“KAĞIZ PƏLƏNG” TRAMP VƏ AÇIQ MÜSTƏVİYƏ KEÇƏN GİZLİ SAVAŞ:“Strateji hesablamadan məhrum" Amerika prezidenti Tehranın qarşısında aciz qalıb? – Təhlil


Aleksandr Jelenin

rosbalt.ru, 20.09.2019

 

Amerikanın ABŞ administrasiyasının anonim məmuruna istinad edən CBS News telekanalı iddia edir ki, raket və dronların Səudiyyə Ərəbistanının neft hasilatı və emalı zavodlarına hücumu İranın ali lideri, ayətullah Əli Xamnəi tərəfindən bəyənilib.  Xatırladaq ki, ilkin versiya bundan ibarət idi ki, hücumu Yəmən üsyançıları – səudiyyəlilərin artıq neçə ildir savaş apardığı husilər ediblər.

ABŞ Dövlət Departamentinin başçısı Mayk Pompeo neft obyektlərinə hücumu “İran rejiminin təhdidli davranışı” adlandıraraq üstəlik deyib ki, ABŞ “Səudiyyə Ərəbistanının özünümüdafiə hüququnu dəstəkləyir”.

Yada salaq ki, bu, İranyönlü və əslinə baxılsa, İran güclərinin bölgədə son zamanlar ilk hücumu deyil. Ən gərgin durum bu ilin iyununda yaranıb. Əvvəlcə Oman körfəzində iki tankerə yetərincə müəmmalı  şəkildə hücum edilib – ABŞ prezidenti Donald Trampın fikrincə, buna görə məsuliyyət Tehranın üzərinə düşür. İran sonra artıq gizlətmədən Amerikanın pilotsuzunu vurub, Tramp bundan sonra yalnız son anda təxirə salınmış cavab zərbəsi haqda qərara gəlib.

Ağ Evin başçısı indiki hücumdan sonra hələlik təmkinli barışsevərlik sərgiləyir. Amerika lideri Britaniya baş naziri Boris Consonla görüşdə İrana münasibətdə sanksiyalar rejimini sərtləşdirməyə razılıq verib, amma bildirib ki, hələlik savaşdan söhbət getmir. Onun sözlərinə görə, bu, “son variantdır”.

Bu arada getdikcə daha çox iddia meydana çıxır ki, Səudiyə obyektlərinə iranlıların dəstəklədiyi husilər deyil, özləri hücum ediblər. “Rosbalt”ın icmalçısı bununla bağlı ekspertlərdən bu hadisələrin Fars körfəzində indi artıq İrana qarşı yeni savaşa gətirib-gətirməyəcəyi, yaxud Donald Trampın gəlinən hərbə-zorbaya güc cavabından növbəti dəfə yayınmağa çalışacağı sualını cavablandırmağı xahiş edib.

İranın problemləri üzrə ekspert, RF EA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Vladimir Sajin qeyd edir ki, ABŞ-da “prezident kampaniyası artıq başlanıb və Trampa müharibə gərək deyil”. O, eyni zamanda deyir ki, səudiyyəlilər istərdilər ki, “ABŞ, ya İsrail  İran məsələsini həll edəydi, amma onlar bunu müstəqil etməyəcəklər”. Ekspert təkrar edir – lakin ABŞ-ın indi savaşa başlayacağı ehtimalı azdır.

Sajin hesab edir: “Səudiyyənin neft obyektlərinə zərbələrdən sonra Ağ Evdə müşavirə keçirlib, orada deyilib ki, krallıqda amerikalılar, ya da Amerika mülkiyyətinin obyektləri bu zərbələrdən ziyan görməyib. Yəni Birləşmiş Ştatlar formal olaraq savaşa başlamaq istəmir”.

Onun fikrincə, “gerçək bəhanə olarsa, məsələn, Tehran Fars körfəzində ABŞ-ın hərbi bazalarını vurarsa, amerikalılar İrana münasibətdə güc əməliyyatına qərar verəcəklər. Onda cavab çox güclü olacaq”.

Ekspert eyni zamanda deyir ki, şübhəsi yoxdur ki, iranlıların Səudiyyə Ərəbistanına bu hücumlarda “əli var”: “Hətta düyməni özləri basmayıblarsa da, hər halda, husilərin arxasında durublar”.

Hətta Sajin ekspertlərin fikrinə və başqa materiallara istinadən deyir ki, pilotsuzların və raketlərin Səudiyyə Ərəbistanına Yəmən ərazisindən buraxıldığı ehtimalı azdır. Şərqşünas deyir: “Çox güman ki, bunlar İrandan buraxılıb. Amerika kəşfiyyatının məlumatları göstərir ki, hələ (bu hücumun edildiyi) 14 sentyabra qədər İranın cənub bazalarında bu dron və raketlərin buraxılışına hazırlıq fəallığı qeydə alınıb. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi dünən onların parçalarını təqdim edib – hamısı İranın istehsalıdır”.

Sajin qeyd edir: “Bu zərbələrin zərgər dəqiqliyi mütəxəssisləri mat qoyub. Husilər də bu yaxınlarda ər-Riyad aerodromunu atəşə tutublar, amma belə raketlərlə deyil. Bu, husilərin sərəncamındakından daha çağdaş texnikadır. Səudiyyə Ərəbistanının müdafiə naziri bildirib ki, bu, Tehranın işidir. İndi ən başlıcası bu raketlərin buraxılış yerini müəyyən etməkdir”.

