70 İLDİR QANAYAN YARA…- Hindistanla Pakistan bölünmüş Kəşmirdə nəyi bölə bilmir?


Cammu və Kəşmirlə bağlı Hindistanla Pakistan arasında yaranan son gərginlik günlərdər dünya gündəminin az qala, bir nömrəli mövzusuna çevrilib. 70 ildən çoxdur həllini tapmayan bu mübahisəni yenidən alovlandıran Hindistan prezidenti Ram Nat Kovindin sürpriz addımı oldu. Prezident avqustun əvvəlində fərman verərək, Pakistanla mübahisəli ərazi olan Cammu və Kəşmirə xüsusi status verilməsi maddəsini (ölkə Konstitusiyasının 370-ci maddəsində təsbit olunan) ləğv etdi.

Təşəbbüsə əsasən, Cammu və Kəşmir ştat statusunu itirəcək və səlahiyyətləri ştatdan az olan iki ittifaq ərazisi olacaq. Bundan əlavə, Cammu və Kəşmirin tərkibində olan Ladakx vilayəti də ayrıca ittifaq ərazisi olacaq. Ştatlardan fərqli olaraq İttifaq əraziləri birbaşa federal hökumət tərəfindən idarə olunur. Avqustun 5-də Hindistan parlamenti tərəfindən də dəstəklənən (366 deputat lehinə, 66-sı əleyhinə) təşəbbüs Pakistanla onsuz da soyuq olan münasibətləri bir az da pisləşdirdi.

Qanlı münaqişənin başlanma tarixi ötən əsrin ortalarına gedib çıxır. 1947-ci ilin 15 avqustunda Britaniya Hindistanının ərazisində iki dövlət yarandı – Hindistan və Pakistan. Bundan sonra yüzlərlə knyazlığa bu ölkələrdən istədiyinə birləşə bilmək hüququ verildi. Seçimin edilməsində dini faktor həlledici oldu. Cammu və Kəşmirdə çoxluğu müsəlmanlar təşkil edirdi. Lakin onlara rəhbərlik edən Xari Sinqh etiqadca indus idi.

1947-ci ilin payızında birici Hindistan-Pakistan savaşı başladı. Pakistan puştunların qoşunlarını Cammu və Kəşmir ərazisinə yığdı. Oktyabrın 24-də onların və müsəlman könüllülərinin ələ keçirdikləri ərazilərdə suveren Azad Kəşmir dövlətinin yarandığı və bütün knyazlığın Pakistanın tərkibinə daxil olması elan edildi. Buna cavab olaraq, bu vaxta qədər müstəqil Kəşmirin tərəfdarı olan Xari Sinqh hərbi dəstək üçün Hindistana müraciət etdi. Və oktyabrın 26-da Hindistanla birləşməklə bağlı müqavilə imzaladı.

13 avqust 1948-ci ildə BMT-nin qəbul etdiyi qətnamə Pakistanın öz qoşunlarını Kəşmirdən çıxarmasını nəzərdə tuturdu. Eyni zamanda Hindistan da regiondakı hərbi iştirakından müəyyən qədər imtina etməli idi. Atəşkəs 1949-cu ilin əvvəlində qüvvəyə mindi: Kəşmir ərazisinin 65 faizi Hindistanın nəzarətində qaldı, təqribən 35 faizlik hissə (77,5 min kvadratkilometr) Pakistanın payına düşdü.

Azad Kəşmir Pakistanın tərkibinə daxil oldu və orada hökumət quruldu. Dehli bu hökuməti tanımadı və Hindistanın bütün xəritələrində bu ərazi ölkənin bir hissəsi kimi göstərildi.

1956-cı ildə ölkənin yeni inzibati bölgüsü haqqında qanun qəbul olunandan sonra Hindistan öz nəzarətində olan Kəşmir ərazilərinə Cammu və Kəşmir ştatı statusu verdi. Hindistan Konstitusiyasının 370-ci maddəsinə əsasən, kəşmirli olmayan hindlilər regionda əmlak sahibi ola bilməzdilər.

1962-ci ildə Tibet və Britaniya Hindistanı arasındakı sərhəddə mövcud olan mübahisəli vəziyyətdən istifadə edən Çin Kəşmirin bir hissəsini – Aksay Çin kimi tanınan ərazini işğal etdi.

1965-ci ilin yanvarında Hindistan hərbçiləri Kaç Rann rayonundakı sərhəd nişanlarının Pakistan sərhədindən onların ərazisinə köçürüldüyünü aşkar etdilər. Elə həmin ilin yayında ikinci Hindistan-Pakistan savaşı başladı. İki ay ərzində 20 mindən artıq insan öldürüldü və yaralandı.

1966-cı ilin yanvarında Pakistan və Hindistan BMT-nin təzyiqi ilə Daşkənd Sülh Bəyannaməsini imzaladılar.

Üçüncü Hindistan-Pakistan savaşı 1971-ci ildə başladı. Savaşa təkan verən Şərqi Pakistanda yaranmış böhran (Şərqi Pakistanın azadlığı uğrunda mübarizə, partizan hərəkatı) idi ki, bunun da nəticəsində milyonlarla insan Hindistana qaçmalı olmuşdu. Savaşın nəticəsi kimi, müstəqil Banqladeş meydana gəldi. Bu da Pakistanı əhəmiyyətli dərəcədə zəiflətdi.

