“Azərsu”nun div olduğu Abşeron kəndi: Su yox, məktəb yox, taksi sifariş qəbul edilmir – VİDEO

  



Bura Hökməlidir. Ceyranbatan su anbarının bir addımlığında, “Azərsu”nun qarşısında cəmi 7 dəqiqəlik məsafədə olan Hökməli. Hökməli Bakının ən hündür yerində yerləşir. Dəniz səviyyəsindən 300 metr yüksəklikdə. Kənddə 10 minə yaxın insan yaşayır. Evlərin hələ də tikildiyini nəzərə alsaq, bu rəqəm yaxın zamanlarda daha da artacaq.

Kəndin problemləri çoxdur. İnsanları isə əsas narahat edən, həyatdan küsdürən – su, yol, kanalizasiya və məktəbdir. Yenicag.az-ın reportyor qrupunun Hökməlidən hazırladığı reportajı sizə təqdim edirik.

Böyrəkdən daş saldıran yollar

Qəsəbənin girişindən artıq hansı vəziyyətdə olduğunu nəinki görürsən, hətta bədəninlə, böyrəklərinlə hiss edirsən. Qısa desək, böyrəkdən daş saldıran yollardı. Taksilərə yaxınlaşıb, Hökməliyə, yuxarı tərəfə, beton yolla qalxacağıq deyəndə, hamısı eyni cavabı verir, “qardaş, ora maşın sürmürük”. Adamlar ağıllıdır. Kim 2 manatlıq yol sürüb, sonra maşınını təmirə aparmaq istəyər ki? Düzdür, oranın özünün taksiləri var: köhnə sovet maşınları.

Kəndə işləyən taksi sürücüsü Ağayev Elmarla söhbət edirik. Elmar ayda 200 manat maşına xərc qoyduğunu deyir: “İşim məktəbə gedən uşaqları aparıb-gətirməkdir. Yollar bərbad olduğu, marşrutun işləmədiyi üçün kənd camaatı taksi ilə uşaqlarını məktəbə göndərir. Hər ay maşına 200 manata yaxın xərc qoyuram. Yalan olmasın, hər ay maşının “peredok”unu yığdırıram. Təzə təkər isə 3 ay getmir. Tanıdığım neçə adam var ki, təzə maşın alıb,amma yollara və xərcə görə məcbur satıb, köhnə sovet maşını alıb”.

Bəli, Hökməliyə marşrut da işləmir. Dəfələrlə marşrut xəttinin çəkilməsi ilə bağlı müraciət edilsə də, bu hələ də reallaşmayıb. Görünən dağa bələdçi lazım deyil. Yol bərbad, maşınlar gedib-gələ bilmir, marşrutlar işləmir.

Buranın divi “Azərsu”dur

Kəndin yuxarı hissəsindən Ceyranbatan su anbarı və “Azərsu”nun binası rahat görünür. İnsanlar Ceyranbatana baxıb, “Azərsu”nu sözün hər mənasında yad edirlər.

Ceyranbatan su ambarı kəndin cəmi 1 kilometrliyində yerləşir. Ucqar dağ kəndlərinə su çəkildiyi halda, Hökməliyə niyə su verilməməsi hər kəsi düşündürür. Düzdür, Hökməliyə su çəkmək niyyətləri olub. Əldə etdiyimiz məlumata görə, 2 il əvvəl “Azərsu” rəhbərliyinə yaxınlığı ilə seçilən “Hidroinşaat servis” şirkəti tenderi udaraq, Hökməlini su ilə təmin etməli olub. Layihə nəzərdə tutulduğu kimi başlanılıb. Kilometrlərlə boru yerə döşənib, ancaq nə nasos stansiyası, nə də su anbarı tikilməyib. Beləcə milyonlarla vəsait torpağa basdırılıb. Sabah Hökməlinin su təminatı həyata keçirilsə, yerə basdırılmış borular bir işə yarayacaqmı? Kənddə demək olar ki, hər evdə çənlər quraşdırılıb. Bir neçə gün öncə evlərdəki çənin biri partlayıb. Düzdür, partlayış zamanı xəsarət alan olmayıb, ancaq, təəssüf ki, bundan kimsə də sığortalanmayıb.

