Gədəbəydə çəkişən məmurlar... - İDDİA

Gədəbəydə çəkişən məmurlar... - İDDİA Artıq bir neçə ildir ki, “Gündəm Xəbər” qəzetində əslən Gədəbəy rayonundan olan və əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş Əliyev Oqtay Qara oğlu adlı şəxsin, 12 fevral 2015-ci il tarixdən üz-üzə qaldığı problemlərlə bağlı bir neçə dəfə tənqidi açıqlamalar dərc edib, hər kəsi baş verənlərlə bağlı az-çox
məlumatlandırmışıq.

Təəssüf doğuran hal odur ki, adı çəkilən şəxsin problemi haqda Prezident Administrasiyasında rəsmi vəzifə sahibi olan şəxslərdən bəziləri məlumatlı olsalar belə, hələ də Oqtay Qaraoğlunun problemi həllini tapmır ki, tapmır. Problemin mahiyyəti ondan ibarətdir ki, 12 fevral 2015-ci il tarixdə Əliyev Oqtay Qara oğlunun Gədəbəy şəhəri M.Quliyev küçəsində şəxsi mülkiyyətində olan 38,5 kvm-lik obyekti, heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan, eyni zamanda adı çəkilən şəxsin yaxınlarından bir kimsə belə xəbərdar olunmadan, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun vermiş olduğu şifahi tapşırıqlar əsasında altüst edilir. Onu da qeyd edək ki, Oqtay Qaraoğlu şəxsi mülkiyyətində olan obyektinə 08 iyul 2008-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Şəmkir rayon Ərazi İdarəsindən qeydiyyat nömrəsi 3108001461, reyestr nömrəsi isə 505013000395-06301 olan 0001695 saylı çıxarış da alıb. Adı çəkilən qurumdan belə bir çıxarışın verilməsinə baxmayaraq, Gədəbəy RİH-nin başçısı başda olmaqla, rayonun əksər vəzifə sahibləri ona qarşı olduqca qanunsuz addımlarını atırlar. Belə olan halda zərərçəkən şəxs aidiyyəti qurumlara, yüksək çinli vəzifə sahiblərinə, o cümlədən İcra Hakimiyyəti Aparatına bu günədək dəfələrlə yazılı, yaxud da şifahi müraciətlərini ünvanlasa da, bir kimsə onun müraciətlərinə, yazmış olduğu ərizələrinə məhəl qoymayıb. Bu cür münasibətin varlığı da, Oqtay Əliyevin Konstitusiya ilə qorunan hüquqlarının tapdaqlar altına atılması deməkdir.
Onu da vurğulayaq ki, zərəçəkən şəxs şəxsi mülkiyyətində olan obyektini 2011-ci ildə “RabitəBank”a girov qoymaqla, adı çəkilən bankdan 50 min manat kreditə pul götürür. Məqsədi gələcəkdə sahibkarlıq fəaliyyətini genişləndirmək olur. Elə ki, 12 fevral 2015-ci il tarixdə onun şəxsi mülkiyyətində olan obyekti, icra başçısının şifahi tapşırıqları əsasında darmadağın olunur, o halda obyektin içərisindəki avadanlıqlarla bərabər, ayrı-ayrı firmalardan nisyə götürdüyü ərzaq malları və s-də tamamilə yarasız hala salınır. Daha faciəli hal odur ki, Oqtay Qaraoğlu 2011-ci ildə şəxsi mülkiyyətində olan obyektini “RabitəBank”a girov qoyub 50 min manat kreditə pul götürərkən, adı çəkilən banka yaxın qohumu İbrahimova Esmira Rüstəm qızına məxsus, Bakı şəhəri Biləcəri qəsəbəsi Biləcəri Yolu ev-1, mən-5 ünvanında yerləşən mənzili də ikinci girovluğa qoyur. O, kreditə götürdüyü pulu bu günədək ödəyə bilməyib. Səbəb də, zərərçəkən şəxsin şəxsi mülkiyyətində olan obyektinin 12 fevral 2015-ci il tarixdə heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan darmadağın etdirilməsi olub. Belə olan halda bank tərəfi Oqtay Qaraoğlunun birinci girovluğa qoyduğu obyektinin altüst edilməsini əsas tutaraq, ikinci girovluğa qoyduğu mənzillə bağlı Binəqədi rayon Məhkəməsinə müraciət edir. Yuxarıda qeyd etdiyimiz kimi, həmin mənzil onun yaxın qohumu İbrahimova Esmira Rüstəm qızının adına olduğu üçün, bank tərəfinin iddia tələbi əsasında proses Bakı şəhəri, Binəqədi