Amerika və İran arasında “boğaz davası”


Və ya dünya ticarətində hələ də həlledici rola malik dəniz boğazları haqda nə bilirik?

İran prezidenti növbəti dəfə Hörmüz boğazını bağlayacağı ilə hədələyib. Həsən Ruhani bildirib ki, ABŞ Tehranın neft ixracının qarşısını alsa, dünya üzrə su yolu ilə neftin üçdə bir hissəsinin daşındığı Hörmüz boğazını bağlaya bilər.

Sitat: “Əgər bir gün Birləşmiş Ştatlar İranın neft ixracını blok etmək qərarına gəlsə, İran körfəzindən neft daşınmayacaq”.

Həsən Ruhani həmçinin qeyd edib ki, Amerika Birləşmiş Ştatları İranın xam neft ixrac etməsinin qarşısını ala bilməyəcək. Bununla bağlı Tehranın artıq bir sıra uğurları var. İran hökuməti embarqolardan öncəki neft satışı həcmini qoruyub saxlaya bilib.

Qeyd edək ki, bundan öncə də İran prezidenti ABŞ-ı və dünya ölkələrini Hörmüz boğazını bağlayacağı ilə hədələyib.

Ancaq maraqlıdır ki, ABŞ-ın İranla bağlı siyasət üzrə xüsusi nümayəndəsi Brayan Huk Ruhaninin təhdidlərinə əhəmiyyət verməyərək, Tehranın Hörmüz boğazına nəzarət etmədiyini bildirib. “Amerikanın səsi”nin məlumatına görə, Huk deyib ki, “Boğaz beynəlxalq su yoludur. Birləşmiş Ştatlar naviqasiya azadlığını və beynəlxalq sularda azad ticarəti təmin etmək məqsədilə tərəfdaşlarımızla birgə işi davam etdirəcək”.

Ancaq rəsmi Tehran savaş olacağı və neft satışı tamamilə məhdudlaşdırılacağı təqdirdə nəzarət etdiyi Hörmüz boğazını bağlaya biləcəyi ilə hədələyir. Ümumiyyətlə isə dünyada nəqliyyat hər nə qədər yüksək səviyyədə inkişaf etsə də, dəniz yolları hələ də ən böyük yükdaşıma vasitəsi hesab olunur. Hər gün milyonlarla ton xammal və ya hazır məhsullar dəniz nəqliyyatı ilə müxtəlif ölkələrə daşınır. Və təbii ki, planetin 70 faizini təşkil edən su hövzələri ucsuz-bucaqsız dəniz yolları yaratsa da, planetin bir neçə mühüm dəniz boğazları var ki, qitələri ayırıb, dənizləri, okeanları birləşdirməklə su nəqliyyatında mühüm rol oynayır.

Tarixdə müharibələrə və siyasi böhranlara səbəb olmuş Bosfor, Cəbəllütariq, Panama, Süveyş kimi kanal və boğazlar bu gün də öz əhəmiyyətini və həssaslığını qoruyub saxlayır.  İranın faktiki olaraq nəzarət etdiyi Hörmüz boğazı Fars körfəzini Oman dənizi və Hind okeanı ilə birləşdirir.

Hörmüz boÄazı ile ilgili görsel sonucu

Oman körfəzi ilə Fars körfəzi arasında yerləşən Hörmüz boğazının şimal sahilində İran, cənubunda isə Oman yerləşir. Bəsrə körfəzinin uzunluğu 805 km, ən geniş hissəsi isə 280 km-dir. Orta dərinliyi 40-50 metr olan körfəzin ən dərin yeri 100 metr dərinliyi olan Hörmüz boğazıdır.

Bəzi iddialara görə, İran ordusunun boğazlarla bağlı xüsusi planı mövcuddur. Bu plana əsasən, Hörmüz boğası ərazisində batan bir və ya bir neçə gəmi boğazın bağlanmasına səbəb ola bilər. Bundan başqa, SEPAH boğazı keçidə qapatmaq üçün sürətli kiçik katerlər, qurudan quraşdırılıb dəniz nəqliyyatını hədəfə alan raketlər və digər artilleriya qüvvələrinə sahibdir. Həmçinin başqa boğazın minalanması planı da var.

