Nüfuzlu nəşrdən sensasion iddia - ABŞ İranla müharibəyə başlaya bilərmi...


Əhəd Məmmədli: “İrandan sivil dünyaya "xoxan" obrazı yaradılır”

ABŞ İrana qarşı hərbi əməliyyata başlaya bilər.

AzVision.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri iddia irəli sürüb. Bildirilib ki, 2018-ci ilin sentyabrında İraqın paytaxtı Bağdadda İrana bağlı qruplaşmaların törətdiyi partlayışdan sonra ABŞ bu məsələni nəzarətə götürüb. Belə ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun rəhbərliyi ilə toplanan Milli Təhlükəsizlik Şurası Pentaqondan İrana qarşı hərbi əməliyyatın başladılması barədə “Ağ Ev”ə məlumat verməyi tələb edib. Bu məsələ Pentaqonda və Dövlət Departamentində narahatlığa səbəb olub.

Ekspertlərin bu xəbərlə bağlı fikirləri müxtəlifdir.

Politoloq Əhəd Məmmədli bildirdi ki, müharibə edən tərəf əvvəlcədən bu haqda car çəkməz: “Bu xəbər həqiqət olsaydı "The Wall Street Journal" nəşri bu haqda heç nə bilməzdi. Bilsəydilər də bu haqda yazmazdılar. ABŞ-ın Əfqanıstanda itkiləri barədə mediaya qadağa var. İranla müharibənin əvvəlcədən yayılması ağlabatan deyil. Bu xəbər daha çox şou xarakterli xəbərə bənzəyir. Bu cür məlumatlar həqiqət olanda söylənilmir. İllərdir ABŞ mətbuatında bu cür xəbərlər vaxtaşırı yayılır. Amma heç biri indiyə qədər doğru çıxmayıb. Boltonun da İranla müharibə etmək səlahiyyətində olduğunuda düşünmürəm. Bu çox ciddi qərardır, onu Bolton verə bilməz. “The Wall Street Journal" yayımladığı xəbərdə guya “Bolton İranla müharibə etmək qərarını verməsi haqqında Pentaqona tapşırıq verib” deyilir. Pentaqon az qala prezident Trampın sözünə qulaq asmır. Məhz Boltonun Pentaqona İranla müharibə tapşırığı verməsinə dair xəbər doğruya oxşamır. Bolton heç Şimali Suriyada Amerika hərbi kontingenti üzrə səlahiyyətli deyil. İranla müharibə məsələsində ümumiyyətlə səlahiyyətli ola bilməz. ABŞ İranla bu il də heç bir silahlı qarşıdurmaya getməyəcək. Ənənəvi təhdidlər olacaq. İsrail Suriya, Livanda haranısa bombalayacaq və s. Məsələ bundan o yana gedən deyil. Lakin ABŞ İran daxilində sosial etirazlara, milli zəmində qarşıdurmalara zəmin yarada, təkan verə bilər. SSRİ-ni məgər ABŞ müharibə ilə dağıtdı? SSRİ ssenarisi İranda da təkrarlana bilər. Sanksiyalar şiddətlənsə növbəti etiraz dalğası bütün ölkəni bürüyə bilər. Türk, ərəb, kürd problemləri İranda gündəmə gələ, gətirilə bilər. Tehranın zəif yerləri az deyil. Daxildən İran qarışa bilər. Amma xaricdən İrana hər hansı bir hücum gözləmirəm. İran İslam çoğrafiyasında həm Qərb, həm Rusiya, həm də Çinə, hətta İsrailə belə lazımdır. Ələxsus da Türkiyənin iddia qoyduğu vaxtlarında, müstəqil xarici siyasət sürdüyü zamanda vahid, güclü İranın qorunub saxlanılması xarici oyunçular üçün vacibdir. Sadəcə ola bilsin İranda yenidən rejim dəyişikliyi baş versin. Klerikal şiəliyi fars sekulyarlığı əvəzləyə bilər. Amma İran kimi dövlətlərdə inqilab olan təqdirdə ölkənin parçalanma təhlükəsi həmişə ola bilər. Buna dünya da, region da, biz də hazır olmalıyıq. Unutmayaq ki, İranda 40 milyon soydaşımız yaşayır. Şəxsən mən İranın parçalanmasını istəmirəm. Çünki İrana türk