rayon Məhkəməsində keçirilir. Proses zamanı qərar qəbul olunur ki, banka borclu Əliyev Oqtay Qara oğlunun şəxsi mülkiyyətində olan və Gədəbəy şəhəri M.Quliyev küçəsində yerləşən qeyri-yaşayış binası, açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılaraq boşaldılsın və əldə olunan pul vəsaiti borcun ödənilməsinə yönəldilsin. Əgər satılmış əmlakdan əldə olunmuş pul vəsaiti ümumi borcun ödənilməsinə kifayət etməzsə, o halda ikinci girovluğa qoyulmuş və İbrahimova Esmira Rüstəm qızının adına olan Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi-2 “B” saylı evin 5-ci mənzil də satışa çıxarılsın. Onu da vurğulayaq ki, Oqtay Qarağluna məxsus əmlak vaxtilə məhkəmənin müəyyən etdiyi ekspert komissiyası tərəfindən 50 min manat dəyərində, ikinci girovluğa qoyduğu mənzil isə 70 min min manat dəyərində qiymətləndirilmişdi. Diqqəti cəlb edən hallardan biri də o olur ki, zərərçəkən şəxsin şəxsi mülkiyyətində olan və 0.006 ha torpaq üstündə yerləşən 2 nömrəli 1 girişli, ümumi sahəsi 38,5 kvm olan obyektilə bağlı məhkəmə qərarından sonra, “Market” qəzetinin 02 fevral-08 fevral 2015-ci il tarixli sayında həmin obyektin satışı ilə bağlı elan yerləşdirilir. Çox keçmir ki, verilmiş elan əsasında həmin obyekti 50 min manata almaq istəyən müştəri meydana çıxır. Elan çıxdıqdan bir neçə gün sonra Oqtay Qaraoğlu müştəri ilə birlikdə Gədəbəy rayonunda olur və birlikdə obyektə baxış keçirmək istəyirlər. Həmin vaxt onlar gördükləri mənzərədən dəhşətə gəlirlər. Çünki, onun müştəriyə satmaq istədiyi obyeki nəinki yerlə-yeksan edilir, hətta obyektin içərisindəki avadanlıqları, ayrı-ayrı firmalardan nisyə aldığı ərzaq məhsulları və s-də kimlər tərəfindənsə “qeybə çəkilir”. Həmin vaxtdan Oqtay Qaraoğlu ilə “Rabitə Bank”la arasında əmələ gələn problemlər xoşagəlməz macəraya yönəlir və bu gün də davam etməkdədir. Deməli, qeyd olunan tarixdə ona məxsus obyekt dağıdılmasaydı, o halda o, şəxsi mülkiyyətində olan obyektini həmin müştəriyə satmaqla banka olan borcunu ödəyə bilərdi. Bu da onu söyləməyə əsas verir ki, “Rabitə Bank”la Oqtay Qaraoğlu arasınada əmələ gələn problemlərin kökündə, 12 fevral 2015-ci il tarixdə şəxsi mülkiyyətində olan obyektinin icra başçısının vermiş olduğu şifahi tapşırıqları əsasında darmadağın edilməsi durur. Onu da vurğulayaq ki, Oqtay Qaraoğlunun ikinci girovluğa qoyduğu mənzillə bağlı Binəqədi rayon Məhkəməsində çıxarılmış qərardan sonra, həmin mənzil hərraca çıxarılır. Hərracın 27 fevral 2015-ci il tarixdə saat 11:00-da Bakı şəhəri M.Müşfiq küç 2A ünvanında keçirilməsi haqda “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-i tərəfindən ona, İbrahimova Esmira Rüstəm qızına və onun övladları İbrahimova Aysel Elman qızına, Seyfarli Aqşin Elman oğluna bildiriş də çatdırılır. Bütün bunları qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, bu gün həmin mənzil “RabitəBank”ın balansına keçib və bank tərəfi gec-tez həmin mənzili hərrac yolu ilə satıb dörd nəfərlik ailə üzvlərini bayıra atdıracaq. Bu da iki ailənin üz-üzə qalması ilə bərabər, digər xoşagəlməz olayların da əmələ gəlməsi ilə nəticələnəcək. Bir həqiqəti də qeyd edək ki, təqribən 34-35 aydan çoxdur ki, Oqtay Qaraoğlu qanuni əsaslarla şəxsi mülkiyyətində olan əmlak problemini heç cür həll edə bilmir. Bu şəxsin aidiyyəti qurumlara sayı-hesabı bilinməyən sayda ünvanladığı müraciətləri, yazmış olduğu ərizələri və teleqramları hələ də nəticəsiz qalmaqdadır.
