İran-ABŞ toqquşması: müharibənin tətiyi çəkilə bilər


Pentaqon Fars körfəzinə qüvvə toplayır, BƏƏ-dən sonra Səudiyyə Ərəbistanında da neft kəmərlərinə terror hücumu edildi; Vaşinqtonun İran əməliyyatına Bolton rəhbərlik edir...

ABŞ və İran arasında gərginlik davam edir. Ötən gün Ağ Evdə Macarıstanın baş naziri Viktor Orbanla görüşdən sonra keçirilən brifinqdə ABŞ prezidenti Donald Tramp deyib ki, İran hər hansı addım atması qarşılığında ağır cavab alacaq. Sitat: “Nələr olacağını görəcəyik. Əgər bir şey edərlərsə, bu çox pis bir xata olacaq”.

ABŞ prezidenti əlavə edib ki, İranla gərginliyin necə sonlanacağını zaman göstərəcək. Eyni zamanda o, İran hökumətini bir daha düşünməyə çağırıb. İranın son aylardakı addımlarını “təhdidkar” adlandıran Tramp növbəti dəfə sülh danışıqlarına hazır olduğunu deyib.

Yeri gəlmişkən, ABŞ dövlət katibi Mayk Pompeo da iki gün əvvəl Brüsselə səfər edib İran mövzusunu avropalı həmkarları ilə müzakirə edib. Elə həmin gün Avropa İttifaqı xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissar Federika Moqerini ittifaqın İranla nüvə sazişinə sadiq olduğunu bildirib.

USA İran ile ilgili görsel sonucu

İran-ABŞ münasibətləri ötən həftədən gərginləşib. ABŞ İrana qarşı neft embarqolarını daha da kəskinləşdirib. Buna cavab olaraq Tehran nüvə sazişinin bəzi maddələrindən çəkilib. Ardınca isə Vaşinqton İrana qarşı metallurgiya sahəsində yeni embarqolar tətbiq edib, eyni zamanda Fars körfəzinə yeni qüvvələr göndərməyə başlayıb.

ABŞ Müdafiə Nazirliyi Aralıq dənizinin İtaliya sahillərində lövbər salan “USS Abraham Linkoln” təyyarədaşıyan gəmisini, ardınca “USS Arlington” döyüş gəmisini habelə Qətərdəki aviabazaya B-52 taktiki bombardmançıları və “Patriot” zenit-raket kompleksləri göndərib. Məlum olduğu kimi, ABŞ-ın 5-ci hərbi donanması Bəhreyndə yerləşir. Bu donanma dünyada neft və qaz daşınmasında əsas yol hesab olunan Fars körfəzində təhlükəsizliyi qoruyur. Qətərdə isə ABŞ-ın regionda ən böyük hərbi-hava bazası hesab olunan “Əl-Udeyd” bazası yerləşir.

Ötən gün isə Pentaqondakı mənbə ABŞ-ın İranın öz nüvə fəaliyyətini sürətləndirəcəyi və ya Amerika hərbçilərinə hücum edəcəyi təqdirdə Yaxın Şərqə 120 min əsgər göndərəcəyini bildirib. ABŞ mətbuatı yazır ki, plan Amerika prezidenti Donald Tramp və əsas köməkçilərinin görüşü zamanı ABŞ-ın müdafiə naziri vəzifələrini icra edən Patrik Şanaxan tərəfindən təqdim olunub.

Qərb mediası isə yazıb ki, ABŞ-ın Fars körfəzinə əlavə qüvvə göndərməsinin səbəbi İrandan gözlənilən təhlükə ilə bağlıdır. Bunu dövlət katibi Mayk Pompeo da açıqlayıb. Dövlət katibi deyib ki, ABŞ müharibə istəməsə də, öz maraqlarını müdafiə edəcək. Mətbuat onu da yazır ki, İranın Amerika maraqlarına hücum edəcəyi ilə bağlı məlumatı İsrail kəşfiyyatı verib.

USA İran ile ilgili görsel sonucu

Mayın 13-də ABŞ hərbi aviasiyasına məxsus F-35 qırıcıları Fars körfəzində İran suları yaxınlığında uçuşlar həyata keçirib. Amerikalı pilotlar təhlükəli uçuşlar həyata keçirsə də, hər hansı gərginlik baş verməyib.

