Tramp İranla vuruşacaqmı?


 

 

ABŞ hərbi dəniz qüvvələrinin baş komandanı Şon Kido Oman körfəzində tankerlərə hücumuna görə, növbəti dəfə İranı ittiham edib. Baş komandan deyib k, körfəzdə istifadə olunan dəniz minaları İranda hərbi parad zamanı göstərilən minalara bənzəyib.

BƏƏ-də jurnalistlərin suallarını cavablandıran komandan bildirib ki, hazırda ABŞ ordusu və müttəfiqləri tərəfindən tankerlərə hücumla bağlı istintaq davam edir. Onun sözlərinə görə tankerlərdən birinə xəsarət yetirən mina dənizin dibində olub.

Xatırladaq ki, ötən həftə Oman körfəzində neft daşıyan tankerlərə hücum baş verib. Hər iki tankerdə olan 44 heyət üzvü isə İran gəmiləri tərəfindən xilas edilib. Bu hadisədən dərhal sonra ABŞ, ardınca isə Böyük Britaniya hücuma görə İranı ittiham edib.

ABŞ dövlət katibi Maykl Pompeo tankerlərə hücumla bağlı bildirib ki, “əlimizdə olan kəşfiyyat məlumatları, hücumu həyata keçirmək üçün istifadə olunan silahlar və peşəkarlığa baxdıqda İranın cavabdeh olduğunu görürük”.

Pompeo deyib ki, İran daha əvvəl də Hörmüz boğazından neft daşınmasının qarşısını ala biləcəyi ilə hədələyib, indi isə hər nöqtədə buna bənzər hücumlar həyata keçirir.

Xatırladaq ki, bundan əvvəl mayın 12-də Norveç, BƏƏ və Səudiyyə Ərəbistanına məxsus 4 tanker hücuma məruz qalmışdı. ABŞ prezidentinin müşaviri Bolton bu hücuma görə İranı ittiham etsə də, rəsmi təhqiqatda İranın adı qeyd olunmayıb. Tehran isə bu hadisənin təxribat olduğunu bəyan edib.

İsrail mətbuatı isə BMT rəsmilərinə istinadən ABŞ-ın İrana zərbələr endirməyə hazırlaşdığını yazıb. Məsələ ondadır ki. mayın əvvəlindən ABŞ körfəzə əlavə qüvvələr göndərir. Əvvəlcə “USS Abraham Linkoln” təyyarədaşıyanı, ardınca daha bir döyüş gəmisi, 4 ədəd taktik B-52 bombardmançıları və “Patriot” zenit qurğularının daxil olduğu 1500 nəfərlik əlavə qüvvə göndərib. İki gün əvvəl isə daha 1000 hərbi qulluqçu göndərilib.

İndi hər kəsin baş sındırdığı mövzu İran-ABŞ gərginliyinin hərbi toqquşmaya səbəb olub olmayacağıdır. Bir çox ekspertlərə görə, ABŞ İrana məhdud, yəni əsasən nüvə və ballistik raket mərkəzlərini hədəfə alan zərbələr endirə bilər. ABŞ rəhbərlərinin bəyanatlarında buna açıq işarə var. Üstəlik İran da artıq uranı zənginləşdirmə proqramını genişləndirdiyini bəyan edib. Bu baş verərsə Tehranın hərbi gücü zəifləyə, regiondakı ABŞ müttəfiqləri olan körfəz ərəb dövlətləri, Səudiyyə Ərəbistanı və İsrail kimi dövlətləri müəyyən qədər rahatladar. Həmçinin Tehranın Yaxın Şərqdəki hərbi fəallığını da xeyli zəiflədər. Hansı ki, indi Vaşinqtonu ən çox qəzəbləndirən məhz İranın Yaxın Şərqdəki silahlı qruplara dəstəyidir.

Ancaq hərbi zərbələr böyük risk yaradır. Çünki Tehran zərbələrə cavab olaraq bütün regionda Amerika qüvvələrinə qarşı partizan müharibəsini alovlandıra bilər. İkincisi, körfəzdə bu dəfə açıq şəkildə neft tankerlərini hədəfə ala bilər ki, nəticədə dünya bazarında neftin qiyməti bahalaşa bilər.  

Və nəhayət, savaşın ən böyük zərər çəkəni ABŞ ola bilər. Tramp hökuməti İrana zərbələr nəticəsində ciddi maliyyə itkisi və beynəlxalq siyasi təzyiqlə üzləşə bilər. Bu isə Amerikanın imicinə 2003-ci il İraq müharibəsində olduğundan ağır zərbə vura bilər. Yəni İranla müharibə Amerika və onun hakimiyyəti üçün ciddi risk amilidir. Tramp isə gələn ilki seçkilərə hazırlaşır. Üstəlik hər nə qədər sərt bəyanatları ilə məşhurlaşsa da, Donald Tramp müharibə etmək istəmir. Çünki bir biznesmen kimi Tramp üçün iqtisadi qazanc daha önəmlidir.

Lakin gələn il seçkilərdir və Trampa Amerika mühafizəkar dairələrinin, o cümlədən sağçı yəhudi lobbisinin dəstəyi lazımdır. Bu siyahıda Trampın ən yaxınında olan Pompeo, Bolton və bu gün müdafiə naziri əvəzedicisi təyin olunmuş Mark Esper təyin olunub. Keçmiş hərbçi olan Esper həm də hazırkı dövlət katibi Pompeo ilə sinif yoldaşı olub, quru qoşunlarında zabit kimi xidmət edib. Ehtimal olunur ki, Esper keçmiş sinif yoldaşının təsiri altında olacaq. Bu isə o deməkdi rki, yeni komandada “davakarlar” ağırlıq təşkil edəcək.

Bu isə o deməkdir ki, Tramp mühafizəkar dairələrin və yəhudi lobbisinin dəstəyini almaq üçün İrana təzyiqlər davam etməlidir. Yəni bir mənada hazırkı gərgin vəziyyət Tramp administrasiyası üçün əlverişlidir. Amma müharibənin başlaması bütün bu riskli qurğunu dağıdar və bölgədə amansız müharibəyə səbəb ola bilər.//“Yeni Müsavat”//


шаблоны для dle 11.2
Tarix: 19-06-2019, 23:30




Xəbər lenti