Həmrəylik olmasa, Qarabağ qayıtmayacaq...


Prinsipcə, siyasətdə insanların “özünkülər”ə və “özgələr”ə bölünməsi başadüşüləndir, çünki siyasət bütün hallarda hakimiyyət uğrunda mübarizə deməkdir, hakimiyyət isə eqoist fenomendir və daim ətrafını “özünkülər” və “özgələr” prinsipi əsasında formalaşdırmağa meyllidir.

Amma buna baxmayaraq normal ölkələrdə və normal siyasətdə yenə də ümumi təmas nöqtələri olur və onlar bir qayda olaraq ümummilli problemlərlə, siyasətin oyun qaydaları ilə və bir də ölkənin sosial –siyasi mövcudluğunu şərtləndirən bazis prinsiplərlə əlaqəli olur.

Təəssüf ki, bizdə bu ümumi təmas nöqtələri sürətlə silinməkdədi, ona görə də bir neçə il bundan əvvəl sadiq bəndənizdən ölkənin ən əsas problemini qeyd etməyi xahiş edəndə biz çox qısa bir cavab vermişdik: yadlaşma və yaxud da özgələşmə. Bəli, dövlətlə cəmiyyət, cəmiyyətlə ayrı-ayrı insanlar arasında yadlaşma və ya özgələşmə - zənnimizcə, bu bizim ən böyük problemimiz olaraq qalır.

Siz bizim məmurların, eləcə də adi, sıravi insanlarımızın pafoslu, emosional çıxışlarına baxmayın, bunlar hamısı yalnız adi bir görüntüdür, ürəyində hamı özünü ayrı “dövlət” hesab edir və bu minlərlə kiçik “dövlətçik”lərin bizim əsl dövlətimizlə - Azərbaycanla demək olar ki, heç bir bağlılığı və ümumi təması, birgə sərhədi yoxdur.

Ən çox təşviş doğuran məqamsa budur ki, şəxsiyyətlərin belə haçalanması tədricən adi hal kimi qəbul olunur, hətta hər bir individin sosial immuniteti sayılır – belə alınır ki, özünü və yaxınlarını qorumaq üçün yalan danışmaq lazımdır, özü də utanmadan yalan danışmaq lazımdır, çünki demək olar ki, hamı belə edir, kimsə gündəlik həyatda, işdə, küçədə və bazarlarda, digərləri isə birbaşa efirlərdə yalan danışır.

Nəticədə də biz təkcə cəmiyyətimizin mənəvi-əxlaqi təməllərini itirmirik, bütövlükdə ölkə, xüsusən də onun Qarabağ adlı parçası əldən gedir...

Bütün bunları niyə deyirik? Bizim Dağlıq Qarabağ problemi kimi dərdimiz var, hansı haqqındakı biz xüsusi pafosla danışırıq və unuduruq ki, Qarabağı bizim nəğmələrimiz, hətta ürəkləri parçalayan “Qarabağ şikəstəsi” yox, ağıllı siyasətimiz, bacarıqlı diplomatiyamız və qətiyyətli hərb sənətimiz qaytaracaq.

Amma gündəlik həyatda nə görürük? Etiraf etmək lazımdır ki, artıq əsəblər davam gətirmir. Həqiqətən də başabəla erməni siyasətçilərinin oyunlarına, onların həyasız bəyanatlarına nə qədər dözmək olar? Əgər Qarabağ bizim nəzarətimiz altında olsaydı və ermənilər sözdə bizim ərazilərimizə iddia etsəydilər, onların sayıqlamalarına fikir verməmək və psixoloji tarazlığı və sakitliyi saxlamaq olardı.

Amma təəssüf ki, biz Qarabağ üzərində birbaşa nəzarəti itirmişik (əlbəttə, ümid edirik ki, müvəqqəti olaraq!), odur ki, nə qədər çalışırsan, çalış, bütün hallarda, ermənilərin bizim ərazilərimizdə yol çəkməsinə, hansısa “ümumerməni oyunları” təşkil etməsinə, sarsaq –sarsaq Dağlıq Qarabağı Ermənistanın bir hissəsi elan etməsinə sakit tamaşa etmək və bütün bunları görməməzliyə vurmaq olmur.

80-ci illərin sonlarından başlayaraq ermənilərin “iki dənizarası Ermənistan” haqqındakı sayıqlamalarını çox eşitmişik, odur, prinsipcə, təəccüblənməli bir şey yoxdur, çünki hələ qədim yunanlar deyirdi ki, Allahlar insanları cəzalandıranda ilk olaraq onların ağlını alır.

Amma cəmi bir neçə gün bundan əvvəl növbəti erməni həyasızlığının şahidi olduq. Fəqət, nəsə etdikmi? Əlbəttə, yox! Yenə də pafos dolu bəyanatlar, gur hədələr baş alıb getdi ki, bu dəfə mütləq torpaqlarımıza qəsb edənləri cəzalandıracağıq!..
Amma eyni sözləri, eyni vədləri və yaxud hədələri nə qədər eşitmək olar? Əsl qətiyyətli addımların zamanı nə vaxt yetişəcək? Nə vaxt həqiqətən də əmin olacağıq ki, on illəri əbəs keçirməmişik, torpaqlarımızın geri qayıtması üçün siyasi, diplomatik və hərbi zəmin hazırlamışıq?..

