“Mən yaltaq və rüşvətxor ola bilmədim... - cəzamı kəsin!..” “Sizlərinsə layiqli cəzasını Allah özü verəcək...”

  


“Mən  maddi-fiziki narahatlıq, qismən natəmizlik içində  yaşamağı mənəvi-əxlaqi çirkab bataqlığında lüks həyat sürməkdən üstün tutdum..."
 
Sultan Laçın


...O günləri bir məclisdə  yenə bir neçə “canıyanan” qohum-əqrəba, dost-tanış qəzəbli halda başımıın üstünü kəsdirmişdi. Elə bil, nəsə bunlara qarşı ağır bir cinayət törətmişəm. Deyirlər, yaşın əllini keçdi, o boyda şansları, imkanları buraxdın, bir vəzifəyə-filana gəlmədin ki, bizlərə də bir gün ağlayasan... 

“Ayə, nəinki sənin tayların, həmyaşıdların, səndən 20-25 yaş kiçik savadsızlar, dünənki uşaqlar müdir, rəis, başçı oldu, nazir oldu, amma sən cəmi bir il məktəb direktoru işləyib aradan çıxdın. Heç olmasa, bir-iki il işləyəydin, özünə bir gün ağlayaydın, bir ev alaydın da. 30 ildi, yataqxanada yaşayırsan... Torpaq-zad getdi e, Qarabağ, Şuşa, Laçın, Kəlbəcər getdi... Qayıtmayacaq... Öz dərdini çək. Balalarına, qohum-əqrəbana bir gün ağla. Bu xalqın dərdi elə sənə qalıb?..”- deyə məni top atəşinə tutdular.

Sakitcə cavab verdim ki, ay qardaş, məni 40 ildi tanıyırsız, amma hələ də xarakterimə bələd deyilsiz? Bilmirsiz ki, məndən vəzifə adamı olmaz?..

Yenə susmadılar, başladılar daha şiddətlə qabırğama döşəməyə:  

“Ə, niyə olmur ki, bu vəzifədə olanlar səndən artıqdı, ağlı, dərrakəsi, savadı, mədəniyyəti səndən çoxdu? Sadəcə, bir az dil-fel lazımdı, siyasət, fərasət lazımdı, qağa, fərasət!.. Ayə, tanıdığın babat, yeyib-dağıdan vəzifə sahiblərinin, deputatların qılığına gir, qoysunlar səni bir babat posta,  sən də qoşul onlara, ye-dağıt da... Sən nətər adamsan, ə?.. Sənin savadın bizdə olsa, inan ki, Bakının altını-üstünə çevirərdik... Yekə kişisən, nə vaxta qədər evsiz-eşiksiz maşınsız qalacaq, bir gün görməyəcəksən? Heç olmasa, uşaqlarına yazığın gəlsin!..”

Bu dəfə daha dözməyib mən də bu “canıyananlar”a dişimin dibindən çıxanı dedim:

“Qohumsunuz, tanışsınız... Siz danışdınız, mən dinlədim. İndi də siz məni dinləyin, amma sözlərimdən inciməyin. Gerçək düşündüklərimi deyəcəm... 