Bu səbəbdən Hörmüz boğazı dünyanın ən həssas boğazı hesab olunur. İran-İraq və 1991-ci il Körfəz savaşının əsas hədəflərindən biri də məhz Hörmüz boğazına sahiblənmək olub. Hazırda dünyanın ən əhəmiyyətli enerji daşınması nöqtəsi hesab olunur.

Hörmüzün bu qədər maraq doğurması təsadüfi deyil. Məsələ ondadır ki, Körfəz ölkələrində ixrac olunan neftin böyük faizi Hörmüz boğazından ixrac olunur. 2000-ci illərdə Hörmüz boğazından gündəlik olaraq 17 milyon barel neft daşınıb. Bu isə dənizdə daşınan neftin 35 faizi, ümumilikdə isə neft ticarətinin 20 faizi deməkdir. Hazırda isə Yaxın Şərqdə istehsal olunan neftin 40 faizi, yəni ABŞ, Avropa və Çinə göndərilən neftin yarısı Hörmüz boğazından keçir.

ABŞ Enerji Müşavirliyinin məlumatına görə, 2016-cı ildə hər gün 18,5 milyon barel neft Hörmüz boğazından keçib. Bu da bir öncəki illə müqayisədə 9 faiz artım deməkdir. Dünyada hər il dəniz yolu ilə neft və maye yanacağın 30 faizi bu boğazdan keçərək dünya bazarına çıxarılır. Sadalanan ölkələrlə yanaşı Qətər sıxılmış qazın (LNG) demək olar ki, hamısını Hörmüz boğazından daşıyaraq satır. Bu isə dünyada istehsal olunan sıxılmış qazın 2/3-si deməkdir.

Bundan başqa, Çin və Yaponiyadan Yaxın Şərq ölkələrinə idxal olunan məhsulların 60 faizdən çoxu məhz bu boğazdan keçir. Bu rəqəmlər pula çevrildikdə böyük, hətta fantastik rəqəmlər alınır.

Yaxın Şərq regionunda ikinci ən mühüm dəniz boğazı Ədən körfəzindən Qırmızı dənizə keçiddə yerləşən Bab əl-Məndəb boğazıdır. Aralıq dənizinə çıxan bütün tankerlər, o cümlədən böyük həcmdə neft-qaz yükləri buradan keçir. 32 kilometr uzunluğunda olan boğazın bir tərəfində Yəmən, digər tərəfində isə Somali sahilləri - Cibuti yerləşir. Strateji olaraq boğazda əsas önəm daşıyan Perim adası Yəmənə məxsusdur. Uzaq Şərq, Cənub-Şərqi Asiya ölkələri, Avstraliya, Hindistan və Bəsrə körfəzindən gələn yüklər dəniz vasitəsilə məhz Bab əl-Məndəb boğazından keçməklə Süveyş kanalı vasitəsilə Aralıq dənizinə çıxır. Ümumilikdə dünya ticarətinin 65 faizinin məhz bu boğazdan keçdiyi ehtimal olunur. Boğazda keçidin dayandırılması dünya ticarətinə, yük daşımalara və ən əsası neft qiymətlərinə ciddi şəkildə təsir edə bilər. Hətta bir qədər əvvəl Yəməndə husi üsyançıları boğaz kənarına raket batareyaları yerləşdirdiklərini və hərbi müdaxilə olacağı təqdirdə Bab əl-Məndəb boğazından keçən tankerləri vurmaqla hədələmişdilər.

Dünyanın daha bir kilid su keçid bölgəsi heç şübhəsiz ki, Süveyş kanalıdır. Bab əl-Məndəb boğazından keçən gəmilər Sveyş kanalından keçməklə Aralıq dənizinə daxil ola bilir. Aralıq və Qırmızı dənizlərini birləşdirən 163 km uzunluğunda Süveyş kanalı 1859-69-cu illərdə inşa olunub. Kanal Misir ərazisində yerləşir. Kanal 70-125 metr enliyindədir. İl ərzində kanaldan təxminən 17 min gəmi keçir. Dünya dəniz nəqliyyatının 8 faizinin bu kanaldan keçdiyi güman olunur.

