TÜRKİYƏ DAHA ABŞ və NATO-nu DİNLƏMİR:“Triumf” Putinlə Ərdoğanı hara aparır? – Təhlil

TÜRKİYƏ DAHA ABŞ və NATO-nu DİNLƏMİR:“Triumf” Putinlə Ərdoğanı hara aparır? – Təhlil İrina Corbenadze

rosbalt.ru, 16.11.2017



Türkiyə Rusiyadan müasir zenit-raket kompleksi almaqla işarə vurub ki, onun üçün Qərbin diktəsi bitib. Lakin bu, hələ Ankaranın Moskva hərbi-siyasi düşərgəsinə keçdiyini bildirmir.


Baş verdi: bəzi bazarlıqdan və süründürməçilikdən sonra Türkiyə Rusiyadan “Triumf” S-400 zenit-raket kompleksi (NATO kodlaşdırması üzrə Growler – “Deyingən” deməkdir) əldə edildiyini rəsmən bəyan edib. "Anadolu" agentliyi Türkiyə müdafiə naziri Nurəddin Canikliyə isnad edir: “S-400 ZRK əldə edilib… Lakin biz əldə edilənlə kifayətlənmək niyyətində deyilik və ölkənin istehsal obyektlərinin inkişafına istiqamətlənmişik. HHM sistemləri Türkiyənin özündə, müəssisələrində hazırlanmalıdır”.

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Rusiya ilə hərbi-texniki əməkdaşlığın daha geniş planlarını səsləndirib. Türkiyə KİV-lərinin məlumatına görə, “hörmətli Putinlə” danışıqlar S-400-lə bitməyəcək və söhbət Ankaranın hazırlanmaqda olan “Ptometey” S-500 komplekslərini əldə etməsindən gedir, çünki Amerikanın “Patriot” sistemləri “artıq dünyada dövriyyədən çıxır”.

İlkin məlumatlara görə, Türkiyə S-400-ə görə ortaya 2 milyard dollardan çox qoyacaq. Komplekslər 400 km radiusda aviasiya, saniyədə 4,8 km sürətlə uçan qanadlı və ballistik raketləri, həmçini yerüstü obyektləri məhv etməyi bacarır.

Ümumiyyətlə, Türkiyə HHM vasitələri Rusiyanın hesabına daha etibarlı və müasir olacaq. Lakin RF-nin bu işə qatılması ABŞ və NATO-da qəzəb doğurub – ona qədər ki, Amerikanın demokrat senatoru Ben Kardin Rusiyanın S-400-lərini əldə etdiynə görə Türkiyəyə qarşı sanksiyaların tətbiqi və NATO-ya bundan sonrakı üzvlüyü haqda düşünməyi təklif edib. Amerika mətbuatının məlumatına görə, senator bildirib ki, sövdələşmə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar rejimini pozur.

Amma bu, Ankaranı qorxutmayıb. Türkiyə baş naziri Binəli Yıldırımın bəyanatına görə (“Hurriyet” ondan sitat gətirir), S-400 sistemlərinin əldə edilməsi “üstünlük vermə” sahəsinə aid deyil, “zərurətdir”. Axı nə NATO dövlətləri, nə ABŞ-ın özü Türkiyə hava hücumundan müdafiəsinin təkmilləşdirilməsinin qayğısına qalıb, nəticədə ölkə Suriya ərazisindən buraxılmış 71 raketi məhv edə bilməyib, 29 nəfər həlak olub.

“Biz NATO-dan imtina niyyətində deyilik. – Türk baş nazir izah edib. – Lakin müasir HHM sistemlərinin olmadığı səbəbindən Rusiya ilə əməkdaşlığımız zəruridir”.

ABŞ və NATO nədən Türkiyəyə müasir hava hücumundan müdafiə sistemlərinin tədarükündən imtina edib və indi niyə belə mərəkə qoparıblar? Axı alyansın başqa ölkələri də, məsələn, Yunanıstan da Rusiya HHM sistemlərindən istifadə edir. Lakin Türkiyə tamamilə başqa bir “opera”dır. Afina NATO-ya yetərincə tabedir, amma, budur, Ankara artıq deyil. Rusiya ilə kəskin yaxınlaşma, ona qarşı tətbiq edilən sanksiyalara etinasızlıq, Türkiyənin, ola bilsin, ötəri olsa da, Rusiya ilə alyansda qərarlaşdığı Suriyada durum Ankaranın xarici siyasət kursunun dəyişdiyindən xəbər verir. Bu isə təşvişli siqnaldır.

Yəni Türkiyə ABŞ və NATO-ya qeyd-şərtsiz tabe olmağı tərgidib (səbəblərdən aşağıda danışılacaq) və Suriyanı, S-400-ləri istismar üçün mütəxəssislər hazırlanması, Ərdoğanın həm də S-500-lər əldə etmək niyyəti, həmçinin tərəflərin hələlik səsləndirilməmiş başqa hərbi-texniki planları nəzərə alınsa, daha çox Rusiya ilə uzunmüddətli hərbi-texniki əlaqələr qurur.

