Sadəlövh insanın fikirləri


“Hacı, mal tutanlar bilmirsən necə hiyləgərdirlər. Yasavul-qaravul libasında ki, adamın gözünə görükmürlər. Görürsən ki, bəzi vaxt ya palanlı at, ya eşşək minib, bəzi vaxt piyada, yaraqsız-əsbabsız qabağına rast gəlirlər, nə biləsən, deyirsən ki, fəqir yoldan ötəndir”

(Axundov, “Hacı Qara”)

Bugünlərdə sərhəddən keçib ana vətənimizə qayıdarkən çox xoş qiymətləndirmə ilə qarşılaşdım. Öncə qeyd edim ki, dəfələrlə sınamışam, vətənə ayıq başla dönmək çətindir, hətta bəzən mümkün deyildir, ancaq zəruridir. Azərbaycan insanı o dərəcədə məmnun edir! O üzdən həmişə sərhəd keçid məntəqəsindəki vergidən azad dükandan bir butulka spirtli içki alıb bəri üzə adlayıram. Bu kərə gömrükdə çalışan yoldaşla aramızda səmimi, mehribanlıq, dostluq şəraitində keçən dialoq alındı. Deyir bu arağı siz özünüz almısınız, yoxsa sizə veriblər.

Açığı, ilk anda sualı başa düşmədim, hətta müəyyən dərəcədə qorxdum ki, sualın cavabını bilməsəm Azərbaycana girmək imtahanından kəsiləcəyəm. Bəs necə, bizə girmək üçün keçid balı daim yüksək olmuşdur. İstədim dərhal geri, yabanı ölkə tərəfə qaçım, çünki zənn elədim orda pulsuz içki paylayırmışlar, lakin mənim xəbərim olmayıbdır. Ürəyimdə özümü qanunlar çərçivəsində söydüm. Lakin gömrükçü narahatlığıma son qoydu: “Sizin kimi sadəlövh vətəndaşlardan sui-istifadə edən qaçaqmalçılar onlara araq, siqaret və sairə mallar alıb verir, sərhədin bu tərəfinə keçirdirlər, sonra geri alırlar”. Vay səni. Demə belə praktika var imiş. Vətənin südü o qaçaqmalçıların burnundan gələr, inşallah. Eyni zamanda “sadəlövh vətəndaş” tərifindən xoşallandım. Görün Azərbaycan öz insanlarına necə qucaq açır! Onları nə cür əzizləyir, sevir, bağrına basır!

Sözgəlişi, mən həmişə qaz-işıq pulunu ödəyəndə də oxşar hisslər keçirdirəm. Aparatda uyğun kommunal xidmət qrafasını seçirsən, dərhal qarşına azı 2 dənə seçim imkanı çıxır: istəsən “əhali” düyməsini sıx, istəsən “qeyri-əhali”. Orada “adam yerinə qoyulmayanlar”, “kasıb-kusub”, “qara qüvvələr”, “köpəyuşağı” və sairə qrafalar da var. Yəni bizdə demokratik seçkilər elektron formada bir daha özünü göstərir, bu şəraitə görə MSK-ya dərin minnətdarlığımı etiraf edirəm. Nə isə, bax, həmin o seçimlərdə mən həmişə “əhali” düyməsinə basıram və ödənişimi edirəm, kompüter də bunu dərhal qəbul eləyir. Hələ bir dəfə olmayıbdır ki, qurğu “düzgün seçim deyil” yazsın! Əgər dövlətimiz məni əhali, insan qismindən saymasa özümü öldürərəm. Ta nə üçün yaşayırıq?

Belə olan şəraitdə (Amaşovun qara dəftərindəki reket jurnalistlər demişkən), indi yadıma düşdü, Dövlət Sərhəd Xidmətimizin son illərdə ölkəmiz əleyhinə casusluqda suçlanan 128 nəfəri tutub saxlaması xəbəri məyusluq yaradır. Axı bu adamların nəyi çatmır? Pensiya verilir, maşın alırsan, dövlət uşağı sünnət eləməkdən qaçan gəlinləri tutub evə qaytarmağa qədər min cür proqramlar aparır, sən isə belə gözəl ölkəyə qarşı casusluq əməli törədirsən. Ayıb olsun. Deputatlarımızın, məmurlarımızın uşaqlarından utanın. Onlar istirahət mərkəzi düzəldib vergi müfəttişlərimizi döyür, xaricdə dükan-bazar açır, ölkəmizi dünyada tanıdırlar ki, sən axırda şpiyon olasan? Vətən mənə oğul desə nə dərdim!

Hələ bu casuslar dərd yarıdır, bəzi düşmən qüvvələr görürsən maşını çəkələklə sürürlər! Təzəlikcə dövlət yol polisimiz (bizdə idarələr doğma, yaxın olduğundan haqlarında yazanda həmişə “mız, miz, muz, müz”, həmçinin “ımız, umuz, imiz, ümüz” mənsubiyyət şəkilçilərindən istifadə edirik) sürücülərin yay tətili zamanı avtomobili çəkələklə sürməsinin zərərli olduğunu açıqladı. Elə bil bizim ayaqqabı almağa pulumuz yoxdur. Dövlətinə sadiq insanın mərifəti olsa ayağına adam kimi ayaqqabı geyinər.

Zamin HACI
шаблоны для dle 11.2
Tarix: 21-08-2019, 09:10




Xəbər lenti