“Laçının kəndlərində tikilmiş yaraşıqlı iki-üç mərtəbəli evlər bu dağlara xüsusi gözəllik verirdi…”


Qaçqınlara verilmiş yeni mənzillərin “dədə-baba evlərindən daha yaxşı olduğunu” deyənlərin nəzərinə…
Bunu laçınlılar özləri deyil, rayona qonaq gəlmiş bir insan nəql edir…



Dövlətimizin son onilliklərdə işğal altındakı Azərbaycan torpaqlarından – Qarabağdan didərgin salınmış məcburi köçkünlərə verdiyi yeni mənzillərin  o cənnət guşələrdəki “dədə-baba evlərindən daha yaxşı olduğu”nu iddia edərək guya iqtidarın gözündə özünü ucuz şəkildə “ucaltmağ”a çalışan bəzilərinin nəzərinə 29 il öncə1991-ci ilin yaz-yay aylarında  Dağlıq Qarabağ Muxtar Vilayəti və ona bitişik rayonların komendant müavini olmaqla yanaşı,  Laçın rayon Daxili İşlər şöbəsinin rəis əvəzi işləmiş polkovnik Əzim Piriyevin “Yarımçıq qalmış “Ümid” əməliyyatı” kitabından bir parçanı xatırladırıq:  

"Laçınlılar firavan yaşayırdılar,  zövqlə, yeni dəblə geyinirdilər, şəhərlilərdən heç də geri qalmırdılar..." 


“…Doğrusu, burada qalmağımdan peşiman deyildim. Çoxdandır ki, Laçın rayonunda olmamışdım. Rayonun siması tam dəyişilmişdi.  Laçının mərkəzində, onun kəndlərində tikilən yaraşıqlı iki-üç mərtəbəli yaşayış evləri  bu dağlara  xüsusi gözəllik verirdi. İnsanların yaşayış səviyyəsi çox yüksəlmişdi. Onlar firavan yaşayırdılar,  zövqlə, yeni dəblə geyinirdilər, şəhərlilərdən heç də geri qalmırdılar. Kəndlərin çoxunda mədəniyyət sarayları, təzə məktəb binaları, xəstəxanalar, kitabxana, məişət  evləri və s. tikilib istifadəyə verilmişdi.

Bu vüqarlı, başı qarlı dağlar, yaşıl meşələr, diş üşüdən buz bulaqlar, göy çəmənlər, gözəl yaylaqlar mənə çoxdan tanış idi, doğma idi. Çünki mənim uşaqlıq illərimin  çoxu bu dağlarda, yaylaqlarda keçmişdi... 

Minkəndin yuxarısında yüksəklikdə Kilsəli yaylaqları, İşıqlı dağı, onun qoynundakı Beş bulaq, ətəyindəki İlaxlar bulağı, Gəvənli təpə, gəvən kolların dibində yumurtaları üstündə yatan xınalı kəkliklər, Daş ovucundakı çobanların süd-qaymağı – hamısı yadımdadır...”

Dəyərli oxucularımızı polkovnik Əzim Piriyevin Laçın rayonunun işğalından öncə burada  baş vermiş olaylar, sakinlərin xarakterik xüsusiyyətləri, qonaqpərvərliyi, torpaqlarının erməni təcavüzündən müdafiəsi üçün əlindən gələni etməsi və s. barədəki xatirələri ilə geniş şəkildə daha sonra tanış edəcəyik....

Sultan Laçın
шаблоны для dle 11.2
Tarix: 24-03-2020, 21:40




Xəbər lenti