Moldovanı parçalayırlar: Hakimiyyət savaşı şiddətlənir

Moldovanı parçalayırlar: Hakimiyyət savaşı şiddətlənir

Moldovanı parçalayırlar: Hakimiyyət savaşı şiddətlənir

Moldovada ikihakimiyyətliliyin yaranması ölkədə siyasi gərginliyi artırıb. İyun ayının 10-da özünü legitim hesab edən hər iki hökumətin iclası keçirilib. 

Qeyd edək ki, bu hökumətlərdən birinə Avropa tərəfdarlarından ibarət Mayi Sandu, digərinə isə baş nazirin səlahiyyətlərini icra edən, Demokrat Partiyasının lideri Pavel Filip rəhbərlik edir. Mayi Sandunun başçılıq etdiyi iclas parlamentin binasında keçirilib. Yeni nazirlər etirazçıları və polisi hökumətin binasına buraxmayıb. İclasda iştirak edən yeddi nəfər Baş Polis Müfəttişi Aleksandr Pınzarın istefasına səs verib. O, oliqarx rejiminə xidmət göstərməkdə şübhəli bilinir. Bununla da tədbir yekunlaşıb. 

Eyni vaxtda iclas keçirən Pavel Filip isə Sandu kabinetinin fəaliyyətinin qanunsuz olduğunu bəyan edib. O, nazirlər və dövlət katibi ilə ilə keçirdiyi toplantıda bildirib ki, dövlət institutları öz fəaliyyətini normal qaydada davam etdirməli, vətəndaşlar yaranmış vəziyyətdən əziyyət çəkməməlidir. Az sonra Moldovanın istefaya göndərilmiş prezidenti İqor Dodon parlamentin binasına gəlib. O, jurnalistlərlə söhbətində əsas senarilərdən biri kimi hakimiyyətin güc yolu ilə zəbt ediləcəyini istisna etməyib. Dodonun sözlərinə görə, xarici ölkələrin səfirlərinin əksəriyyəti yeni hökuməti və parlamentdəki çoxluğu tanıyıb.

Xatırladaq ki, iyunun 8-də sosialistlər və ACUM bloku (Sağ Mərkəzçi Avropa Tərəfdarları Alyansı) anlaşma əldə edərək yeni hökumətin formalaşdırıldığını elan edib. Baş nazir vəzifəsinə ACUM liderlərindən Maya Sandu, parlamentin sədri vəzifəsinə isə sosialistlərin lideri Zinaida Qreçanaya seçilib. Nəticədə Moldovada hökumət böhranı yaranıb. Parlamentdə səs çoxluğuna malik hər iki siyasi təşkilat baş nazir Pavel Filipin hökumətinin istefaya getdiyni elan edib. Pavel Filipə tanınmış oliqarx Plaxotnyuk himayədarlıq etdiyindən bu ittifaqın da əsas hədəfinin baş nazirin deyil, onun sponsorunun olduğu deyilir. Amma Konstitusiya Məhkəməsi hökumətin qurulmasını və parlament sədrinin seçkisini qanunsuz elan edib. Məhkəmə prezident İ.Dodonun Konstitusiyanı pozduğunu əsas tutaraq onun səlahiyyətlərini baş nazir Pavel Filippə verib. Parlament isə öz növbəsində, P.Filipp hökumətini qanunsuz elan edərək demokratları hakimiyyəti uzurpasiya etməkdə günahlandırır. Deputatlar bu məqsədlə BMT-yə müraciət edib.

Parlamentin iki böyük fraksiyası hökumət qurmaq birlikdə lazım olan 61 səsi toplayıb. Lakin Konstitusiya Məhkəməsi hökuməti qurmaq üçün 3 aylıq müddətin iyunun 7-də bitdiyini və parlamentin bu tarixdən etibarən buraxılmış sayıldığına dair rəy verib. “Azadlıq” radiosunun Moldova bürosunun verdiyi məlumata görə, prezidentin səlahiyyətlərini icra edən baş nazir Pavel Filip sentyabr ayının 6-da növbədənkənar seçkilər elan edib. 

