Ramiz Mehdiyevi sevənlərin bugünki sədaqət nümunəsi - Sabiq deputat yazır

 


Eldar Sabiroğlu

Əslində yazdıqlarımdan özüm tam razı deyiləm. Oxucu necə razı qalsın? Ağır və əzablı bir həyatın tən ortasındayam! Çox çətindir. Nə vaxtadək şəxsimi aldatmaq imkanını özümdə saxlaya biləcəyəm? Qalmışam qırıla-qırıla… Hayana dönürəmsə, ürəkaçan bir şey görmürəm. Məsələn, “Küləkli şəhər” adlı memuar əsərimi çoxdan bitirsəm də, lakin çapına tərəddüd edirəm. Sanki məngənə arasına alıb məni sıxdıqca sıxırlar. Əsərdə 1988-ilin siyasi təlatümlərindən tutmuş 2019-cu ilin mart ayına qədərki dövrün hadisələri qələmə alınmışdır.

Zamanın tərs və ədalətsiz şapalaqlarını az almadım. Ona görə də bölüşmək istədiyim, ancaq bölüşə bilmədiyim fikir və həqiqətlər içimdə mənə qarşı çevrilərək haqlı və sərt suallarla imtahana çəkir. Suallar güzəşt tanımır, məni qorxaqlıqda və daha nələr görməlisən ki, cəsarət damarın bildiklərini hərəkətə gətirsin, deyə ittiham edirlər. İradların həddini aşdığı hallar da olur. Ədalətli tənbehlərin olduğunu da etiraf etmək zorundayam.

Başqalarına baxanda mənim işlərim ikiqat ağırdır. Həm də evimin içində ciddi bir müxalifətlə qarşı-qarşıyayam. Mənə özgə müxalifət gərək deyil. Rüfət kifayət edir. Lakin buna baxmayaraq aparıb yapışdırırlar Əl İnsanova. Yoxlasınlar dövlət orqanları, əgər kiçik bir əlaqəni müəyyən etsələr, başımı erməni qibləsinə kəlmələri onlara halaldır. Əks halda bu murdarçılıqlara son verin.

Keçmiş müstəntiqlə ictimai-siyasi, sosial məsələlərlə əlaqədar müzakilərələr apararkən yenə fikir ayrılıqlarımız olur. Əlinə indi təzə bir girəvə düşüb. Müdafiə etdiyim hökumətin mənə göstərdiyi pislikləri, söyənlərin isə başa keçirildiyi barədə tez-tez xatırlatmalar edir. Bəzən cavab verməyə çətinlik çəkirəm. Və başlayır gülməyə. Hörmətli hökumətim, vəziyyət bax belədir.

Qarmaqarışıq proseslər o qədər qəlizləşib ki, bəzən yamanlıqla yalanı, qərəzlə doğrunu seçmək olmur və qalırsan iki suyun ortasında. Sahilə necə çıxacağını müəyyən edə bilmirsən. Bu gün nazirə, PA-dakı hər hansı vəzifəli şəxsə, icra başçısına çəmkirməyin sorğu-sualı prezidenti tənqid etməkdən daha ağır, daha təhlükəlidir. Onlar ləkəni daha tez yapışdırırlar.

İzləyirəm hazırkı siyasi prosesləri. Kimlər siyahıdadır, kimlərə etimad göstərilir?! Deputat var ki, 20-25 ildir oturub Dağüstü parkda. Bir dəfə olsun səsini əzan səsinə qatıb, “düşmənin fatihəsini” oxumayıb. İndi təzədən adını salıblar siyahıya. Necə ola bilir bu!? Müəmmalarla dolu bir zaman alıb qucağına bizi aparır haralarasa! Qeyd edim ki, siyasi sistemin tələbləri başqadır və mən də bu konteksdən çıxış edərək öz yanaşmamı ortaya qoyuram. Yaxud bir xanım deputat var. Dünyada ayaq basmadığı yer qoymayıb. Ancaq müxalifət haqda bir kəlmə sözünü eşitmədik.

O məşəqqətli günlərdə döyülüb-söyülənləri və əsl sədaqət örnəyi nümayiş etdirənləri göz önünə gətitdikcə hallarına acıyıram. Demək, belə lazımdır. Nə yan, nə yaxıl, otur evində, səsini də çıxarma!

Bir sözlə, hakimiyyətin mahiyyətini, ümumiyyətlə, fəlsəfəsini anlaya bilmədiyimdən altını indi çəkməyə məcburam. Bir də axı necə ola bilərdi ki, söyüm, təhqir edim, sonra da gəlib iqtidarla bir sırada dayanım? Həyasını-abrını itirən adam buna gedə bilər.

Hələ bir Zınqırovlu adam var. Ramiz Mehdiyevi tənqid etdiyimə görə mənim partiyalılığımı inkar etdi, hətta hərbi sirləri ermənilərə satmaqda günahlandırdı, oğlumu və məni xalq düşməni adlandırdı, lakin vaxtı ilə Heydər Əliyevi təhqir edən, aşağılayan, alçaqcasına yazıları ilə məşhur olan birisinin indi namizədliyini müdafiə edir, özü də YAP rayon təşkilatı ilə birlikdə. Bəlkə əsl sədaqət belə olurmuş… Vaxtında gözümüz kar, qulağımız kar, dilimiz lal olduğundan həqiqətlərin haralarda yuva qurduğundan xəbərimiz olmayıb?

Şikayətlənməyin artıq bir mənası, təsiri qalmayıb. Yuxarıda sevmirlər beləsini. Başını sal aşağı, işin varsa işlə, ya da evinin bir küncündə qaxıl otur, təsbehini çək. Bundan gözəl məsləhət!

P.S. Çoxdandı sosial şəbəkələrdə deyidim. Başım bir qədər dincəlmişdi. İki gündür Gözəlim Azərbaycandayam. Yenə başıma göydən duman tökülür… İçimlə mübarzədəyəm və qalib daxilimdə baş qaldıran üsyan səsidir!!!!

шаблоны для dle 11.2
Tarix: 21-01-2020, 21:28




Xəbər lenti