Türk ordusunu Liviyada nə gözləyir – BARMAQLAR TƏTİKDƏ


Türk ordusunu Liviyada nə gözləyir –     BARMAQLAR TƏTİKDƏ

Vasili Kuznetsov: “Ruslar Suriyaya girən zaman üstün mövqedə idilər, türklər üçünsə fərqli vəziyyət hökm sürür”

 

Xəbər verdiyimiz kimi, Moskvada Liviya böhranı ilə bağlı keçirilən toplantı yarımçıq başa çatıb. General Haftar toplantını yarımçıq dayandıraraq tələb edib ki, Türkiyə ordusu Liviyadan çıxmalıdır.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Liviya Milli Ordusunun (LMO) rəhbəri Xəlifə Haftarın tələbinə və toplantını tərk etməsinə sərt reaksiya verib: “Haftar atəşkəs razılaşmasını imzalamadı. Əvvəlcə “hə” dedi, sonra Moskvanı tərk etdi, qaçdı. Bundan sonra məsuliyyət cənab Putin və onun komandasının üzərinə düşür. Biz sözümüzün üstündə durduq, amma Haftar danışıqları tərk etdi. İrəli sürdüyü şərtlər onun əsl simasını göstərir. Atəşkəsi qəbul etməməsi bizi heç təəccübləndirmədi. Hücumları dayandırmasa, Haftara lazımi dərsi verməktən geri çəkilməyəcəyik”.

Baş verənləri AYNA-ya şərh edən rusiyalı politoloq, Yaxın Şərq üzrə ekspert Vasili Kuznetsovun sözlərinə görə, Haftar xarici oyunçulardan, xüsusilə Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanından maliyyə və digər dəstək alır: “Türk ordusunun Liviyaya getməsinin bir neçə səbəbi var. Bununla Ankara Suriya müharibəsindən qismən uzaqlaşmış olur və diqqətini Liviyaya yönəldir. Digər tərəfdən, Türkiyə şirkətlərinin Liviyanın neft və qaz sektorunda ciddi kommersiya maraqları var. Bundan əlavə, Türkiyə ilə Liviya hökuməti arasında imzalanan bu müqavilə Ankaraya müharibədə qalib gələcəyi təqdirdə üstünlük verir”.

 

Türk qoşunlarının müharibənin gedişinə təsir imkanlarına gəlincə: “Bunu Rusiyanın Suriyaya daxil olması ilə müqayisə edənlər var, amma burada fərqli vəziyyət var. Əvvəla, eyni miqyaslı məsələlərdən söhbət gedə bilməz. Bundan əlavə, Rusiya Suriya müharibəsinə başladığı zaman, Suriyada vəziyyətə xeyli dərəcədə nəzarət edən güclü hökumət vardı ki, bu da Moskvanın əlini gücləndirirdi. Liviyada isə hökümət qurumları çox zəifdir, ərazilər üzərində nəzarət təcrübəsi yoxdur. Yəni, Ankara burada üstün durumda deyil”.

 

“Buna görə də Liviyada hərbi əməliyyatların dönüş nöqtəsi, Türk ordusunun imkanları barədə proqnoz verməkdə çətinlik çəkirəm. İstənilən hala, türklərin Liviyadakı hərbi mövcudluğu qarşıdurmanın daha da uzanması isə nəticələnəcək”, - deyə Kuznetsov vurğulayıb.

Tarix: 15-01-2020, 08:33




Xəbər lenti