O vurğulayıb ki, Yəmən ərazisinin ən qıraq nöqtəsindən Səudiyyə Ərəbistanında raketlərin düşdüyü yerə qədər min kilometrdən çoxdur. Şərqşünas qeyd edir: “Mütəxəssislər deyirlər ki, üçmetrlik, demək olar, iyirmi dronu belə bir məsafəyə aparmaq çox çətindir, xüsusən də, dediyim kimi, hədəfi vurma dəqiqliyi çox yüksəkdir – 19 önəmli obyekt zərgərsayağı məhv edilib. Buna görə də bunu husilərin Yəmən ərazisindən etdikləri haqda çoxlu şübhə meydana çıxır”.

Ekspert hesab edir – məsələ lap yaxın vaxtda BMT-də ən yüksək səviyyədə müzakirə olunacaq və Tramp orada İrana qarşı diplomatik koalisiya qurmağa çalışacaq.

Sajin CBS News-un Səudiyyənin obyektlərinə son zərbəni İranın ali lideri ayətullah Xamnəinin şəxsən bəyəndiyi haqda məlumatını şərh edərək deyir ki, “İranda ali lider Xamnəinin göstərişi olmadan hətta milçək də uçmur”. Ekspert deyir: “Sözsüz, bunların hamısı dövlət içində dövlət olan və çox güclü hərbi, maliyyə, siyasi və diplomatik resurslara yiyiələnmiş və birbaşa ali liderə tabe İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) əliylə edilir”.

O biri yandan, – Sajin üstəlik deyib, – hesab edirəm ki, İİKK belə aksiyanı (Səudiyyə Ərəbistanına zərbəni) ölkənin ali liderinin birbaşa göstərişi olmadan da onun susmağı ilə həyata keçirə bilərdi. Lakin, əlbəttə, o, hər şeyi bilib. Amma bunu da istisna etmək olmaz ki, o, bütün bunları birbaşa təqdir edib”.

Rusiya EA Avropa İnstitutu Mərkəzi Avropa-Yaxın Şərq Mərkəzinin başçısı Aleksandr Şumilin öz növbəsində Amerika prezidentinin İrana münasibətdə qəti hərəkətlərə hazır olduğundan danışaraq qeyd edib ki, “İran Trampın inkoqnito rejimində hibrid savaşa da cavab güc hərəkətlərini əsaslı şəkildə testdən keçirib”.

Onun sözlərinə görə, bu, Oman körfəzində tankerləri partlatmaq, xarici, o cümlədən, Britaniya gəmilərini öz limanlarına qaçırtmaq, Amerika pilotsuzunu məhv etməklə edilib.

Ekspert deyir: “Amma bütün bunların cavabında heç nə baş verməyib. Və nəhayət, Trampın İrana hədiyyəsi – prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu işdən çıxartmaq. Tehranın əl-qolu açılıb, görür ki, Tramp “kağız pələng”dir, belə ki, basqını davam etdirmək olar. İran sanksiyalar və neftinin dünya bazarına buraxılmadığı bir şəraitdə boğulur, bu da artıq göz qabağındadır. Bu da İran liderlərini güc metodlarına itələyir”.

Şumilinin fikrincə, İran indi “Boltonun da qarşı durmağa çalışdığı güc yanaşması sərgiləyir. Onun  gedişi ilə durum Tehran üçün gözədəyər dərəcədə yaxşılaşır. Onun səudiyyəlilərə son zərbələrinin Boltonun istefasından cəmi üç gün sonra endirildiyi təsadüf deyil”.

Ekspertin sözlərinə görə, amerikalılar sözdə çox şeyi düz deyirlər. O, xüsusən Dövlət Departamentinin Səudiyyənin neft obyektlərinə zərbələri “müharibə aktı” adlandıran başçısı Mayk Pompeonun ifadələrini misal gətirir.  Şumilin qeyd edir – amma Tramp durumu qarışdıraraq “bütün bunları əngəlləməyə cəhd edir”. Bununla yanaşı, ekspert əmindir ki, “Vaşinqtonda Amerika prezidentinə təzyiq çoxalacaq”. Onun fikrincə, bundan savayı, Knessetə təzəcə başa çatmış seçkilərdən sonra Amerikada İsrailyönlü lobbi də fəallaşır.

Şumilin deyir: “Pentaqonda hesab edildiyi kimi, İranı məhdud zərbələrlə durdurmağın gərəkliyi duyumu Amerikada artır, lakin  Tramp da artıq başladığı seçkiqabağı kampaniya çərçivəsində bunu özü üçün əlverişsiz sayır”.

Ekspert yekun vurur: “İndi Trampın bu dəfə də “yaxasını qırağa çəkəcəyini” təsəvvür etmək çətindir, amma belə bir şey mümkündür, çünki o, strateji hesablamadan məhrum adamdır, əxlaqi prinsiplərdən məhrum işbazdır”.

Tərcümə Strateq.az-ındır.

шаблоны для dle 11.2
Tarix: 21-09-2019, 21:20




Xəbər lenti