1980-ci lərin sonlarında islamçı terror təşkilatları Kəşmirdə aktiv fəaliyyətə başladı. Onlar Hindistanın işğal etdiyi ərazilərə azadlıq tələb edirdilər.

1998-ci ilin mayında həm Hindistan, həm də Pakistan özünün nüvə silahını nümayiş etdirdi. Vəziyyət o həddə çatmışdı ki, bir sıra müşahidəçilər onların arasında nüvə savaşının mümkünlüyünü müzakirəyə çıxarmağa başlamışdılar.

1999-cu ilin may-iyul aylarında Hindistan-Pakistan sərhədində “Kargil savaşı” adını alan silahlı münaqişə baş verdi. Nəticədə 900-ə yaxın insan həlak oldu, hər iki ölkə savaşaqədərki mövqeyində qaldı.

2002-ci ilin mayında Kəşmirdə yeni hərbi münaqişə ortaya çıxmağa başladı. Hindistan və Pakistan öz sərhədlərinə hücum əmri gözləyən milyondan artıq hərbçi topladı. Hindistanın quru qoşunlarının 75 faizi, Pakistanın bütün quru qoşunları sərhədə yeridildi. Nəticədə mindən artıq insan yaralandı. Yalnız Birləşmiş Ştatlar və Rusiyanın müdaxiləsindən sonra gərginliyi aradan qaldırmaq mümkün oldu.

7 aprel 2005-ci ildə son 6 ildə ilk dəfə olaraq Hindistanla Pakistan arasında avtobus xidməti işə düşdü. Həmin ilin 29 oktyabrından isə tərəflər razılığa gəldilər ki, Kəşmir sakinləri ayırıcı xətti keçərək qohumlarını axtara bilərlər.

15 aprel 2013-cü ildə Çin hərbçiləri nəzarət xəttini keçərək Kəşmirin Hindistan ərazisindən 19 kilometr içəri girdilər və orada çadır düşərgəsi qurdular. Hindistan və Çin üçün bu, 1962-dən bəri yaşanan ən böyük böhran idi. Lakin bir ay sonra status-kvo bərpa olundu.

2016-cı ilin iyulunda Kəşmir müsəlmanları “Hizb-ul-Mücahiddin” qruplaşmasının 21 yaşlı fəalı Burhan Müzəffər Vaninin öldürülməsinə etiraz olaraq kütləvi aksiyalara başladılar. Vani Kəşmirin Pakistana birləşdirilməsi ilə bağlı çağırışlar edirdi.

Aksiya zamanı Hindistan hərbçiləri onlara daş atan kütləyə atəş açdı. Nəticədə 3 nəfər həyatını itirdi. Cammu və Kəşmirdə yaşanan yeni gərginlik ümumilikdə 70-ə yaxın insanın ölümü ilə nəticələndi.

26 fevral 2019-cu ildə Hindistanın Hərbi Hava Qüvvələri Balakot rayonunda (Kəşmirin Pakistanın nəzarətində olan hissəsi) “Ceyş-i-Məhəmməd” qruplaşmasının pakistanlı döyüşçülərinin düşərgəsinə zərbələr endirdilər. Bu, Hindistanın Cammu və Kəşmir ştatındakı 14 fevral teraktına cavab idi. 45 nəfərin həyatını itirdiyi bu terakta görə məsuliyyəti Pakistanda yerləşən qruplaşma üzərinə götürmüşdü.

Fevralın 27-də Hindistan mediası Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 helikopterinin Kəşmirin Badham əyalətində qəzaya uğraması barədə məlumat yaydı. Qəzada iki pilot, bir mülki şəxs həlak olmuşdu.

Qayıdaq, yenidən alovlanan Kəşmir böhranına. Hindistan prezidentinin bu təşəbbüsünün ardınca tərəflər qarşılıqlı ittihamlar və savaş ultimatumları ilə kifayətlənməyərək konkret tədbirlərə əl atdılar. Ölkələr arasında ikitərəfli ticarət əlaqələri dayandırıldı, diplomatik münasibətlər aşağı səviyyəyə endirildi, əvvəllər imzalanan bir sıra ikitərəfli sənədlərə yenidən baxılmağa başlandı.

Hindistan hökuməti məlum qərarın ölkə tarixinə qızıl hərflərlə yazılacağını deyir. Pakistanın baş naziri İmran Xan isə Hindistan rəhbərliyini bu addıma görə irqçi və faşist adlandırır.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Pakistan və Çinin təklifi ilə iclas keçirərək Cammu və Kəşmirdəki vəziyyətlə bağlı ciddi narahatlıtını ifadə etdi. İclas iştirakçılarının yekun rəyi belə oldu ki, Hindistan və Pakistan Cammu və Kəşmirlə bağlı gərginliyi artıran hər hansı birtərəfli qərar qəbul etmək təcrübəsindən imtina etməlidirlər.

Birləşmiş Ştaların prezidenti Donald Tramp Hindistan və Pakistanı təmkinli olmağa çağırır. Lakin hələ ki bu iki nüvə dövlətindən heç biri mövqeyindən geri çəkilmir. Hadisələrin bundan sonra necə və hansı tərəfin lehinə cərəyan edəcəyini isə zaman göstərəcək…

Hazırladı: G.Hüseynova

Strateq.az

шаблоны для dle 11.2
Tarix: 20-08-2019, 23:59




Xəbər lenti