Laçının işğalından az sonra Elbrus Orucova polkovnik rütbəsini kim verdi?







“Mayın 18-də Laçının yaxınlığında, mənim yanımda Elbrus Orucov Baş qərargah rəisi Şahin Musayevdən yazıq-yazıq belə bir xahiş etdi: ”Şahin Xeyrəddinoviç, yorulmuşam, icazə verin, gedim bir az dincəlim...” 

…Şuşa və Laçının 26-cı qara “yubileyi” tamamlansa da, hər biri bir təbii qala olan bu dilbər guşələrimizin asanlıqla düşmənə təslim edilməsinin ağrı-acısı bir yana, həm də  onların işğal sirlərinin açılmaması, işğalçı və terrorçu ermənilər bir yana, Azərbaycan hakimiyyəti və hərbi rəhbərlikdə buna şərait yaratmış xainlərin cəzalandırılmaması qəlbimizi yaxıb yandırır...

...26 il öncə bu günlərdə Şuşa və Laçın ətrafında təxribatlar baş alıb gedir, məntiqsiz əmr və göstərişlər verilirdi.  30 aprel 1992-ci ildə Azərbaycanın o vaxtkı Baş Qərargah rəisi, artıq Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsinin (“QRU”) agenti olduğunu indiki və keçmiş dövlət rəhbərliyinə etiraf etmiş  general Şahin Musayevin hazırlatdığı və müdafiə naziri Rəhim Qazıyevin imzaladığı əmrlə o dövr üçün kifayət qədər nizam-intizamla idarə olunan, polkovnik Arif Paşayevin komandirlik etdiyi Laçın alayı - 811 saylı hərbi hissə rəsmən ləğv olunaraq aprelin 22-dən Şuşa, Laçın, Qubadlı və Zəngilan bölgələri üzrə hərbi komendant təyin olunmuş polkovnik-leytenant Elbrus Orucovun ixtiyarına buraxılır...  Alay rəhbərliyi bu əmrə tabe olmasa da, şəxsi heyət bundan xəbər tutmasa da, qeyri-iradi komandanlıqda və döyüş əmrlərinin verilməsində pərakəndəlik və xaos yaranır....

Sonradan məhkəmədə və müsahibələrində sabiq müdafiə naziri Rəhim Qazıyev o günlər işin hədsiz çoxluğundan onu hazırlayanlara etibar etməklə həmin əmri əsl məğzi ilə tanış olmadan imzaladığını bildirir...
Moderator.az 1992-ci il mayın 1-dən 18-dək Laçında baş verənləri 811 saylı hərbi hissənin- Laçın alayının sabiq qərargah rəisi, ehtiyatda olan mayor Rafiq Nağıyevin gündəlik və xatirələri əsasında nəzərinizə çatdırır.

“Mayın 18-də Laçın alayının azsaylı qüvvələri  öz təşəbbüsü ilə əks-hücum cəhdi etdi...”
 
(Materialın əvvəlki hissələri üçün bu linkə baxın: moderator.az/news/225559.html
 
“…18 may 1992-ci il...  Günəş  çıxanda biz Tikanlı Zəmi postunda idik. Artıq ermənilər Ağanus kəndi istiqamətindən Laçın-Qubadlı yolunu bağlamışdılar. Laçından odlar qalxırdı... Ermənilərin günortaya yaxın Laçına girdiklərini müşahidə etdik... 

Bir azdan Qayğı qəsəbəsi istiqamətinə gedəndə qarşıdan gələn 4 “UAZ” markalı maşınla rastlaşdım. Avtomobili saxlatdım. Qarşıdakı maşından  Baş qərargah rəisi general Şahin Musayev, Elbrus Orucov və başqa yüksək rütbəli zabitlər düşdülər. Bu zaman  Ermənistanın Gorunzur kəndi tərəfdən pulemyot atəşinə tutulduq. Şahin Musayevin komandası cəld maşınlara minib Güləbird istiqamətinə üz tutdu. Mənim də arxalarınca getməmi istədilər... 

Güləbird körpüsündə görüşdük. General Şahin Musayevə yaxınlaşıb məruzə etdim. Əvvəlcə mənə qulaq asmaq belə istəmədi. Soruşdu ki, Laçını niyə müdafiə edə bilmədiniz. Ona Şuşanın işğalından sonrakı Turşsudakı olaylardan başlayaraq həmin günə, yəni mayın 18-dək  olanları məruzə etdim. Heç nə demədi. Orucov isə Baş qərargah rəisindən yazıq-yazıq xahiş etdi:”Şahin Xeyrəddinoviç, yorulmuşam. Mənə icazə verin,  20 gün dincəlim...” General Musayev də ona cavab verdi ki,  yaxşı,  get, dincəl, 20 gündən sonra yanımda olarsan... 

Orucov geri dönəndə məni görüb dedi ki, Rafiq, indi sizin barədə də soruşaram. Və bir daha  Musayevə tərəf dönüb dedi:”Şahin Xeyrəddinoviç, laçınlılarla nə edək?” Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi isə gözlənilməz bir  cavab verdi: “Heç nə. Silahlarını əllərindən al, çıxıb getsinlər evlərinə...” Mən əsəbi halda dedim ki, birincisi, bizim getməyə evimiz qalmayıb. “İkincisi də biz getsək, Laçının cənubunda qalmış əraziləri kim müdafiə edəcək? Laçının cənub kəndlərində bizim əsgərlər müdafiə mövqeyindədirlər, biz çıxsaq, erməni Qubadlını da alacaq...” General Musayev isə laqeydliklə belə cavab verdi: “Heç kim... Ermənilərə Laçın dəhlizi lazım idi, onu da aldılar... Qubadlıya gəlməyəcəklər...”  Bundan sonra Musayev və Orucov  maşınlara oturub Qubadlı istiqamətinə yollandılar... 

Cəmi 22 gün sonra - 1992-ci il iyunun 11-də isə  Şuşa və Laçının müdafiəsinə bilavasitə cavabdeh olmuş Elbrus Orucov polkovnik, Şuşada onun yanında hərlənənlərdən hər bir zabit yüksək rütbə, sıravi iki nəfər isə baş leytenant və kapitan rütbəsi aldılar...

Bundan sonra Güləbird bölüyü və bizim kəşfiyyat bölüyünün iştirakı ilə Ağanus istiqamətinə əks-hucum cəhdimiz baş tutmadı. Çünki artıq ermənilər həmin istiqamətdə yolu bağlamışdılar...
Rəhmətlik Vaqif Salmanovun komandirliyi ilə kəşfiyyat bölüyü və Güləbird bölüyü  heç bir texnikasız-filansız, yalnız atıcı silahlarla Laçının təxminən 9-10 km-liyinə -Ağanus kəndinin girişinədək gedə bilmişdilər. Amma düşmənin müqaviməti güclü olduğundan geri çəkilməyə məcbur olmuşdular. Qubadlı batalyonundan da bizə köməyə gəldilər. Amma artıq gec idi...

Şahin Musayevin əmrinə rəğmən alayımız Laçının cənubundakı Güləbird, Cicimli, Səfyan, Fərəcan, Suarası və s. kəndlərinin müdafiəsini təşkil etdi. Aylarla ləğv olunmuş alay kimi bizə rəsmən maaş, ərzaq və s. verilmirdi. Amma buna rəğmən var gücümüzlə düşmənlə döyüşürdük...”

Təqdim etdi: Sultan Laçın
шаблоны для dle 11.2
Tarix: 18-05-2018, 10:27




Xəbər lenti