Mədəniyyət Nazirliyi Beyləqanda tarix – diyarşünaslıq muzeyinə “racon” kəsib? – İDDİA

           
Mədəniyyət Nazirliyi Beyləqanda tarix – diyarşünaslıq muzeyinə “racon” kəsib? – İDDİA
24 mart 2000-ci ildə prezident fərmanı ilə təsdiq edilmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanununun 24-cü maddəsində muzeylərin maliyə mənbələri göstərilib: büdcədən ayrılan vəsait; biletlərin satışından əldə olunan gəlir; ekskursiya xidməti, sərgilərin təşkili, çap məhsullarının və suvenirlərin hazırlanması və satışından əldə olunan gəlirlər, muzeylərə məxsus bədii salon, emalatxana və digər obyektlərdən yığılan gəlirlər; hüquqi və fiziki şəxslərin könüllü ayırmaları; məsləhətlər verilməsi və ekspertiza keçirilməsindən əldə olunan gəlirlər və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər xidmətlərdən əldə edilən gəlirlər.

Muzeylərin binasının Əmlak Məsələləri Dövlət Komitəsindən xəbərsiz icarəyə verilməsi isə qanunvericiliklə qadağan olunan xidmətdir. Beyləqan rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin alt mərtəbəsinin otaqlarının hazırlıq kursları üçün 70 manata icarəyə verilməsi ilə bağlı məqaləmizdən sonra ortaya bir sıra şokedici faktlar çıxdı. Düzdür, ilk başdan həm Kürdəmir Regional Mədəniyyət İdarəsi, həm də onun Beyləqanda fəaliyyət göstərən nümayəndəliyinin rəhbəri Nazim Mirzəyev muzeyin alt mərtəbəsinin hazırlıq kurslarına icrayə verilməsi məsələsinə müxtəlif “don geyindirməyə” çalışdılar. Gah dedilər ki, muzeylərin icarəyə verilməsi Maliyyə Nazirliyinin göstərişidir. Gah da dedilər Mədəniyyət Nazirliyi belə bir göstəriş verib. Məqsəd də guya bu olub ki, muzeylər özləri özlərini maliyyələşdirsinlər, fəaliyyətləri dayandırılmasın.

RealMedia.az-a daxil olan məlumatlarda bildirilir ki, Nazim Mirzəyev bu məsələyə görə cavabdehliyi muzeyin direktorunun-zərif cinsin nümayəndəsinin üzərinə atıb. Güya ki, Beyləqan Tarix-Diyarşünaslıq Muzeyində otaqların icarəyə verilməsindən xəbərsizdir. Əslində isə bütün işlərin təşkilatısı onun özü olduğu bildirilir.

Daha təəssüfdoğurucu xəbər oldur ki, Nazim Mirzəyev Mədəniyyət və Turizm Nazirliyinin Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinə 800 manat aylıq “racon” kəsdiyini deyir. Hər ay tələb olunan məbləğ Kürdəmir Regional İdarəsinə çatdırılmalı, ordan da Nazirliyə verilməlidir. Əgər həmin məbləğ çatdırılmasa, muzeyin fəaliyyəti dayandırılacaq. Məcburən, Tarix -Diyarşünaslıq Muzeyinin alt mərtəbəsi təlim kursları üçün icarəyə verilir ki, həmin tələb olunan 800 manat məbləğində pul düzəlsin.

Eyni zamanda da muzeylərin nəzdində kurs və dərnəklərin açılmasına Nazirlik tərəfindən icazə verildiyi deyilir. Görünür, həm Kürdəmir Regional Mədəniyyət İdarəsinin müdiri Elman Məmmədov, həm onun Beyləqandakı nümayəndəsi Nazim Mirzəyev, eləcə də onların Mədəniyyət və Turizm Nazirliyindəki göstəriş verənləri bilmirlər ki, muzeylərin otaqlarını özbaşına kirayəyə verməklə dövlət əmlakına əl qoyurlar. Mövcud qanunvericiliyə görə, dövlət əmlakının satılmasını, icarəyə verilməsini yalnız ƏMDK həyata keçirir. Bundan başqa, bağlanmış icarə müqaviləsinə əsasən 14 % gəlir vergisi ödənilməlidir. Məsələn, icarəyə götürülmüş hər bir otağa görə, onun 70 manat icarə haqqından 9.8 manat vergi tutulmalıdır.

Qeyd edək ki, muzeylərdə kursların və dərnəklərin açılması o demək deyil ki, muzeyin otaqları kimlərəsə kirayəyə verilməlidir və kimsə də həmin otağı icarəyə götürüb haqqını ödəməklə hazırlıq kursları açmalıdır. Biz bu məsələyə yuxarıda aydınlıq gətirdik. Əslində muzeydə kurslar və dərnəklər təşkil oluna bilər. Sual oluna bilər ki, necə? Muzeylərin nəzdində profilə uyğun (!) ödənişli kurslar və dərnəklər açılır ki, həmin kursa gələn şagirdlərdən əldə olunan müəyyən məbləğ qarşılığında da dərs deyən müəllimə aylıq məvaciblər verilsin. Müəllim də müqavilə əsasında tarix-diyarşünaslıq muzeylərində kurs keçə bilər. Bizim nəzərdən keçirdiyimiz misalda isə tarix-diyarşünaslıq muzeyinin otaqları kimlərəsə, hansısa kurs müəllimlərinə qeyri-qanuni yolla icarəyə verilib, əldə olunan gəlir də dövlətin nəfinə deyil, kimlərinsə cibinə axır.

Başqa bir məsələ də var. İstər yanğından, istərsə də digər təbii hadisələrdən muzey eksponatlarının sığortalanması da vacib sayılmalıdır. Beyləqan Tarix-Diyarşünaslıq Muzeyində fəaliyyət göstərən kurs rəhbərlərinin fövqəladə hallara qarşı mübarizə sahəsində yetərincə bilgiləri varmı və onların qarşısında bu müstəvidə yol verə biləcəkləri səriştəsizliyə görə daşımalı olduqları məsuliyyəti rəsmiləşdirəcək cavabdehlik məsələsi qoyulubmu?

Yazıda ƏMDK-nin, Mədəniyyət və Turizm Nazirliyinin və digər adları çəkilən qrumların mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

RealMedia.az 
  http://teref.az/manset/139290-medeniyyet-nazirliyi-beyleqanda-tarix-diyarsunasliq-muzeyine-racon-kesib-dda.html
шаблоны для dle 11.2
Tarix: 13-01-2020, 21:24




Xəbər lenti