Hərəkət ermənidəndirsə, bərəkət kimin olacaq?

 


İlham İsmayıl


Separatçı Dağlıq Qarabağ rejimin beynəlxalq arenada fəaliyyəti fasiləsiz olaraq davam edir. ABŞ Nümayəndələr Palatasının sözdə “erməni soyqırımını tanıması” barədə qəbul etdiyi qətnamə yalnız Türkiyəyə qarşı deyil, bizə də ünvanlanıb və erməninin indiki fəaliyyət istiqamətinin hədəfi “soyqırım”dan çox Qarabağdır və bu qətnamənin dalğası bizi də tutur. 

Ümumiyyətlə, erməni xarici siyasətinin başında gələn erməni diasporunun fəaliyyətində “Artsax” məsələsi öndədir. Tarixən apardıqları “soyqırım” siyasəti bu tamaşanın üvertürası olsa da, süjet xəttini Qarabağın tanınması istiqamətində oynanılan çoxpərdəli siyasi dram təşkil edir. Bu, öz yerində. Bu ərəfədə erməni havasına oynayan Konqresin divarlarından erməni qoxusu çəkilməmiş, ikinci erməni həmləsi davam etdiyinin də şahidi olduq. Real mövcud olan, amma bizim tərəfimizdən qondarma adlanan, beynəlxalq aləmin də rəsmən tanımadığı, amma qeyri-rəsmi qucaq açdığı “Dağlıq Qarabağ”ın xarici işlər naziri Mais Mailyan da Konqresdə qəbul olundu, konqressmenlər qarşısında çıxışını edib, dünyanın ən böyük gücündən dəstək almaq üçün siyasi gedişlər etdi. Mais Mailyan dayanmadı və həmişə olduğu kimi, əsl ağalarının xatirinə dəyməmək üçün Vaşinqtondan birbaşa Moskvaya gəlib Dumanın üzvləri və başqa siyasət adamları ilə görüşlər keçirdi, şimal ölkəsi də cənublu qonağa isti qucağını açıb hər cür dəstək verəcəklərinə söz verdilər. 

Bu gün isə artıq Qarabağın prezidenti (aran Qarabağı da tutub nəzarət etdiyinə görə belə adlandırmaq olar) Bako Saakyan Avropa siyasətinin paytaxtı Brüsseldədir. Məlumata görə hələ ki, görüş erməni diasporası ilə başlayıb, yəni “Ümumerməni xeyriyyə cəmiyyəti ittifaqı”nın Avropa qərargahının direktoru Nikol Tavityanla görüşüb və Brüsseldə yerləşən çoxsaylı beynəlxalq təşkilatlarla da görüşü gözlənilir.

Bu görüşlərin hədəfində yalnz diasporadan ianə toplamaq deyil, (qarşıdan soyuq qış gəlir, problemləri önləmək üçün pula ehtiyac var) həm də Dağlıq Qarabağı beynəlxalq siyasi təşkilatların siyasi gündəminə gətirmək və diqqətdə saxlamaqdır. Təbii ki, bu görüşlərdə qeybətimiz də qırılacaq, bizim də ünvanımıza olan, olmayan şeylər söyləniləcək, Avropanın zəif damarını tutub demokratiyadan danışacaq, bizi insan haqlarına hörmət etməyən ölkə kimi bir daha təqdim edəcək. 

Baş verən hadisələrə bizim XİN mövqeyini bildirib, həmin ölkələrin səfirləri çağırılıb, formal olsa da Nota təqdim edilib. Amma, düşmən dayanmır, xarici siyasi səfərlər davam edir və yəqin ki, Bako Saakyan da tezliklə Brüsseldən Moskvaya gələcək, “bir əldə iki qarpız” tutub, müstəqillik və ya Ermənistana birləşmək uğrunda fəaliyyətlərini davam etdirəcəklər.

Gördüyünüz kimi, erməni gedir, biz də arxasınca, erməni hərəkət edir, biz də buna münasibət bildiririk. Yəni, təşəbbüskar bu gün qalib durumda olan ermənilərdir, zərərçəkən bizlər təşəbbüskar olmaq əvəzinə hadislərin arxasınca sürünürük və bunun başqa adı yoxdur. Konqresin qarşısına etiraz üçün 15-20 nəfər azərbaycanlı çıxır, əvəzində üç avtobus erməni tökülüb gəlir. Bağışlayın, hörmətli dövlətdən maaş alan və hesabına küllü miqdarda pul ayrılan Diaspora Komitəsi, siz nə işlə məşğulsunuz? Elementar etiraz mitinqinin sayını da təşkil etməyi bacarmırsınızsa işinizin adı nədir? Hələ Dağlıq Qarabağın azərbaycanlı icması. Siz niyə təşəbbüskar deyilsiniz? Niyə Siz də Konqresə, Brüsselə, Moskvaya səfərlər etmirsiniz? Niyə Diapora Komitəsi ilə birgə plan, yol xəritəsi hazırlayıb düşməni qabaqlamırsınız? Hərdən heç kəsin baxmadığı televiziyalarımıza müsahibə verməklə Biləcəri nədir, heç Yasamaldan da o tərəfə keçə bilməyəcəksiniz. Siz bunun fərqində deyilmisiniz? Daha təcrübəli hesab edilən XİN rəsmiləri, niyə işlərinizi koordinasiya edib hərəkət etmir və ya konkret olaraq onları istiqamətləndirmirsiniz? Sual çoxdur və bunların hamısından yaxşısı Qarabağ cəbhəsində (Qazax, Tovuz istiqamətində yox) erməniyə tutarlı dərs keçməkdir. Amma, nə o var, nə bu. Ümumiyyətlə, Qarabağ məsələsi ilə həqiqi mənada məşğul olan bir qurum varmı bu ölkədə?

 Erməni hərəkət edir deyə, neçə illərdir ki, bərəkət də onun ayağına gəlir. Biz isə erməninin hərəkətlərinin arxasınca sürünürük. Bərəkət o vaxt bizim də ayağımıza gələcək ki, biz hər iki cəbhədə təşəbbüskar olacağıq və erməni də xahiş üçün ayağımıza gələcək. Amma, belə getsə, molla demiş, “heç nə”!

İlham İsmayıl
шаблоны для dle 11.2
Tarix: 7-11-2019, 21:44




Xəbər lenti