İranlılar isə ABŞ ordusunun körfəzdəki fəallığını qorxu yaratmaq cəhdi kimi qiymətləndirir. Sepah generalları ABŞ gəmilərini vura biləcəkləri ilə hədələyir. Bazar günü Oman dənizində BƏƏ sahillərində Səudiyyə Ərəbistanı və BƏƏ-yə məxsus 4 tankerə hücum bölgədə gərginliyi daha da artırıb. BƏƏ hökuməti ilk günlərdə açıq bəyan etməsə də, ötən gün ABŞ İranı ittiham edib.

Dünən isə Səudiyyə Ərəbistanında Şərq-Qərb neft boru kəmərinə hücum həyata keçirilib. Krallığın neft naziri Xalid əl-Falihin məlumatına görə, Şərq-Qərb neft kəmərinin iki nasos stansiyasına bomba ilə təchiz olunmuş dronlarla hücum edilib. Nəticədə 8 saylı nasos stansiyasında yanğın baş verib, ancaq yanğın nəzarət altına alınıb. Hücumlar Duvadmi və Afif məntəqələrində baş verib. Nazir ad çəkməsə də, dolayısı ilə husiləri ittiham edib. Eyni zamanda neft ixracının davam edəcəyi bildirilib.

Qeyd edək ki, neft tankerlərinə hücumdan sonra indi də Səudiyyə Ərəbistanında dünya enerji bazarı üçün həyati əhəmiyyət kəsb edən enerji xətlərinə hücumun həyata keçirilməsi Yaxın Şərqdə gərginliyi daha da yüksəldir. Məlum olduğu kimi, hazırda Səudiyyə Ərəbistanı və İran düşmən münasibətdədir. Yəməndə 4 ildir ki, hər iki tərəf arasında mandat müharibəsi davam edir. İndi isə ABŞ İranın xaricə neft satışını tamamilə məhdudlaşdırmaq istədiyi bir zamanda bazarı məhz Səudiyyə Ərəbistanı kimi müttəfiq ölkələr vasitəsilə doldurmağa çalışır. Belə bir şəraitdə Ərəbistanın əsas neft ixrac xəttinin partladılması dünya neft bazarında ciddi böhrana səbəb ola bilər.

Əlbəttə ki, Vaşinqton və onun regional müttəfiqləri bu hadisəyə görə İranı ittiham edəcək. Bu isə körfəzdə gərginliyi bir qədər də artıracaq. Yeri gəlmişkən, Amerika mediası Vaşinqtonun İranla bağlı fəaliyyətlərinin koordinasiyasının Con Boltona verildiyini bildirir. Körfəzə 2003-cü ildə İraqa qarşı savaşda istifadə olunduğu sayda, yəni 120 min hərbçi göndərmək planı da Boltona məxsusdur. Ancaq aydın məsələdir ki, İraqdan fərqli olaraq İranla savaş üçün 120 min hərbçi kifayət etməyə bilər. Bu səbəbdən də bir çox müşahidəçilər ABŞ-ın son hərəkətlərini daha çox qorxutmaq və təzyiq hesab edir.

Yeri gəlmişkən, 2017-ci ildə ABŞ prezidenti Şimali Koreya ilə münasibətlərin gərginləşdiyi bir vaxtda Yapon dənizinə bu cür hərbi qüvvə toplamışdı. Ancaq bundan sonra savaş olmadı, əksinə, Tramp Şimali Koreya lideri ilə sülh danışıqları başlatdı. İranla isə vəziyyət bir qədər fərqlidir. Vaşinqton İranı çəkindirib güzəştə məcbur etmək istəsə də, belə görünür ki, İranla toqquşmanı alovlu şəkildə arzulayan qüvvələr daha çoxdur. ABŞ təyyarələrinin hava patrulu, ard-arda vurulan tankerlər və neft kəmərləri güclü əllərin ABŞ-ı İranla qarşıdurmaya sövq edir.//“Yeni Müsavat”//


шаблоны для dle 11.2
Tarix: 15-05-2019, 08:33




Xəbər lenti