Dünyanın daha bir mühüm boğazı Aralıq dənizi ilə Atlantik okeanını birləşdirən Cəbəllütariq boğazıdır. Cəbəllütariq boğazının uzunluğu 60 km, eni 14-45 km, maksimum dərinliyi 324 metrdir. Cəbəllütariq boğazı dünyanın mühüm keçid nöqtələrindən biri hesab olunur. İl ərzində boğazdan təxminən 7000-7500 arası əsasən yük gəmiləri keçir. Daha əvvəl İspaniyanın, uzun müddət və hazırda Britaniyanın nüfuz dairəsində olan Cəbəllütariq bir neçə dəfə dövlətlər arasında münaqişələrə səbəb olub. Hazırda Mərakeş və İspaniya arasında hələ də Leyla adası məsələsində gərginlik mövcuddur. Mərakeş sahillərindən 250 metr məsafədə olan Leyla adasına İspaniya da iddia edir.

Hörmüz boÄazı ile ilgili görsel sonucu

Hazırda dünya ticarətində mühüm əhəmiyyət daşımasa da, İstanbul boğazı bir zamanlar qanlı müharibələrə səbəb olub. Asiyadan Avropaya ticarət yolunun üzərində yerləşən İstanbul tarixi ticarət yolu olmaqla yanaşı, Aralıq dənizindən Qara dənizə mühüm keçid nöqtəsi hesab olunur. Ümumilikdə Qara və Aralıq - Mərmərə dənizindən keçməklə -  dənizlərini birləşdirən dəniz yolunda iki boğaz var. Birincisi, Qara və Mərmərə dənizini birləşdirən İstanbul boğazı, ikincisi isə Egey və Mərmərə dənizini birləşdirir Çanaqqala boğazı (Dardanel). İstanbulu Avropa və Asiya sahillərindən ayıran eyni adlı boğazın uzunluğu 30 km-dir. Ancaq müxtəlif istiqamətlərdə və sahillərin dəyişməsi ilə bu məsafə dəyişə bilir. İstanbul boğazının ən enli yeri 3600 metr, ən dar sahili isə 760 metrdir. Ən dərin hissəsi isə 120 metrdir.

Qara dənizi Aralıq dənizi, yəni dünya okeanı ilə birləşdirən ikinci boğaz Çanaqqaladır. Çanaqqala boğazının uzunluğu 65 km, ən dar sahili isə 1250 metrdir. Ən dərin hissəsi isə 106 metr təşkil edir. İstanbul boğazına sahib olmaq uğrunda tarix boyu bir çox dövlətlər arasında savaşlar baş verib. Son olaraq “soyuq müharibə” dönəmində SSRİ ilə Türkiyə arasında İstanbul boğazı məsələsində qısamüddətli böhran yaşanıb. SSRİ yük gəmilərinin boğazlarda sərbəst keçməsi üçün Türkiyəyə təzyiq edib. Ancaq Türkiyə hökumətinin sovet gəmilərinə bu hüququ tanımaması iki dövlət arasında gərginliyə səbəb olub. Həmin vaxt Türkiyə dəstək üçün Qərbə üz tutub və daha sonra bu məsələ beynəlxalq razılaşmanın imzalanması ilə həllini tapıb.

Planetin mühüm əhəmiyyət kəsb edən daha bir dəniz naviqasiyası yolu Panama kanalıdır. 1914-cü ildə istifadəyə verilən Panama kanalının uzunluğu 77 km-dir. Hər il təxminən 14 min gəmi Panama kanalından üzməklə Atlantik okeanından Sakit okeana və ya əksinə keçid edə bilir. İl ərzində təxminən 203 milyon ton yük daşınan kanal dünya dəniz nəqliyyatının ən böyük keçidlərindən biridir. Panama kanalı eyni adlı dövlətin ərazisində yerləşir və bu kanala qarşı iddialar olmasa da, məhz strateji önəmi səbəbindən bu ölkə uzun illər qeyri-sabitlik dönəmini yaşayıb.

Bundan başqa, Sakit və Şimal Buzlu Okeanını, yəni Asiya və Amerika qitələrini birləşdirən Berinq boğazı, Cənubi Amerikada Atlantik və Sakit okeanları birləşdirən Magellan boğazı, həmçinin Malayziya yarımadası və Sumqatra adası arasında yerləşən Malakka boğazı, İngiltərə ilə Avropa qitəsini ayıran Dover boğazı, Baltik dənizində yerləşən Kiel limanı dünyanın hələ də böyük önəm daşıyan boğazlarıdır.(“Yeni Müsavat”)


шаблоны для dle 11.2
Tarix: 6-12-2018, 10:20




Xəbər lenti