Üstəlik, zaman göstərdi ki, inqilabçı baş nazir N. Paşinyanın “yeni siyasət” aparacığına ümid bəsləmək üçün də elə bir əsas yoxdur, əksinə yeni baş nazir, Qarabağ siyasi klanının üzvlərinə qarşı neqativ münasibətinə baxmayaraq, işdə onların Dağlıq Qarabağ siyasətini davam etdirməkdədir.

Əvvəlcə bəyan elədi ki, onun Dağlıq Qarabağ ermənilərinin adından danışmaq hüququ yoxdur, çünki onu Ermənistan seçiciləri seçiblər. Odur ki, israr etməyə başladı ki, danışıqların formatı genişləndirilsin. Amma bunu nə həmsədrlər, nə də Azərbaycan dəstəkləmədi.

İndi bildirir ki, Dağlıq Qarabağ Ermənistanın bir hissəsidir! Prinsipcə, bu iki fakt da göstərir ki, Paşinyan özünün ziddiyyətli bəyanatlarından özü də çaşbaş qalıb. Səbəbi də sadədir: onun sülh alternativləri, Bakıya və həmsədrlərə təklif etməyə bir şeyi yoxdur.

Yeganə təskinlik verən bir məqam var. Siyasətdə bir il böyük müddət deyil. Amma bir il ərazində istənilən siyasətçi öz siyasətinin konturlarını, gələcək planlarının ümumi orientirlərini müəyyən edə bilər.

Görünür, Ermənistanın yeni baş naziri anlayır ki, ölkəsini sosial – iqtisadi dəlikdən çıxara bilməyəcək və əgər bu halda hələ bir Qarabağ problemində də güzəştə getsə onda yüzə-yüz demək olar ki, onun fitvası veriləcək.

Amma bu adamın sonu bütün hallarada gələcəkdir, çünki Qərbdən heç bir dividendin gəlməməsi bir tərəfə, öz siyasi sələflərindən, Ter-Petrosyan, Koçaryan və Sarqsyandan fərqli olaraq onun başlanğıcdan Rusiya ilə münasibətləri alınmadı, Qərbin tələbləri isə bu münasibətləri daha da korlamağa yönəlib, çünki işarə edilir ki, Ermənistana yalnız bir halda yardım edilə bilər: ölkənin rusiyapərəst siyasəti dəyişərsə...

Üstəlik, tezliklə seçiciləri və mitinqdaşları ondan konkret şeylər soruşacaqlar; mitinq ehtirazları səngiyəcək və inqilabın nəticələrinin ictimai təftişi başlayacaq. O vaxt Paşinyan insanlara nə deyəcək?...

Yəqin Nikol müəllim vəziyyətinin ağırlığını başa düşür. Onun sərəncamında yalnız iki şey var: Dağlıq Qarabağ siyasi klanının üzvlərini ifşa etməklə və bir də ura-patriotizm ideologiyası ilə insanların başını qatmaq. Amma çətin ki, bunlar ona uzun müddət yardımçı ola bilsin.

Bu günlərdə Paşinyan özü Sarqsyan dövrünün bir məxfi sənədini açıqladı və faktiki olaraq onun bəzi müddəaları ilə razı olduğunu bəyan etdi. Orada isə yazılmışdı ki, Ermənistan institusional iflic vəziyyətindədir. Bizə isə elə gəlir ki, Paşinyanın hakimiyyətə gəlişilə ölkənin xarici siyasəti də iflic hala düşüb – bir daha deyirik ki, özündən əvvəlki erməni liderlərindən fərqli olaraq onun əzəl gündən Kremllə çox ciddi problemləri yarandı.

Bütün bunlar isə göstərir ki, bizim qarşımızdakı düşmən kiçik, yarıac və zəif, hətta demoqrafik problemləri olan bir ölkədir.
Bu vaxta qədər onun “güc”ü Rusiya ilə geosiyasi ittifaqında idi, indi bu ittifaqda “çat”lar yaranıb, qarşılıqlı anlaşılmazlıq və narazılıq var. Deməli, biz daha qətiyyətli davrana blərik. Bunun üçünsə cəmiyyətdə bir həmrəylik yaratmaq lazımdır, dövlətlə cəmiyyət, cəmiyyətlə onun ayrı – ayrı kəsimləri arasında etimad yaratmaq lazımdır.

Cəmiyyətin “özünkü”lərə və “özgə”lərə bölünməsi siyasi konyunktura məsələsidir və cari, ani siyasi maraqlara xidmət edir, bizim isə daha ciddi və ümumi problemlərimiz var, onlardan biri də və yəqin ki, elə ən birincisi də Dağlıq Qarabağ problemidir...

 

Hüseynbala Səlimov
шаблоны для dle 11.2
Tarix: 12-08-2019, 13:34




Xəbər lenti