Nazir oğlunu nokauta salan, həbsdə yatan boksçu – Məhəmməd Əli ilə döyüşdə qazanılan 1 milyon, ABŞ-da qətl


Haqqında xarici mətbuatda yazılar çap olunanda, onun adının qarşısına “rus tankı” ifadəsini də əlavə ediblər. O, öz dövrünün ən populyar və ən məşhur idmançılarından biri olub. Boks üzrə beşqat SSRİ çempionu Oleq Korotayev SSRİ-nin idman tarixinə saysız-hesabsız qələbələr yazıb.

İqor Korotayev 1949-cu ildə Yekaterinburqda anadan olub. Məktəb illərindən idmana böyük həvəs göstərib. Bir müddət hokkey məşqlərinə gedib. Televizorda seyr etdiyi adi bir boks yarışı onu rinqə çıxmağa sövq edib. Bir müddət Yekaterinburqda boksla məşğul olduqdan, yüksək göstəricilər əldə etdikdən sonra məşqçilərinin tövsiyəsi ilə o, Moskvaya yollanıb.

Rusiya Dövlət Bədən tərbiyəsi və İdman Universitetinə qəbul olunan Oleq Korotayev daha peşəkar məşqçilərin himayəsi altında zaman-zaman böyük uğurlara imza atıb.

Oleq Korotayev ümumilikdə 196 dəfə rinqə çıxıb, bu döyüşlərdə o, 187 qələbə qazanıb. Bu qələbələrin 160-ı nokautla qazanılıb.

Boksçunun sonuncu “nokautu” isə onun həyatını bütövlükdə dəyişib.

1976-cı ilin yanvarında Moskvanın “Rus” restoranında baş verən dava 70-ci illərin ən səsli-küylü hadisələrindən biri sayılıb. Bu restorana adətən məmurların övladları, tanınmış incəsənət adamları, məşhur idmançılar və həm də kriminal avtoritetlər toplaşıblar. O cümlədən Oleq Korotayev də boş vaxtlarını bu restoranda keçirib. Və təbii ki, restoran müştəri tərkibinə görə həmişə hüquq-mühafizə orqanlarının nəzarəti altında olub. Xüsusilə də, milisin. Ən azı ona görə ki, Brejnevə yaxınlığı ilə fərqlənən, SSRİ daxili işlər naziri Şelokovun oğlu da bu restoranın daimi sakinlərindən biri olub.

Baş verən hadisənin səbəbi bilinməyib. Bilinən odur ki, daxili işlər nazirinin “komsomolda işləyən” oğlu İqor Şelokov Oleq Korotayevin üstünə qrafinlə hücum çəkib. Təbii ki, nazir oğlunun hücumunu dəf etmək çempion boksçu üçün çox da çətin olmayıb. Korotayev bir zərbə ilə Şelokovu nokauta salıb və bundan sonra o, yalnız iki ay xəstəxanada yatdıqdan sonra ayağa qalxa bilib. Düzdür, Korotayev ayaq üstə qalsa da, rəqibindən daha çox “yatıb”.

Səhərisi gün Oleq Korotayevi evində həbs ediblər. Nazir Şelokov bütün imkanları daxilində Oleq Korotayevi ən uzun müddətə azadlıqdan məhrum etmək isəyib. Amma boksçunun da dayaqları az olmayıb. Onlar da çalışıblar ki, Korotayevi şərti cəza almaqla azadlıqda saxlasınlar. Sözsüz ki, bu mübarizədə daxili işlər nazirinin qarşısında uzun müddət tab gətirmək mümkünsüz olub.

Elə həmin ilin fevral ayında keçirilən partiyanın 25-ci qurultayına imzasız müraciət daxil olub. Sədarətin qərarı ilə müraciətin mətni qurultay iştirakçılarına oxunub. Müraciətdə davakar boksçunun törətdiyi əməllər öz əksini tapıb və Korotayev haqqında qaldırılmış cinayət işinin xüsusi nəzarətə götürülməsi xahiş olunub. Beləliklə, Oleq Korotayevin məsələsi “həll” olunub. Boksçunun evində axtarış zamanı qılınc və kiçik miqdarda narkotik vasitə tapılıb. Bu həmin qılınc olub ki, onu Korotayevə Fidel Kastro şəxsən özü hədiyyə edib. Narkotik vasitəyə gəlincə, sonradan boksçunun ən yaxın tanışları və həmkarları Korotayevin narkotik vasitələrdən istifadə etmədiyini söyləyiblər. Bəzi araşdırmaçıların qənaətinə görə, narkotik vasitə Korotayevin mənzilinə Şelokovun adamları vasitəsilə atılıb.

Oleq Korotayev qəsdən bədənə xəsarət yetirmə, soyuq silah saxlama, narkotik vasitə istifadəçisi maddələri ilə ittiham olunaraq məhkəmənin hökmü ilə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Oleq Korotayev hələ bu hadisədən öncə DTK orqanları əməkdaşlarının nəzarətində olub. 1974-cü ildə əfsanəvi Məhəmməd Əli ilə görüşdə (görüş rəsmi olmayıb) qalib olan Korotayevə 1 milyon dollar qonorar müqabilində Amerikada qalmaq təklif olunub. Təbii ki, sovet rejiminin asıb-kəsdiyi bir dövrdə Korotayev bu təklifi reallaşdıra bilməyib. Baş tutmayan sövdələşmədən isə SSRİ DTK-sı xəbərdar olub.

Oleq Korotayev həbsdən çıxdıqdan sonra idman aləminə qayıtmayıb, o, bu dəfə kriminal aləmdə daha çox görünüb. Onun tanınmış kriminal avtoritet və “qanuni oğru”larla sıx əlaqələri olub.

Moskvada dəfələrlə Korotayevə ona qəsd olunacağı ilə bağlı xəbərdarlıq edilib. Boksçu isə “mənim heç kimlə işim yoxdur” deyə bu xəbərdarlıqlara məhəl verməyib.

Nəhayət, qarışıq 90-cı illərin əvvəllərində Korotayev izləndiyini hiss edib, anlayıb ki, onu ciddi təhlükə gözləyir. Amma bu təhlükənin kim tərəfindən olduğu məlum olmayıb. 1992-ci ildə Oleq Korotayev Amerikaya köçüb. Onun orada hansı işlərlə məşğul olduğu heç kimə bəlli olmayıb.

1994-cü ilin yanvar ayında Nyu-Yorkda gecə saatlarında Oleq Korotayev arxa tərəfdən açılan atəşlə boyun nahiyəsindən aldığı güllə yarasından həmin andaca ölüb.

44 yaşlı Korotayevin meyitini yalnız bir neçə gündən sonra Moskvaya göndərmək mümkün olub. Boksçu Moskvada, Vaqankov qəbirstanlığında dəfn olunub.

Hadisə ilə bağlı cinayət işi açılsa da cinayətkarların kimliyini məlum etmək mümkün olmayıb. Amma istintaq və araşdırmalar zamanı tez-tez “Rus mafiyası” ifadəsi işlədilib.

İlham Cəmiloğlu, Musavat.com

шаблоны для dle 11.2
Tarix: 19-04-2019, 14:12




Xəbər lenti