeni Çağı” Media Qrupunun rəhbəri Aqil Ələsgər də məruzə ilə çıxış edəcək.(Musavat.com)


шаблоны для dle 11.2
Tarix: 21-07-2018, 15:00




Xəbər lenti