Amma baş verən belə bir olayların varlığına baxmayaraq, Oqtay Qaraoğlu üz-üzə qaldığı problemlərlə bağlı 13 noyabr 2017-ci il tarixdə Prezidentinin Administrasiyası, Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin “ukrator”u cənab Əlibala müəllimin təkrar qəbulunda olur və bütün problemləri haqda bir daha ona ətraflı məlumat verir. Ümumi söhbətin gedişi zamanı PA-nın rəsmisi Oqtay Qaraoğluna “biz Gədəbəy RİH-i ilə əlaqə saxlayıb, səni rayon rəhbərliyinin qəbul etməsi tapşırığını verərik” deyir. Bəli, əslində bu belə də olur. Oqtay Qaraoğlu baş verənlərlə bağlı “Gündəm Xəbər”ə ünvanladığı təkrar müraciətində qeyd edir ki, “13 noyabrda Gədəbəy RİH Aparatı, Hüquq şöbəsinin müdiri Zülfüqar İsgəndərov mənə zəng edib bildirdi ki, “16 noyabr 2017-ci il tarixdə saat 10:00-da Gədəbəy RİH-nin başçısı Ramiz Yediyarov səni və “RabitəBank”ın nümayəndəsini birlikdə qəbul edəcək”. Dərhal “RabitəBank”la əlaqə saxladım və hansısa nümayəndənin ayrılmasını qarşı tərəfdən xahiş də etdim. 16 noyabrda icra başçısı məni və bankın nümayəndəsi Abbas Abbasov adlı şəxslə birlikdə qəbul etdi və problemin həlli yolları haqda müəyyən müzakirələr də apardıq. Ümumi vəziyyət haqda ətraflı məlumat əldə edən rayon rəhbərliyi, problemin həlli məqsədilə şəxsi mülkiyyətimdə olan və 12 fevral 2015-ci il tarixdə heç bir əsas olmadan dağıdılmış mağazamın əvəzində, mənə yeni mağazanın verilməsi vədini verdi və bu yöndə Gədəbəy RİH Aparatı, Hüquq şöbəsinin müdiri Zülfüqar İsgəndərova lazımi tapşırıqlar verdiyini də diqqətimizə çatdırdı. Elə ki, səhərisi gün Bakı şəhərində oldum, o halda Zülfüqar İsgəndərov təkrar mənə zəng edərək “RabitəBank”ın problemlər şöbəsindən əlaqə nömrəsi istədi və bir daha Gədəbəyə getməyimi bildirdi. Elə ki, 05 dekabr 2017-ci il tarixdə səhər saatlarında Gədəbəy RİH-də oldum, o zaman icra hakimiyyətinin rəsmisi günorta saat 16:00-da onun qəbulunda olmağımı məsləhət bildi. Bu dəfəki müzakirə isə, sanki Zülfüqar İsgəndərovun düzüb-qoşduğu plan əsasında olduğundan, müzakirələr tamamilə fərqli macəraya yönəldi. Yəni, təkrar müzakirələr zamanı adı çəkilən şəxs RİH-nin başçısı Ramiz Yediyarovun vermiş olduğu tapşırığı deyil, sanki özünün mərkli planlarını qarşıma şərt olaraq qoydu. Yəni, bu şəxs mənə hər hansı mağazanın verilməsini, hər hansı kompensasiyanın ödənilməsini qəti şəkildə inkar etdi. İH rəsmisinin rəsmisi yalnız onu bildirdi ki, “biz icra hakimiyyəti olaraq 12 fevral 2015-ci il tarixdə dağıdılmış və şəxsi mülkiyyətində olmuş obyektinin alt hissəsindəki 0.006 ha torpaq sahəsinin alqı-satqısını həyata keçirə bilərik və bunun qarşılığında, sənə yalnız 15 min manat pul verərik” dedikdə, adı çəkilən şəxsin