Konstitusiya Məhkəməsinin hakimləri Plaxotnyuka yaxın olmaqla yanaşı, Rumıniya vətəndaşlarıdır. Ona görə də M.Sandu hökuməti başqa ölkə vətəndaşlığı olan şəxslərin Moldovadakı seçkilərə müdaxiləsini qanunsuz adlandırıb. Rumıniyanın sabiq prezidenti Trayan Basesku isə bildirib ki, Demokrat Partiyası Ploxatnyukun yolunda ölümə getməyə hazırdır. 

Hazırda Moldovada yaranmış siyasi böhranın həlli bu ölkədə marağı olan beynəlxalq güclərin anlaşmasından və ya hansının qalib gəlməsindən asılı ola bilər. ABŞ, Rusiya və Avropa Birliyi arasında Moldovaya nəzarət uğrunda xeyli müddətdir davam edən geosiyasi qarşıdurma hökumət böhranından sonra daha dərin müstəviyə keçib. İndiyə qədər Filip hökumətini birmənalı olaraq ABŞ və Avropa Birliyi dəstəkləyib. Hətta Pavel Filippi ABŞ səfirinin idarə etdiyinə dair Moskvadan ittihamlar səslənirdi. Rusiya prezident Dodonun liderlik etdiyi Sosialist Partiyasına açıq dəstək verdiyindən ABŞ və Avropa Birliyi Ploxotnyukun oliqarxiya sisteminə dözməli olub. Lakin hökumətə rəhbərliyin ACUM blokuna verilməsi görünür Qərbi qane etdiyindən sosialistlərlə koalisiya sakit qarşılanıb. Demokrat Partiyası isə ACUM blokunu ölkənin milli maraqlarını Rusiya baş nazirinin müavini, Putinin Moldova üzrə xüsusi nümayəndəsi Dmitri Kozaka satmaqda ittiham edir. Ona görə də yaxın vaxtlarda Filip hökumətinin ictimai dayaqlarını möhkəmlətmək üçün tərəfdarlarından ibarət aksiyalara başlayacağı istisna olunmur. Əgər tərəflər sentyabrın 6-da növbədənkənar seçkilərin keçirilməsinə dair kompromisə gələ bilsə, o zaman Moldovada sabitlik yarana bilər. 

Filip hökumətinin Rumıniyanın dəstəyi ilə Rusiyapərəst qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri ölkədə geosiyasi qarşıdurmanı dərinləşdirə bilər. Bu arada Qaqauz Muxtar Ərazisinin rəhbəri İrina Vlax bəyanat yayaraq Filippi baş nazir kimi tanımadığını və ölkənin legitim hökuməti kimi M.Sandnun başçılıq etdiyi kabineti dəstəklədiyini elan edib. Bu qərarın qaqauzlara Rusiya Provoslav Kilsəsi vasitəsi ilə ciddi təsir imkanları olan Kremlin sifarişi ilə verildiyi şübhə doğurmur. Ukrayna üzərində geosiyasi nəzarət imkanlarını ittirmiş Rusiyanın son dövrlər Belarusla da münasibətlərində məsafə yaranıb. Belarusun xarici işlər naziri Vladimir Makey ötən həftə ölkəsinin Rusiya ilə müttəfiqlik münasibətlərinə sadiq qalmaqda davam edəcəyini, eyni zamanda Avropa Birliyi ilə strateji tərəfdaşlıq haqqında asosiativ saziş imzalamağa hazırlaşdığını bəyan edib. Bu isə Rusiyanın şərqi Avropada mövqelərinin daha da zəiflməsinə gətirib çıxara bilər. İqor Dodonun prezident kürsüsündən uzaqlaşdırılması və sosialistlərin hökumətinin qanunsuz elan edilməsi Rusiyanın Moldovadakı maraqlarına zərbə vurur. Ona görə də Rusiya Filip hökumətinə təzyiqləri gücləndirmək üçün əlavə imkanları işə salmağa başlayıb. (Cebhe.info)


шаблоны для dle 11.2
Tarix: 11-06-2019, 20:44




Xəbər lenti