Müəllimlərin kassa hesabı

 

“Ay uşqol, ay uşqol, axı mənim uşağıma çəyirtgənin qulağını bilm?k nə lazım və nəyin? lazım olacaq? Sən bu zəhrimar ç?yirtg?y? bir çar? tap ki, qırılsın r?dd olsun; h?r il bir d?f? g?lib taxılımızı yem?sin v? bizi ac qoymasın”.

(Mirzə Cəlil, “Danabaş kəndinin məktəbi”)

Oğrular bir yeri soymaq istəyəndə ilk növbədə müşahidə kameralarını sıradan çıxarırlar. Mətbuat, kütləvi informasiya vasitələri hər bir millətin, xalqın müşahidə kameralarıdır. Əgər sənə belə kamera lazım deyilsə, başqa kameralarda oturmağa hazır olmalısan. Düzü heç bilmirəm bunu niyə yazıram, kimin üçün yazıram. Axı bizdə informasiya vasitələrinin hər hansı problemi yoxdur. Əlbəttə, dünyanın dərdini çəkməliyik. Banqladeşdə avtobus aşıbdır. Ermənistan həmişəki kimi boşalır. Avstraliyada isə bir kenquru balası yanğından xilas olunmuşdur. Əflatun bəyə də jurnalistlər adından dərin minnətdarlığımızı bildiririk ki, o, deputatlığının son akkordunda baş nazirə müraciət yazıb qəzet kağızına əlavə dəyər vergisinin ləğv olunmasını arzulamışdır.

Vergi demişkən, çoxdandır poçtumda Füzuli rayonundan müəllim Murad Əhmədbəylinin məktubu yatır, gecikdirdiyim üçün üzr diləyib, məzmunundan xəbər verirəm. Murad bəy yazır: “Dədə-babadan biz çox vergi adları eşitmişik. Məsələn, töycü, zəkat, xüms və sairə. Amma indi bunlar yoxdur. Çoxunun adı və forması dəyişdi. Müstəqillik əldə etdikdən sonra yeniləri yarandı. Hər rayon özünə görə xalqdan (büdcədən maaş alanlardan) vergi toplayır. Nə olar, vergi pis şey deyil. Dövlətin gəlirinin elə yekəsi vergidir. Necə ki, dədə-babamız verib, biz də veririk. Amma bir vergi var, bunun adı bizi çaşdırır: kassa hesabı vergisi. Bu vergi növü ancaq bizim Füzuli Təhsil şöbəsinə məxsusdur. Bunu yaradanlar baş sındırıblar. Elə iş icad ediblər ki, nazir dəyişdi, təhsil şöbəsinin müdiri dəyişdi, Region gəldi, amma bu vergini dəyişmədilər. Bizim dövlətdə belə vergi yoxdur. Bəs bu nə olan işdir? Füzulidə 80-ə yaxın orta məktəb var. Hər məktəb 200 manatdan bu ”vergini" yığıb, təhsil şöbəsinə verir". Murad bəy yazır ki, müəllimlər bir az bu mövzuda deyinəndən sonra şöbədən başqa adam xəbər yollayıb, deyib, 100 manatdan yığın, gətirin, bəs eləyər. Ancaq məktubun ən maraqlı hissəsi təklifdən ibarətdir: “Biz sizdən xahiş edirik, hökumətə arzumuzu çatdırın. Qoy o pullar müdafiə fonduna keçirilsin və tank alınsın. Tankın üstünə ”Füzuli müəllimlərindən" yazılsın. Qonşu rayon müəllimlərinin bağrı çatlasın". Müəllimlər bu təklifi müzakirə edərkən Əli müəllim adlı biri deyib, bu iş alınan deyil: “Ağlınız olsun, mayası rüşvətlə, ah-nalə ilə qoyulan tank düşmənə güllə atmaz, atsa da elə güllə gəlib töküləcək bizim başımıza”.

İndi problem həll edilməmiş qalır. Füzuli müəllimləri öyrənmək istəyir bu “vergidən” canlarını necə qurtara bilərlər: “Məktəbin borcudur ipəkqurdu saxlasın, pambıq becərsin, ali məktəbə girən tələbələrə hədiyyə almaq üçün pul yığsın, nazirliyə mələməmiş quzu, qapı toyuğu, yumurtası, yuxa, camış qatığı və daha nələr toplasın. Ancaq bu kassa hesabı vergisi nədir, anlamırıq”.

Məktubda rüşvəti topladığı iddia edilən konkret şəxslərin adı da var idi, lakin mən sübutlarım olmadığı üçün burada yazmıram. Ümid edirəm, əlaqədar orqanlar araşdırıb Füzuli rayon müəllimlərinə başqa yeni vergilər də tətbiq edərlər. Misal üçün, şagird sığortası vergisi. Hələ bundan qabaq bir şayiə də buraxmaq olar ki, hansı müəllim şagirdin dırnağını sığorta eləməsə, onu dəhşətli cərimə gözləyir. Yaxud, riyaziyyat müəllimlərinə həll edilməmiş tənlik vergisi, coğrafiya müəllimlərinə cırıq qlobus, ana dilindən dərs keçənlər ata şapalağı vergiləri, biologiya üzrə pedaqoqlara meymundan əmələ gəlmək vergisi və sairə tətbiq edilsə dövlətçiliyimiz üçün müsbət nəticələrə gətirər.

Buna oxşar şeyləri biz Bakıda görmüşük. Ev sığortası cəriməsi şayiəsini buraxıb camaatı necə qorxutmuşdularsa, hətta evsizlərin ürəyi getmişdi. Çünki bizdə tarixən qulağı kəsəndən sonra sayıblar. 

Tarix: 15-01-2020, 08:30




Xəbər lenti