Görürəm ki, bundan sonra 50 il keçsə də, sizlər məni başa düşməzsiniz. Çünki dünyaya yalnız ev, villa, kabinet, ofis, maşın pəncərəsindən baxırsınız. Dar, bəsit düşüncəlisiniz, bu dünya həyatının gerçək mənasını anlamırsınız. Həyatda yalnız rahatlıq, yemək-içmək, əyləncə, ləzzət, şəhvət axtarırsınız... Odur ki, halal-haram, necə gəldi pul qazanıb, vəzifəyə-filana yiyələnib “5 günlük dünyada kef çəkməyi” güdürsünüz.  Ona görə daim özünüzü də, övladlarınızı da vəzifəyə çəkməyə çalışırsınız. Bir babat vəzifəli görəndə, az qalırsınız, əyilib ayaqqabılarını yalayasınız. Siz daldada rüşvətxorluqdan, korrupsiyadan, başçılardan, nazirlərdən şikayətlənsəniz də, qəlbinizdə onlar kimi yeyib-talamaq istəyirsiniz.  Siz rüşvətxorlar kimi olmaq istəməklə və onlara yaltaqlanmaqla, yeri gələndə, işinizin aşması üçün çəkinmədən rüşvət verməklə ölkədə korrupsiyanın, bürokratiyanın, özbaşınalığın, azğınlığın, əxlaqsızlığın çiçəklənməsinə şərait yaradırsınız. Bu dünya, bu məmləkət sizin kimi düşünüb yaşayan çoxüzlülərin, münafiqlərin, yaltaqların ucbatından bu gündədir. Yoxsa, tezliklə korrupsioner şəbəkənin də sonuna çıxarıq, Qarabağı da azad edərik... Mənə gəldikdə, sizin mənə qətiyyən canınız yanmır. Siz yalnız özünüzü, uzaqbaşı, övladlarınızı düşünürsüz. Yəni istəyirsiz ki, mən də hər hansı bir vəzifəyə keçib özümdən yuxarıdakı rüşvətxor, yaltaqlara yaltaqlanam, əlimin altındakı fağır-fuğaradan rüşvət toplayıb onlara  verəm və bu  minvalla “qabağa gedəm”. Sizlər də yığışasız başıma, sizləri də yemləyəm və “qabağa çəkəm”... Bir sözlə, kasıb-kusubun qəpik-quruşunu əlindən alıb ağlada-ağlada özümə də, qohum-əqrəbaya da “bir gün ağlayam”... 

Yataqxanada yaşamağıma gəldikdə, bəli, siz dediyiniz “fərasət” məndə olmadı, on illərlə halal müəllim, jurnalist qazancı ilə yaşadım, daim yalan, rüşvət, yaltaqlıq, ikiüzlülük olan işlərdən mümkün qədər uzaq durmağa çalışdım. Mən  maddi-fiziki narahatlıq, qismən natəmizlik içində yaşamağı şər, mənəvi-əxlaqi çirkab bataqlığında villa, saray tikməkdən, bahalı maşınlar alıb lüks həyat sürməkdən üstün tutdum. İkincisi də, didərginlik illərində fikrim-zikrim Qarabağda, Laçında, Şuşada qaldı, o yurdlar ermənidə ikən bu qərib yerlərdə yurd-yuva qurmağa əlim də açılmadı... 

Onu da bilin ki, kişilik yalnız evi, maşını olmaqla ölçülsəydi, indi Bakıda, xaricdə onlarla evi, villası olan korrupsioner kişilər(?) torpaqları çoxdan azad edərdi. Aygünlərın da, röyaların da, toliklərin də, samirlərin də evi, maşını var...  Və bizim kimi düşünən evsizlər, pulsuzlar, vəzifəsizlər, özlərini belələrindən qat-qat ucalıqda görür...

Amma siz istəyirsiniz ki, mən puldan-paradan, vəzifədən, evdən, maşından, müftə kababdan, eyş-işrətdən ötrü öz ruhumu, azadlığımı satıb Allahdan üz döndərim, onun düşmənləri qarşısında alçalım, onlar kimi alçaq, münafiq, çoxüzlü, yaltaq, vicdansız, əxlaqsız, rüşvətxor olum... 

Bilirəm, dediklərim sizə çatmayacaq və yalnız  o dünyada, Axirət günündə gerçəkləri anlayacaqsınız. Onda da çox gec olacaq... 

Xülasə, ay  “canıyananlarım”, birdəfəlik bilin ki, mən yaltaq və rüşvətxor ola bilmədim və inşallah, bundan sonra da ola bilməyəcəm. Artıq on illərdir ki, bu haqsız qınaqlarınızla  məni bezdirmisiniz. Hər görəndə mənə sanki qatı bir cinayətkar kimi baxırsınız.  İndi sizin qarşınızda  nə günah elədiyimi, hansı maddələrlə cinayət etdiyimi deyin və cəzamı kəsin ki, ürəyiniz soyusun... Amma onu da bilin ki, sizin kimi düşünüb yaşayanların və dəstək verdiyiniz korrupsioner, rüşvətxorlar, azğınlar şəbəkəsinin layiqli cəzasını, inşallah, həm bu dünyada, həm Axirətdə Uca Yaradan özü verəcək!.. O günün gələcəyinə qəti şübhəm yoxdur...

Allah özü ruhumuzu, azadlığımızı qorusun!.. 

Sultan Laçın 
шаблоны для dle 11.2
Tarix: 21-09-2019, 09:13




Xəbər lenti