Meşə mafiyası Zaqatalada +FOTO

       Zaqatala respublikamızın şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında, daha dəqiq desək Qanıx-Əyriçay vadisində yerləşir. Cənubdan Gürcüstan Respublikası, şimaldan Dağıstan Respublikası, qərbdən və şərqdən isə Balakən və Qax rayonları ilə həmsərhəddir. Bir vaxtlar geniş və zəngin təbiətinin varlığı bu diyarı nəinki ölkədə, hətta ətraf regionlarda da məşhurlaşdırmışdı.

Qeyd edək ki, rayonun ümumi ərazisinin 37,8 faizdən çoxunu, 51 min hektardan artığını meşə ilə örtülü sahələr təşkil edir. Meşələrdə qiymətli ağac növləri, o cümlədən şabalıd, qoz, eldar şamı, ağ şam, palıd, fıstıq, vələs, cökə, dəmirağac, qarağac və s. ağac növləri vardır ki, bunlar da baxımsızlıq əksər vaxtlarda isə, nadan insan əlləri ilə məhv edilir.
Ərazisinin zəngin təbii landşaftı və toxunulmamış meşə sahələri turizmin inkişafı üçün də, əlverişli perspektivlər aça bilərdi. Ərazisində həm yerli sakinlərin, həm də əcnəbi vətəndaşların maraqlı istirahət mənbəyi ola biləcək əvəzsiz təbiət guşələri yaradıla bilərdi. Çünki rayonun Qəbizdərə, Honzoqor dağı, Xalaxı gölü, Moorcay, Malarasa aşırımı və s. kimi təbiət möcüzələri mövcuddur. Zaqafqaziyada ilk qoruq hesab olunan (1929-cu il) və çox zəngin flora və faunaya malik olan Zaqatala Dövlət Təbiəti Qoruğu (ərazisi 47.4 min ha.) buradadır. Lakin son illərin fəsadları bu sahəyə də, ciddi zərbə vurmuşdur.
Zaqatala meşə təsərrüfatının Car, Tala və Muxax meşəçiliklərinin orta və yuxarı meşə qurşaqları, eləcə də yay otlaqlarının bir hissəsi daxil olmaqla 30 min hektar ərazidə vəziyyət həqiqətən acınacaqlıdır. Bütün bunlara səbəb, bir müddət bundan əvvəl meşə təsərrüfatına rəhbər təyin olunan cənab İqbal Əliyev iştahasını cilovlaya bilməməsidir. Daha doğrusu bu bölgədə meşələrimizə varlanmaq iştahası ilə qənim kəsilən geniş şəbəkə fəaliyyətdədir ki, bu mafiyanı üzə çıxarılıb məsuliyyətə cəlb olunmasa həm təbiətə, həm də özümüzə öldürücü zərbələr dəyəcəkdir.
Qeyd edək ki, Zaqatalanın meşə təsərrüfatına İqbal Əliyev adlı şəxsin rəhbərlik etməsi, meşə zolaqlarında əmələ gələn ah-nalənin artmasına səbəb olmuşdur. Çünki, meşə təsərrüfatını qısa zaman kəsiyində şəxsi gəlir mənbəyinə çevirən bu adamın heç kimdən çəkinəcəyi yoxdur. Son 10 ildə meşələrə indiki qədər ziyan vurulmayıb. Elə bil bu adamın vəzifəsi kəsilməsi qadağan olunan ağac növlərinin məhv edilməsinə şərait yaratmaqdır. Himayədarlarına ( yazının sonunda bu barədə müfəssəl məlumat verəcəyik.-red) arxalanaraq, rayonun olub-qalan meşə təsərrüfatını məhv etməyə qərarlı olan bu adama nədən “dur” deyən tapılmır? Məgər bu meşələrin məhv edilməsi aidiyyatı qurumların gözü qarşısında baş vermirmi? Bu qədər biganəlik, bu qədər məsuliyyətsizlik, bu qədər qanunsuzluq, bu qədər vəhşilik yerə-göyə sığarmı? Özümüz özümüzə balta çalmırıqmı? Özümüz özümüzə qənim kəsilməmişikmi? Həqiqətin bir üzü var: Düşmən də belə etməz! Əgər belə olmasaydı rayonun mərkəzi ərazisində, ayrı-ayrı kənd və qəsəbələrində, digər yaşayış məntəqələrində bir neçə irili-xırdalı ağac emalı sexləri fəaliyyət göstərməzdi. Hələ, elə hallar da olur ki, o, kəsilməsi qadağan olunan ağac növlərinin kəsilməsinə şərait də yaradılır, onların qonşu rayonlara, hətta paytaxt Bakıya müəyyən yollarla daşıması da təşkil edilir.
Maraqlıdır ki, 9 saylı Zaqatala Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi nəinki bu prosesə göz yumur, hətta deyilənə görə bəzən özü meşə kəsiminin iştirakçısı rolunda çıxış edir. Fotoda təqdim etdiyimiz Rizvan adlı şəxs bu işin icraçılarından biridir və maraqlıdır ki, o gördüyü işi himayədarlarına arxalanaraq icra etdiyini bildirir. Bu sırada isə Zaqatala polis rəisinin müavini Niyazi Məmmədovun da adı çəkilir.

Musayev Vüqar Rəcəb oğlu, xüsusi olaraq cumhuriyyet.az üçün


шаблоны для dle 11.2
Tarix: 12-10-2019, 20:53




Xəbər lenti