Şəmşad Ağa yazdı: “İyrənc bir mətbu mühit var – səbəbi siyasi sistemdir”





Şəmşad Ağa
arqument.az saytının baş redaktoru

Azərbaycanın siyasi palitrasında, həmçinin cəmiyyətdə mətbuata münasibət birmənalı olmayıb. Problemin kökü ondadır ki, Azərbaycan cəmiyyəti müstəqil media görməyib, “o necə olur” deyə dadmayıb, çünki hansı müstəqil media olmağa can atıbsa, başını əziblər: nə cəmiyyət, nə siyasətçilər müstəqil media görüb, nə də hakimiyyət bunun yaranmasına imkan verib.

Cəhdlər çox olub, amma siyasi və iqtisadi təzyiqlər yaşamasına imkan verməyib. Bunun başlıca günahkarı hakimiyyətdir.

Müstəqillik tariximizə baxsaq, ölkənin iki aparıcı mediası uzun illər müxalifətin olub. Digər yaranan müstəqil medialar da ya hakimiyyətin təzyiqləri nəticəsində müxalifətə meyillənib, ya bağlanıb, ya da hakimiyyətə satılıb, yəni 4-cü hakimiyyətin 4 yol ayrıcı olmayıb, 3 yol ayrıcında qalıb.

Hakimiyyət elə bir mühit yaradıb ki, müxalifət bacardıqca təzyiqə məruz qalan media və jurnalistləri müdafiə edib. Müstəqil məhkəmələr olsaydı, buna da ehtiyac olmazdı.
Müxalifətin dəstəklədiyi jurnalistlər isə üzərilərində azərbaycansayağı bir “minnət borcu” hiss ediblər.

Hakimiyyət isə pul və ev verib, dar ayaqda: “Ev almısan e, dur cavab ver, niyə susmusan?”, – deyə şantaj edib.

Təsəvvür edin, son illər medianın düşdüyü bu mühasirəni yarmağa az da olsa, cəhdlər edirik, amma media olaraq deyil, fərd olaraq. Ən qabarığını isə Meydan.Tv etməyə çalışdı, xidmətləri də oldu. Nəticədə nələr eşitdik: “Emin Milliyə hakimiyyət pul ötürür”, “Meydan.tv-ni Əlikram Hümmətov maliyyələşdirir”, “Paşayevlər Meydan.tv-ni alıb” və s.

Demək istədiyim odur ki, tənqid eşitmək istəməyən istənilən tərəf müstəqil media görmək istəməyib: İlham Əliyev satın alıb, müxalifət yanında görmək istəyib, Vətəndaş Cəmiyyəti nümayəndələri də xarici donorlara “donos” ötürüb, vəssalam…

Biz bu illər ərzində partiya mənsubiyyəti olan və olmayan jurnalistlərin həbslə üzlədiyi halda, onların müdafiəsindəki fərqi də aydın görmüşük.

Bu baxımdan jurnalistikaya münasibət təkcə siyasi, iqtisadi və sosial deyil, həm də psixoloji açıdan izah tələb edir. Ona görə də mediaya bu cür münasibət ənənəvi hala çevrilib.
Müxalifətin də haqlı tərəfləri çoxdur, görünməz işgəncələr, repressiyalar görüb, belə desək, travmalıdır…

Qısası, seçim yoxdur, 25 illik Əliyevlər xanədanı bütün seçimləri bağlayıb və azsaylı peşəkar jurnalistlər “partizan hərəkatı” kimi ekstremal şəraitdə çalışıblar. Hətta elələri olub ki, çalışdığı müxalif qəzetdə hamı çıxıb gedəndən sonra müxalifət liderini tənqid edən yazını dərc edə bilib.

Onlara sevgi və sayğılar…

P.S. Əgər hakimiyyətin avtoritar idarəetməsi olmasaydı, sosial şəbəkələr də bu iyrənc mühiti məişətə qədər sızdıra bilməzdilər, bir sözlə, iyrənc bir mühit var, səbəbkarı da mövcud siyasi sistemdir…
шаблоны для dle 11.2
Tarix: 13-09-2019, 22:26




Xəbər lenti