"Qarabağ fərqli işdi, burda səviyyəli və təsirli diplomatiya lazımdır ki..."

         Ermənistanın keçmiş və indiki rəhbərləri Qarabağla əlaqədar son günlər bəyanatı-bəyanat ardınca verirlər. Bəyanatların  mahiyyətində Azərbaycana qarşı saymazyanalıq və üstəlik bizi aşağılayan, hədələyən, heç nəyə qadir ola bilməyəcəyimizi vurğulayan çağırışlar, bizi  təslim olmağa çağıran ifadələr var. Bu, daha çox keçmiş prezident Serj Sarkisyanın dediklərində özünü büruzə verir. Serj Sarkisyan istefadan sonra özünə qayıdıb, Avropada beynəlxalq tədbirdə ”Qarabağ heç vaxt Azərbaycanın tərkibində omayacaq. Bu problemin hərbi həlli yoxdur” - deyib. Əlavə edib ki, “istəyirəm bu mesajım Bakıda təkrar eşidilsin”. 

Paşinyan  bu qədər açıq deməsə də, o da bildirib ki, “Ermənistanla güc dilində danışmaq olmaz. Buna imkan vermərik”.  Zatulin rəsmən Ermənistan rəhbərliyində təmsil olunmasa da, onlardan geri qalmır, Rusiya dövlətinin maraqlarını ortaya qoyur, Ermənistanla Rusiyanın maraqlarının üst-üstə düşdüyünü təsdiq edən “ Dağlıq Qarabağ  Kəlbəcər və Laçınla birlikdə müstəqil dövlət olmalı, Azərbaycan da onu tanımalıdır” - bəyanatını verib. 
 
Gördüyünüz kimi, Qarabağ ətrafında yeni diplomatik basqı yaşanır və bu basqını torpaqları işğal olunan Azərbaycan yox, de-fakto qələbə çalmış Ermənistan və havadarı Rusiya edir. Paşinyan son çıxışlarında milli xislətinə xas olan yalan və böhtanlar atır, guya Azərbaycan tərəf Qarabağı adamlarsız, yəni ermənilərsiz istəyir və bununla da beynəlxalq aləmi çaşdırmağa, özlərini yenə fağır, əzabkeş obrazında təqdim etməyə çalışır.

Ermənistanın Azərbaycana qarşı siyasətində yeni kampaniya başlayıb. 16 mart 1921-ci il Moskvada imzalanmış Rusiya-Türkiyə müqaviləsinə yenidən baxmaq və Naxçıvanı Ermənistan ərazisinə birləşdirmək haqqında yeni müqavilə bağlamaq niyyətində olduqlarını açıq söyləyirlər. Faktiki hər gün erməni mətbuatında “Azərbaycan Naxçıvanı itirir” başlığı ilə yazılar dərc olunur. Qarabağ məsələsindən diqqəti yayındırıb, status-kvonu saxlamaq yollarından biri olan bu cəfəngiyyatla başımızı qatmağa, Rusiya qarşısında Naxçıvan məsələsini qaldırmağa çalışırlar. Amma, indi cəfəngiyyat kimi baxdığımız bu həyasız erməni iddialarını boş buraxmaq olmaz, çünki zamanında Qarabağ məsələsinə də saymazyana yanaşdığımızdan böyük faciələr yaşayırıq. 

Bəs, biz nə ilə məşğuluq? Qarabağdan başqa.., hər şeylə. Düzdür, hərdən Paşinyana cavab vermək üçün küçədən birini tapıb Milana, zada göndərirlər.  Bu işi təşkil edənlər siyasi təfəkkür səviyyələrinin o adamın ümumi səviyyəsindən heç nə ilə fərqlənmədiyini nümayiş etdirmiş oldular. 

Bu səviyyə özünü daxildə bütün sahələrdə göstərir və hər gün şahidi oluruq. Amma, anlamaq lazımdır ki, xaricdən söyüş söyənlərə cavab vermək üçün istifadə etdiyiniz, mitinqlərdə etirazçıların əlini, ağzını tutan birinin Qarabağ məsələsinə cəlb etmək olduqca yalnış hərəkətdir. Hətta, düşmən ölkənin rəsmiləri də bu arqumentdən bizə qarşı istifadə etdilər. Qarabağ fərqli işdi, burda səviyyəli və təsirli diplomatiya lazımdır ki, dünya qarşısında haqqını müdafiə edə biləsən, bu şəkildə biabır olmayasan. 
 
Qarabağ münaqişəsində heç bir uğur əldə etmədən 2019-cu ili də yola salırıq. Bütövlükdə ilə yekun vurmaq üçün nəticəsini bəri başdan bildiyimiz, xarici işlər nazirlərinin dekabrda baş tutacaq Bratislava görüşünü də gözləyək. İllərdir davam edən və heç bir uğurlu nəticə əldə etməməyin səbəbləri araşdırılmalı və səhvlər təkrar olunmamalıdır. Səhvlər isə o qədər çoxdur ki...


шаблоны для dle 11.2
Tarix: 22-11-2019, 23:19




Xəbər lenti