Qarabağda partizan müharibəsi: - Azərbaycanın hansı imkanları var?


Qarabağda partizan müharibəsi:
Azərbaycan işğal altında olan torpaqlarını azad etmək gücündədir.

İşğalçı Ermənistanla müqayisədə Azərbaycanın hərbi və iqtisadi gücü qat-qat çoxdur. Hazırda Qarabağ münaqişəsinin sülh yolu ilə həll istiqamətində tərəflər arasında danışıqlar davam edir. Amma hər zaman olduğu kimi, Ermənistan tərəfi təmas xəttində mütəmadi olaraq təxribatlara əl atır, atəşkəs rejimini pozur. Son 1 ayda düşmənin təxribatı nəticəsində Tərtər istiqamətində iki hərbçimiz şəhid olub.

Təbii ki, Ermənistanın təxribatları sülh danışıqlarına kölgə salır və prosesi ləngidir. Ermənistan torpaqların işğaldan azad edilməsi üçün Azərbaycana müharibədən başqa yol qoymur. Qarabağın işğaldan azad eidlməsi üçün müxtəlif vasitələr təklif edilir. Hesab olunur ki, Azərbaycan anti terror əməliyyatı, açıq müharibə qərarı ilə torpaqları azad edə bilər.

Maraqlıdır, bəs Qarabağda partizan müharibəsi mümkündürmü?

Ehtiyatda olan polkovnik Şair Ramaldanov “Cümhuriyət” qəzetinə açıqlamasında partizan müharibəsi üçün Qarabağ bölgəsində şəraitin olmadığını deyib:

“İllərdir ki, bu məsələ gündəmə gəlir. Birincisi, partizan müharibəsinin şəraiti olmalıdır. Yəni əgər II Dünya Savaşı zamanı düşmənin işğal etdiyi ərazidə müharibə edən dövlətin əhalisi var idi. Əvvəlcədən bunlar planlaşdırılır, tədbirlər görülür. Qarabağ bölgəsində isə partizan müharibəsi üçün şərait yoxdur. O mənada ki, həmin ərazidə bizim əhalimiz yaşamır. Nə də orada elə bir mərkəzlər yoxdur ki, ondan istifadə edib partizan hərəkatına başlayaq.

Digər tərəfdən işğal olunmuş ərazimiz maksimum 120 kilometrdir və partizan hərəkatı üçün çox balacadır. Yəni bu ərazidə hansısa partizan müharibəsi aparmaq mümkün deyil. Bəziləri partizan hərəkatı ilə kəşfiyyat diversiya, xüsusi təyinatlı qruplarının fəaliyyətini səhv salır. Bunlar nəzərdə tutulub və bununla bağlı müəyyən işlər görülüb, araşdırmalar aparılıb. Demək olar ki, Dağlıq Qarabağın işğal olunmuş son nöqtəsinə, Azərbaycan sərhəddinə kimi xüsusi təyinatlılarımız fəaliyyət göstərə bilərlər. Kəşfiyyat diversiya fəaliyyətini həyata keçirmək üçün isə Azərbaycanın hər cür imkanı və mütəxəssisləri var. Bunun həyata keçirilməsində isə elə bir problem görmürəm”.

“Laçın” batalyonunun keçmiş komandiri, polkovnik Arif Paşa da Qarabağ partizan müharibəsinin mümkün olmadığı qənaətindədir:

“Dəfələrlə demişəm ki, kiçik ərazilərdə partizan fəaliyyəti göstərənlərin düşmən tərəfindən görünməsi ehtimalı çox böyükdür. Orada, ancaq kiçik diversiya qrupları fəaliyyət göstərə bilər. Partizan birləşməsi isə böyük olur.

Ona görə də Qarabağda partizan hərəkatı həyata keçirmək mümkün deyil. Partizan hərəkatının keçirilməsi üçün lazım olan əsas amillərdən biri isə həmin ərazidə əhalinin yaşamasıdır. Qarabağda isə faktiki olaraq Azərbaycan əhalisi yaşamır. Bu amillər olmadığı üçün partizan qruplaşmalarının düşmən tərəfindən izlənməsi və ələ keçirilməsi çox asan olar. Partizan hərəkatı keçirilən I və II dünya müharibələrində bu amillər mövcud idi, həm ərazi böyük idi, həm də müharibə gedən ərazidə əhali yaşayırdı. Qarabağda isə partizan qruplarının yox, kiçik diversiya qruplarının fəaliyyəti daha məqsədəuyğundur”.
 
шаблоны для dle 11.2
Tarix: 19-06-2019, 15:38




Xəbər lenti