dövləti kimi baxıram. Türk dili fars dili ilə bərabər İranda dövlət dili olmalıdır. İranda türklərin də milli kimliyi, dili, bərabər statusu olmalıdır. Türklərlə farslar bərabər hüquqlu statusa malik olmalıdırlar. Mən İranın gələcəyini belə görmək istəyirəm. Vahid, güclü, doğma bərabər hüquqi türklü, farslı, ərəbli, kürdlü, bəludclu federativ İran. Bunun olması üçün də Türkiyə, Azərbaycan da ola biləcək İran hadisələrində seyrçi rolunda olmamalıdırlar. Bu xəbər müsəlman coğrafiyasını növbəti dəfə aldatmaq üçün atılan dezinformasiyadır. Bilərəkdən İrandan sivil dünyaya "xoxan" obrazı yaradılır. Buna rəğmən isə illərdir Avropanın İranla iqtisadi-ticari əlaqələri var. Yayılan xəbərlərə görə İranla İsrail də qeyri-rəsmi təmasdadır. Qərb tarix boyu heç vaxt İranla müharibə etməyib, əksinə Türkiyə ilə müharibə edib. Qərb üçün müsəlman şərqində əsl təhlükə nə İran, nə İraq olmayıb, nə də Səudiyyə Ərəbistanı deyil. Qərb üçün islam dünyasında yeganə təhdid yenə də Türkiyə olaraq qalır. Ona görə Qərb heç vaxt İranı sıradan çıxardıb Türkiyəni müsəlman dünyasının lideri etməz. Həmişə ABŞ-İran müharibəsi xəbərlərinə ciddi yanaşmamışam. Region, islam tarixi ilə xəbəri olanlar, mənim kimi ABŞ-İran müharibəsinə ciddi yanaşmazlar. İranda baş verən inqilabdan sonra 40 ildir biz ABŞ-İran müharibəsi haqqında eşidirik. Amma ABŞ hələlik regionda İranın rəqibləri ilə müharibə edir. Əsrlərdir xristian-yəhudi siyasəti Türkiyə ilə İranı üz-üzə qoyub, islam coğrafiyasını parçalamaqdan ibarətdir. İslam dünyasının 4 ən böyük xalqı türk, ərəb, fars və kürdü bir-birlərinə qarşı qoyub “böl, idarə et” siyasətini sürdürməkdir. İrana istər xarici müdaxilə, istər bu ölkədə vətəndaş müharibəsi, istərsə də inqilab olacağı təqdirdə bu dünya və regiona çox ciddi təsir edəcək. Avropa hələ də Suriyadan qaçqın axını ilə bacara bilmir. Yaxşı ki, qardaş Türkiyə Suriya qaçqınlarının əksəriyyətini qəbul etdi. Dünya Suriya münaqişəsinin düyününü aça bilmir. İndi təsəvvür edin, İranda nələrsə baş versə hansı faciələr olar. Suriyadan fərqli, İranın əsrlərə söykənən dövlətçilik tarixi var. Düşünmürəm ki, İran Suriyanın aqibətini yaşayacaq. Heç buna imkan da verməzlər. Vaxt olub İran işğal altında olub, amma heç vaxt dövlətçiliyini itirməyib. Müsəlman fəthindən sonra İran həmişə dövlət olaraq qalıb”.

Politoloq Azərbaycan istiqamətindən də məsələni şərh etdi: “Bu ölkədə vəziyyət qarışsa, Azərbaycanı təhlükələr gözləyir. Əsas təhlükə qaçqın axını və terror təşkilatlarının Azərbaycana keçməsidir. Azərbaycanın özü qaçqın problemindən əziyyət çəkir. Yeni qaçqın axınına balaca Azərbaycan tab gətirə bilməz. Ölkəmiz ilk öncə sərhədlərinin təhlükəsizliyini bərkitməli və bu situasiyada qardaş Türkiyə ilə birlikdə hərəkət etməlidir. Unutmayaq ki, bizim İranda 40 milyon soydaşlarımız yaşayır. Biz onlara sahib çıxmağa bacarmalıyıq. İranda türklərin yenə də söz sahibi olmasına nail olmalıyıq. Tək balaca Azərbaycan bunu bacarmaz. Ona görə daha böyük türk dövləti Türkiyə ilə bir yerdə hərəkət etməliyik”.//Musavat.com//

 


шаблоны для dle 11.2
Tarix: 14-01-2019, 22:05




Xəbər lenti