Kənd camaatı suyu satın alır. Xüsusi maşınlar kəndə suyu əvvəllər 20-25 manata gətirdiyi halda, hal-hazırda qiyməti 35 manata qaldırıblar. Su gətirən maşınlar suyun qiymətinin qalxmasını “Azərsu”nun Xocasəndə yerləşən su doldurma məntəqəsində qiymətlərin 2 dəfə artırılması ilə əlaqələndirirlər. Məsələ ilə bağlı “Azərsu”nun qaynar xəttinə müraciət etdikdə isə eşitdiyimiz cavab fərqli olur. Belə ki, buradan suyun qiymətinin qaldırılmadığı bildirilir. Demək ki, bu işdən də işbazlar yararlanır. Atalar misalı var, əri döyən arvadı it də tutdu bir yandan.

Kənd sakini Salamova Arzu ilə söhbət edirik. O bildirir ki, su almaqla ailə-uşaq saxlamaq olmur:

“25 manat pul verib, su alırıq. Çənlərdə nə qədər su saxlamaq olar? Kəndimiz bütünlükdə mikrob qaynayır. Gözümüzün önündə suya həsrət qalmışıq. Dəfələrlə “Azərsu”ya müraciət etmişik, ancaq bizə su vermirlər”.


Nuriyeva İlahə su və yolla yanaşı məktəbin olmamasından gileylənir: “10 minə yaxın əhalisi olan kəndin məktəbi yoxdur. Uşaqları məktəbə məcburən taksi ilə göndəririk”.

Abdıyeva Şahnisə müəllimədir. Uzun illərdir Hökməlidə yaşayır. Onun sözlərinə görə, kəndin problemi bitməz, tükənməzdir: “Bu boyda kəndin məktəbi yoxdur. Uşaqlar kənardakı məktəblərdə oxuyur. Suyu pulla al, uşağı məktəbə göndərmək üçün pul xərclə. Marşrutumuz yoxdur. Özüm müəlliməm, məktəbə gedib-gəlməyim əziyyətdir. Aldığımız maaş yollarda qalır. Hələ indi qışdı, bura belədir. Yayda biabırçılıq olur. Susuzluqdan camaat nə edəcəyini bilmir. Uşaqların oyun yeri belə yoxdur. Bunlar həll edilməyəcək məsələlər deyil. Sadəcə olaraq, niyə həll etmək istəmirlər bilmirik. Ölkə rəhbərliyinə müraciət edirik, bizim bu problemlərimizə əncam çəksinlər”.

Qəsəbə sakinləri ilə söhbət zamanı deyirlər ki, “su çəkib, sayğac qoysunlar, suyu dövlətdən alaq”. Kənd sakinləri bildirir ki, suya ən az pul xərcləyən adam belə qışda 50-60 manat, yayda isə 100 manatından keçməli olur.

Salmanov Famil qəsəbədəki digər problemlərə toxunaraq bildirir ki, İcra Hakimiyyəti kənddə ancaq söküntü ilə məşğul olur: “Biz də insanıq. Ölkənin hər yerində su var, bir tək burada yoxdur? Bu ondan irəli gəlir ki, burada olan zülmü prezidentə çatdırmırlar. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın buradan xəbəri olsa, bu problemi günü sabah həll edər. Bura gələn məmurlar sadəcə olaraq baxıb gedirlər. 2005-ci ildən buraya köçmüşəm. O ildən bu gün, sabah eşitməkdən bezmişəm. Uşaqların nə günahı var? Onlar niyə zülmlə məktəbə getməlidirlər? Kəntdə küçələrdə işıq yoxdur. Gecə küçəyə çıxanda itlər adamın üzərinə cumur”.

Kəndin yolları ilə hərəkət edən zaman kanalizasiyaların da küçələrə axdığını görürük. Ümumiyyətlə, kənddə ən çox rast gəlinən ağ salafanlardır. Düzdür, şikayətlərdən sonra zibil qutuları qoyulub, ancaq zibillərin daşınması olmadığı üçün küçələr zibilin içərisində üzür. Kənddə olan zaman isanlar küçələrə axışaraq şəxsiyyət vəsiqələrinin nömrələri ilə yazılan şikayət məktubuna imzalar atırlar. Məktub isə Prezidentə və Birinci vitse-prezidentə ünvanlanıb. Açığı kənd sakinləri “Azərsu”dan əllərini üzüblər.

Niyə də əllərini üzməsinlər ki?

7 dəqiqəlik məsafədə olan əraziyə su çəkməyən və ya çəkə bilməyən “Azərsu” ASC özünə 120 milyon dollarlıq bina tikdirir… Deyir, ümid ən sonda ölür. “Azərsu”ya ümid edənin axırı necə olur, yaşayarıq, görərik.

Səxavət Məmməd

шаблоны для dle 11.2
Tarix: 12-09-2019, 08:07




Xəbər lenti