Polis rəisi avtoritetin dəfnində
Dünən Rusiyanın kütləvi informasiya vasitələrində Xabarovsk diyarının Amursk şəhərində avtoritet Yuri Zarubinin (“Zaruba”) dəfninin videogörüntüləri yayılıb. Xərçəng xəstəliyindən vəfat etmiş avtoritetin dəfnində yüzlərlə insan iştirak edib.

Virtualaz.org “Rosbalt”a istinadən xəbər verir ki, yerli sakinlərdən biri dəfn mərasimində hüquq-mühafizə orqanlarının əməkdaşlarının, hətta rayon polis idarəsinin rəisinin də iştirak etdiyini bildirib. Bu barədə o, sosial şəbəkədəki səhifəsində yazıb.

Videodan da göründüyü kimi, dəfn mərasimində iştirak edən şəxslər avtomobil yolunu, demək olar ki, tamamilə bağlayıblar.



Sosial şəbəkədə dəfn prosesində polislərin iştirakı barədə qeyd etmiş sakin hadisədən dərhal sonra polisə çağırılıb. “Dedilər ki, videonu hər yerdən silim, yoxsa problemlər olacaq”, - mənbə polisə çağırılmış sakinin sözlərini dərc edib.

Xabarovsk diyar Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri İrina Şeqoleva “Vesti”yə verdiyi müsahibədə təsdiq edib ki, sosial şəbəkələrdə rayon polisinin başçısının dəfn mərasimində iştirakı ilə bağlı qeyd etmiş şəxs polisə söhbətə çağırılıb. Onun yazdıqları ilə bağlı araşdırmalara başlanıb və əgər deyilən fakt təsdiqini tapmazsa, hüquqşünaslar polis rəisinin nüfuzuna vurulan zərəri dəyərləndirdikdən sonra məhkəməyə müraciət ediləcək.

Videoda küçənin az qala tamamilə bağlanması əks olunsa da, Şeqoleva “Vesti”yə deyib ki, yol polisi müfəttişləri mərasim iştirakçılarına yolu bağlamağa imkan verməyiblər.