Lakin effektivlik və təhlükəsini Vaşinqtonun özünün də etiraf etdiyi təkcə S-400-lər də kifayətdir. Hesab edildiyi kimi, bu sistemlərin analoqu yoxdur, gerçək müdafiə imkanlarını isə təmin edir. Ola bilsin, bu son durum ABŞ-ı daha çox rahatsız edir – o, artıq Türkiyədə də “qayda-qanun” yaratmağa hazırlaşırmı? Buna görəmi ona özünün HHM sistemlərini satmayıb? Ya Vaşinqton, sadəcə, Ankaraya etibar etmir? Lakin bu cür inamsızlıq onu Moskvanın ağuşuna itələyir. Yəni amerikalılar NATO üzrə öz müttəfiqlərinin HHM sistemləri əldə etmək tələbatını ödəmədən faktiki olaraq Rusiyaya hərbi-texniki tərəfdaş bağışlayıb və onun silah satışı bazarını genişləndiriblər. Üstəgəl, Ankara siyasi baxımdan Vaşinqtona dolab gəlmək imkanı əldə edib (siz bizim üçün qanun deyilsiniz, elə özümüz də pis deyilik), eyni zamanda Rusiya ZRK-lərini reklam da edib.

Ərdoğan “sadəlövhlüklə” sual edib: “Bəs, əslində, Rusiyanın S-400-lərini almaq bu qədər rahatsızlıq törədib? Bütün ölkələr öz təhlükəsizliklərini təmin etmək üçün tədbir görür. Biz oxşar xahişlə Amerikaya dəfələrlə ağız açmışıq, amma hədər çıxıb”.

O ki qaldı S-400-lərin NATO HHM sistemləri ilə inteqrasiya olunmadığına – Vaşinqton bunu özəl vurğulayır – Ərdoğan Rusiya S-300-lərindən faydalanan Yunanıstanı xatırladıb.

Bir sözlə, o, nəinki alyans üzrə müttəfiqinə effektli HHM sistemi satmaqdan imtina edən, həm də “ən qatı düşməni” – ABŞ-da yaşayan, Ankaranın iddia etdiyi kimi, ardıcılları Türkiyədə dövlət çevrilişi təşkil etməyə çalışan islam vaizi Fətulla Güləni də verməyən amerikalıları duzlayaraq məqsədinə nail olub. Buna əlavə olaraq, Ərdoğan bədnam “kürd məsələsi”ndə ABŞ-ın mövqeyini, həmçinin prezident Trampın “mötədil” deyilən, gerçəkdə Türkiyənin himayə etdiyi Suriya müxalifətinə yardımı yığışdırmasını bağışlamağa meylli deyil.

S-400 əldə etmək kontekstində Türkiyə üçün NATO-nun “ulduz”u batıbmı” və işlərin indiki durumu bildirirmi ki, Ankara tamamilə Moskvanın hərbi-siyasi düşərgəsinə keçib? Güman etmirəm, çünki alyansın bütün dövlətləri ilə dalaşmaq Ərdoğana əl vermir – xüsusən də Türkiyə siyasətində onları “Rusiya amili”ylə şantaj etmək və uyğun olaraq AB, ABŞ və NATO tərəfindən özü üçün müəyyən qədər “anlamaya” nail olmaq imkanına görə.

Ərdoğan “Triumf”ları əldə etmək əhvalatıyla isə “kollektiv Qərb”ə eyham vurub ki, alternativ Rusiya silah bazarına çıxıb və madam keçmiş dostlar onun ölkəsinə qarşı bu cür “vicdansızlıq” göstərdisə, orada möhkəmlənmək niyyətindədir. Və yuxarıda deyildiyi kimi, ümumiyyətlə, Türkiyə öz hərbi texnikasının istehsalına yönlənib və Rusiya bu mənada müəyyən şərtlərlə “daha səxavətli” çıxa bilər.

Düzdür, Rusiyanın “qəlb genişliyi”nin də öz həddi var, buna görə də zaman keçdikcə Ərdoğanı bəzi məyusluqlar gözləyir. Axı Moskva mütləq əmin olmalıdır ki, onun texnologiyaları Türkiyədən o yana getməyəcək. Əslinə baxılsa, Türkiyənin özü də maraqlı olmalıdır ki, texnologiyaların NATO-ya “sızması” (və yaxud ötürülməsi) perspektivdə onun təhlükəsizliyində əks olunmasın. Axı Qərb yuxuya gedir və başında “öz oğlanları” duracaq Türkiyəni Ərdoğansız görür.

Türkiyə prezidenti indi isə at belindədir: zarafat gəlməsin – ABŞ və NATO-ya tabe olmamaq, inadla suveren siyasət yürütmək, Vaşinqton və Türkiyənin üzvlüyündən imtina etmiş AB-nin əsəbləriylə oynamaq və vaxtı çatana qədər bunun cəzasını çəkməmək.

S-400 sövdələşməsi və cari Rusiya-Türkiyə münasibətləri, ən azı, Yaxın Şərqdə qüvvələr tarazlığını ciddi şəkildə dəyişə bilər – axı Türkiyə indiyədək tamamilə NATO-ya tabe idi. Lakin Ankara, çətin ki, Rusiyaya onun əl-qolunu bağlamaq imkanı verər – o, öz seçimi ilə tərəfdaşlarla “azad uçuş” imkanına malik olmağa üstünlük verəcək: Ərdoğan həmişə burnuinu siyasi küləyə sarı tutmağa çalışıb və bu cür vərdişdən imtina etməyəcək. Burada yüngül şantaj, orada razılaşma, daha haradasa sövdələşmə, amma çox güman ki, heç bir qüvvə mərkəzinə qeyd-şərtsiz bağlılıq olmayacaq.

Ərdoğan siyasi konyunkturanın ifadəli fiqurudur, amma heç də oyuncaq deyil. Və kəlləsini “”kuklaoynadanlar”ın ilgəyinə soxmaz.

Tərcümə Strateq.az-ındır.
Tarix: 18-11-2017, 08:50




Xəbər lenti