“Azərbaycan döyüşə başlamaq qərarını qəbul edəndə heç kimdən icazə almayacaq” -Üzeyir Cəfərov


Ehtiyatda olan polkovnik-leytenant: “Özünü çıxılmaza sala düşmən ölkə çıxış yolu axtarır”

“Azərbaycan ordusunun ən hazırlıqlı, ən müasir silahlarla təchiz edilmiş Naxçıvan Əlahiddə Qoşun Birləşməsinin yeni mövqelərdə möhkəmlənməsi, ardınca Müdafiə Nazirliyinin raket qoşunlarının yeni hərbi bazasının açılışı zamanı orada Belarusdan alınan “Polonez” İsrail istehsalı olan LORA raketlərinin nümayişi sözün bütün mənasında aləmi bir-birinə qatıb”.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bu fikirləri Ermənistanda və Dağlıq Qarabağda yaşanan müharibə xofunu Musavat.com-a şərh edərkən bildirib. Hərbi ekspertə görə, öz-özünü çıxılmaza sala düşmən ölkə çıxış yolu axtarır: “Onsuz da çox gərgin durumda olan İrəvan siyasi-hərbi arenasında elə bir mürəkkəb durum yaranıb ki, bəzən adam hadisələrin hansı məcrada davam edəcəyini proqnozlaşdıra bilmir. Bir tərəfdən Ermənistan Müdafiə Nazirliyində yüksək rütbəli şəxslərin həbsi, bu yaxınlara qədər müdafiə naziri kimi “at oynadan” Seyran Ohanyanın istintaqa cəlb edilməsi və dindirilməsi, küçə adamı ayaması ilə tarixdə qalacaq Nikol Paşinyanın kadrlarının bir neçəsinin artıq istefa ərizəsi yazması, xeyli sayda digər hadisələr erməniləri sanki dəli edib. İndi də özlərini sığortalamaq üçün başlayıblar ki, “Azərbaycan cəbhə bölgəsinə silah-sursat, ağır texnika cəmləşdirir” harayını salıblar”.

Hərbi ekspert qeyd etdi ki, əslində ölkəmizin öz sərhədləri daxilində hansısa addım atması üçün biz kimdənsə icazə almamalıyıq və almırıq: “İkincisi də, torpaqları erməni-rus işğalında qalan dövlət nə etməlidir? Biz bir bu qədər də bunların hoqqabazlığına, oyunlarına dözüm nümayiş etdirməliyik? Ciddi narahatçılıq və təşviş başadüşüləndir. Erməni ekspert çevrələri və rəsmi dairələri Azərbaycanın irimiqyaslı hücum əməliyyatlarına hazırlaşdığı barədə bəyanatlar səsləndirir, yaranmış vəziyyətin 2016-cı ilin aprel döyüşləri ərəfəsini xatırlatdığını deyirlər. Əvvəla, bu cür fikirləri dilə gətirəndlər anlamırlar ki, Azərbaycan tərəfi döyüşə başlamaq haqqında qərar qəbul edəndə heç kimdən icazə almayacaq. İkincisi də, axı bu erməni-rus tandemi anlamalıdır ki, bu məsələnin bir sonu olmalıdır ya yox? Bəli, biz torpaqları azad etmək üçün daim hazır olmalıyıq və hazırlaşırıq. Bunu heç vaxt da gizlətməmişik və gizlətmək niyyətimiz də yoxdur. Azərbaycan dövləti qoşunlarının təmas xəttinin istənilən istiqamətində nə lazımdırsa edir və edəcək. Bu bədnam qonşularımızın hay-harayı isə, o məşhur “xandostu,  - yəni, Rusiya başda olmaqla KTMT – amandı, qoyma gəldi” zərbi məsəlını xatırladır. Bununla demək istəyirlər ki, “bizə tank-top, pul-para ilə kömək edin!” Maraqlıdır ki, bu siyasətdə “yekə kişilər” də bu erməni ağlağanların sərsəmlərinə bəzən aldanırlar. Azərbaycan dövləti tam şəkildə öz ərazi bütövlüyünü təmin edənədək bu siyasətini davam etdirəcək. Ondan sonra isə digər vacib işlərin görülməsi həyata keçiriləcək”.

Cavid TURAN

шаблоны для dle 11.2
Tarix: 14-06-2018, 23:38




Xəbər lenti