Türkiyə seçim qarşısında: Lirə, yoxsa silah?


Türkiyə seçim qarşısında: Lirə, yoxsa silah?

Türkiyə lirəsi dollar qarşısında yenidən ucuzlaşıb.

Keçən həftə türk lirəsi qarşısında 1.9 faiz dəyər itirən dolların məzənnəsi yeni həftəyə 5.18 səviyyələrindən başlayıb. Hazırda Dollar/TL məzənnəsi, istehlakçı qiymətləri indeksinin noyabr ayında proqnozdan çox gerilədiyinin açıqlanmasının ardından 5.14 səviyyələrini gördü. Daha sonra məzənnə 1.9 faiz artımla 5.28 səviyyələrinə qalxdı.

Analitiklər bildirirlər ki, türk lirəsinin yenidən dollar qarşısında dəyərdən düşməsi Mərkəzi Bankın dekabr ayında faiz endirəcəyi gözləntiləridir. Türkiyə Mərkəzi Bankı (TCMB) sərt pul siyasəti mövqeyini dəfələrlə xatırlatmasına baxmayaraq bazarda bir aylıq inflyasiya göstəricisi ilə Mərkəzi Bankın faiz endirəcəyinə dair  gözləntilər yaranıb. Türk lirəsi noyabr ayını dollar qarşısında 7 faizə yaxın dəyər qazanmaqla başa vurub.

Qeyd edək ki, analoji ucuzlaşma ABŞ-ın Türkiyənin iki nazirinə sanksiya tətbiq etməsindən sonra da müşahidə edilirdi. ABŞ Türkiyəyə nota verib yenidən lirə ucuzlaşıb. Məlum məsələdir ki, sanksiya Türkiyəyə məhz C-400-ə almamasına görə tətbiq olunur.

Maraqlıdır, bu halda Ərdoğan Rusiyadan aldığı C-400-lərdən imtina edə bilərmi?

Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə bildirib ki, ABŞ və Türkiyə arasında son dövrlərdə artıq dollar NATO ordusundan, PYD/PKK/YPG-dən daha artıq təzyiq vasitəsinə çevrilib: “Bu, Vaşinqtonun çox güclü silahıdır. Terror bir ərazidə baş verir, uzağı onlarla insanın ölməsinə səbəb olursa, dolların bahalaşması, lirənin ucuzlaşması hər bir Türkiyə vətəndaşının gündəlik həyatına çox böyük təsir göstərir. ABŞ siyasi texnoloqları bunu yaxşı bilir və bu üsuldan da geniş istifadə edirlər. Ərdoğanın siyasətinə diqqət yetirdikdə, onun praqmatik siyasətçi kimi ABŞ həmlələri qarşısında adətən geri çəkilməsə də, bəzən buna məcbur olduğunu görürük. Ərdoğan ABŞ-ın, Pentaqonun, İraq və Suriyanın şimalında Türkiyə ilə sərhədində Aralıq dənizinə çıxışı olan zolaq yaradıb orada Pentaqonun hərbi baza yerləşdirməsinə və həmin ərazini kürdlərin nəzarətinə qarşı Afrin əməliyyatı həyata keçirən prezidentdir. Lakin o, Çindən silah ticarəti barədə danışıqlara başlayan zaman ölkəsində Gəzi parkı hadisələri başladı. Bunun qarşısında o, geri çəkilib başqa silah satan ölkələrə üz tutmağa məcbur oldu. 2016-cı ilin iyulunda çevriliş cəhdi oldu və s. Bunların qarşısında o, yenə də hər halda müqavimət gücünü saxlamağı bacardı”.

Politoloq qeyd edib ki, rahib Brunsonun azad olunması istisna olunmaqla, ümumilikdə Ərdoğanın geri çəkildiyini göstərən çox az hadisəni xatırlaya bilərik: “Nəzərə alsaq ki, ABŞ Konqresi özü Türkiyəyə silah satışı məsələsini dayandırmağı təklif edib, Türkiyəni anlamaq çətin deyil. Ərdoğanın S-400-lərdən imtina edib-etməyəcəyi təkcə silah alışı məsələsi deyil, bu, Orta Şərqdə ABŞ-ın planlarının necə həyata keçirilməsindən, Türkiyənin ərazi bütövlüyünə olan münasibətindən, rəsmi Ankaranın özünün Rusiya və İranla olan müttəfiqlik münasibətinin necə davam edəcəyindən və bir çox başqa amillərdən asılıdır”.

Nəzakət Məmmədova xüsusilə qeyd edib ki, Menbiçdə ABŞ-Türkiyə razılaşmasının hansı formada davam edəcəyi bu prosesə bilavasitə təsir edəcəkdir: “Çünki S-400, yaxud bir ölkənin digərindən silah alması təkcə silah ticarəti razılaşması deyil, bu, həm də siyasi, iqtisadi, strateji əhəmiyyəti olan hadisədir. Odur ki, Türkiyənin S-400 almaqdan imtina etməsi Rusiya ilə ümumi strateji maraqlara zərbə vuracaqsa, Türkiyə bunu etməyəcək. Yox, əgər ABŞ-la münasibətlərin perspektivi üçün Vaşinqton daha yaxşı təkliflərlə çıxış edəcəksə və əvvəllər olduğu kimi ABŞ-la strateji münasibətlər Türkiyənin milli maraqları üçün Rusiya ilə taktiki müttəfiqlikdən daha uyğun olacaqsa, Ərdoğan S-400  sistemlərindən imtina edə bilər”.

Yeganə Oqtayqızı

шаблоны для dle 11.2
Tarix: 6-12-2018, 08:40




Xəbər lenti