"Ərdoğan heç zaman "kürd kəndiri"ni öz boğazına keçirməz..."

"Ərdoğan heç zaman "kürd kəndiri"ni öz boğazına keçirməz..." Bərzani yenidən Ərdoğanla barışmaq üçün dəridən-qabıqdan çıxır. Sizcə vaxtilə Suriya məsələsində inadından dönən Ərdoğan Bərzani ilə də hansısa cəlbedici şərtlər daxilində "dil" tapa bilərmi? Türkiyə Bərzanini əfv etsə nə qazanar, nə itirər?

Moderator.az-ın əməkdaşı bu suallarla tanınmış politoloq Cümşüd Nuriyevə müraciət edərək aşağıdakı cavabı alıb:


"Əgər Ərdoğan Bərzani ilə danışıqlara getsə, bu, həm Türkiyəyə və həm də Ərdoğana böyük bəlalar gətirər. Əvvəla, Türkiyə saxta referendumun nəticələrini tanımış olar, çünki danışıqlara rəvac vermək Kürd tərəfini yeni dövlət qurumu kimi tanımaq deməkdir. İkincisi, Türkiyə yenicə istiləşməyə başlayan İran və İraqla olan münasibətləri korlamış olar. Üçüncüsü, Kataloniya referendumundan sonra dünyada gedən proseslərə sayğısızlıq göstərmiş olar və bu danışıqların başlanması Dağlıq Qarabağ probleminin həll olunması proseinə ciddi əngəl törədər. Ermənistan çoxdan belə bir bir presedenti gözləyir. Bu halda Türkiyə Azərbaycanı çətin durumda qoya bilər ki, bu da inandırıcı deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının D-8 sammitində iştirakı zamanı etdiyi məruzə göstərdi ki, bu iki qardaş dövlətin münasibətləri tamamilə fərqli müstəvidədir. Dördüncüsü, ABŞ - ın yenidən Türkiyəni aldadaraq İŞİD-dən azad olunan Rakka şəhərini tələm-tələsik PKK-ya təslim etməsi əslində elə Türkiyənin federallaşması planının tərkib hissəsidir. Çünki strateji tərəfdar olan bir dövlətin terror təşkilatı kimi qeydə aldığı PKK-ya siyasi qucaq açması xəyanətdən başqa bir şey deyil. Odur ki, Ərdoğanın bütün şirnikləndirici şərtlər daxilində Bərzani ilə razılaşması inandırıcı deyil, çünki R.T.Ərdoğan təsadüfi siyasətçi deyil. O, heç zaman "kürd kəndirini" öz boğazına keçirməz. Deməli, Bərzanin bu təklifi ABŞ-ın MKİ tərəfindən hazırlandığı üçün onu Ərdoğan qəbul etməyəcək".
Tarix: 21-10-2017, 22:51




Xəbər lenti