danışdıqları sanki məni hövsələdən çıxartdı və həmin an ona bildirdim ki, obyektim darmadağın edilməzdən öncə məhkəmə əməkdaşlarının baxışı ilə mağazam 50 min manat dəyərində qiymətləndirilib. Odur ki, ilk əvvəl həmin zərəri ödəyin, sonra şəxsi mülkiyyətində olan 0.006 ha torpaq sahəsinin alqı-satqısının həyata keçirilməsi yöndə müəyyən müzakrələr apara bilərik. Torpaq sahəsi ilə bağlı bugünkü bazar qiyməti, təqribən 60-65 min manat həndəvərindədir dedim. Zülfüqar İsgəndərovun belə bir davranışı və qarşıma qoyduğu şərtlərlə, 13 noyabr 2017-ci il tarixdə icra başçısı Ramiz Yediyarovun verdiyi vəd tamamilə bir-birini inkar edirdi. Bu da o deməkdir ki, şöbə müdiri vəzifəsini daşıyan bu şəxs icra başçısına “quyu qazmaq”la bərabər, həm də çoxsaylı sakinləri dövlət-hakimiyyət orqanlarından narazı salmağı qarşısına məqsəd qoyub. Çox təəccüblü haldır ki, həmin gün Zülfüqar İsgəndərov PA-dan verilən tapşırığı, rayon icra hakimiyyəti başçısının vermiş olduğu vədi saya salmadı. Yəni adı çəkilən şəxs, bu gün şəxsi maraqlarının təmin olunması məqsədilə hər cür iyrənc addımlara əl atır. Görəsən illərdən bəri daşıdığı vəzifəsindən “ikiəlli yapşan”, müxtəlif xarakterə və fərqli iş üslubuna məxsus icra başçıları ilə “dil tapmağı” bacaran Zülfüqar İsgəndərov, bu gün məsuliyyətini dərk etmirmi? Axı, bu şəxs onu dərk etmirmi ki, qarşıdan növbəti prezident seçkiləri gəlir və çoxsaylı seçiciləri narazı salmaq nə deməkdir?”.
Baş verənlərə və Oqtay Qaraoğlunun danışdıqlarına diqqət yetirdikdə belə bir qənaətə də gəlmək olur ki, zərərçəkən şəxsin illər uzunu getgələ salınmasında, məhz Zülfüqarov faktoru əsas rol oynayıb. Çünki, Qaraoğlu ünvanladığı müraciətində vurğulayır ki, “mən bu günə kimi aidiyyəti dövlət qurumlarına saysız-hesabsız ərizə və teleqramlar göndərmişəm. Hər dəfə də, mənə yuxarı instansiyalardan “probleminizin araşdırılması məqsədilə məktubunuz Gədəbəy RİH-nı göndərilmişdir” deyə cavablar verilib. Deməli, PA-na və digər qurumlara ünvanladığım məktubar Gədəbəy RİH-nə göndərilir və həmin qurumda da Zülfüqar İsgəndərov bütün məktubları itbata saldırır, yaxud da özü salır. Bax budur bu şəxsin gördüyü işlər, atdığı qanunsuz addımlar! Belə bir səbəblər üzündəndir ki, bu günə kimi neçə-neçə sakinlərin problemləri həllini tapmır, ünvanlanan məktublar isə, sanki toz-torpaqlar içərisində itib-batır”.

P.S. Hörmətli oxucular! Növbəti saylarımızda Gədəbəy RİH Aparatı, Hüquq şöbəsinin müdiri Zülfüqar İsgəndərovun təkcə iş prosesində deyil, iş prosesindən kənar hansı əməllərə qol qoymasından da bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləyin. шаблоны для dle 11.2
Tarix: 15-12-2017, 16:13




Xəbər lenti