“VƏZİYYƏTİN NƏZARƏTDƏN ÇIXMAMASI ÜÇÜN...” – “45 yaşdan yuxarı kateqoriya üçün bu virus təhlükəlidir”



Koronavirusla bağlı bütün dünyada olduğu kimi, Azərbaycanda da ciddi tədbirlər görülməkdədir.

“AzPolitika.info” “Kovid-19” epidemiyası, onun ölkəmizə təsiri, mümkün nəticələri, virusun yayılmasına qarşı görülən və görüləcək tədbirlərlə bağlı tanınmış həkim, millət vəkili Rəşad Mahmudovla söhbətləşib.

- Rəşad bəy, dünyanın diqqəti qlobal epidemiya elan olunan “Kovid-19” virusuna cəmlənib. Artıq Avropa virusun episentri hesab olunur. Deməli, virusun episentri regionumuza kifayət qədər yaxındır. Sizcə, bu virusun Azərbaycana təsirləri özünü hansı formada göstərəcək?

- Koronavirusun dünyada yarada biləcəyi və bəzi ölkələrdə yaratdığı təhlükələr göz önündədir. Koronavirusun “Kovid-19” adlandırılan tipilə necə davranılacacağına dair dünya səhiyyəsinin özü tam məlumata malik deyil. Bu virus özünü necə aparacaq, onun inkubasiya dövründən sonra orqanizmdən uzaqlaşması nə qədər müddət çəkəcək? Hazırda bu mövzuda dünya elmində olan fikirlər arasında böyük təzadlar var. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı bu virusdan ölüm faizinin aşağı olmasına baxmayaraq, onun yayılma sürətini nəzərə alaraq pandemiya elan etdi. Bu virus dünyanı hardasa fövqəladə vəziyyət halına gətirdi.

Hazırda ölkəmizdə koronavirusla bağlı rəqəmlər kiçik görünə bilər, amma dünyada heç bir ölkə bu xəstəliyin qısa müddət ərzində endemik, daha sonra pandemik vəziyyətə gəlməsi perspektivindən sığortalanmayıb. Odur ki, biz bu saat diqqəti birmənalı olaraq tibbin görəcəyi işlərdən daha çox Azərbaycanda hökumət yanında yaradılan Operativ Qərargahın vermiş olduğu bütün qayda və tapşırıqlara riayət olunmasına yönəltməliyik. Bu, bizim vətəndaşlıq borcumuzdur.

Eyni zamanda, ayrı-ayrı işləri hökumətdən gözləmək əvəzinə, hər bir vətəndaş gigiyenik tələblərə mütləq şəkildə riayət etməlidir. Məktəblər, bağçalar bağlı ola bilər, amma uşaqların ticarət və əyləncə mərkəzlərinə aparılması qəbul edilən addım deyil. Bu virus uşaqlar üçün böyük təhlükə yaradan qrip olmasa da, onun uşaqlar vasitəsilə onların təmas quracaqları şəxslərə ötürülməsi ehtimalı var. Nəzərə almaq lazımdır ki, 45 yaşdan yuxarı kateqoriya üçün bu virus təhlükəlidir.


Əvvəlki statistikada ölüm hallarının daha çox yaşlı və xroniki xəstəliyi olan insanlarda rast gəlindiyi təsdiqlənsə də, son məlumatlarda 30-40 yaşlarında olan insanların da getdikcə sıx-sıx bu virusdan dünyasını dəyişdiyi əks olunur. Bütün bunları nəzərə alaraq, mən insanları önümüzdəki 2 həftə içərisində vəziyyətin nəzarətdən çıxmaması üçün birmənalı olaraq evlərində oturub, lazım olmadığı hallarda kütləvi ortamlara qatılmamağı tövsiyə edirəm. Və ailə daxilində gigeynik qaydalara riayət etmələrini də vacib sayıram.

- Belə iddialar var ki, “Kovid-19” virusunun diaqnozunu qoymaq bir qədər çətindir və ya bunun üçün uzun zaman lazım gəlir...

- Dünyada bunun fərqli ölçü vasitələri olsa da, onların bir qismi qənaətbəxş deyil. Psiar yöntəmi ilə bu diaqnozu qoymaq mümkündür. Hazırda bu sahə ilə əlaqədar Azərbaycanın əlində olan avadanlıq onların arasında ən müasiridir və dünyada bunun alternativləri də hələ ki, yoxdur. Doğru nəticəni görmək istəyiriksə, biz bu aparatlardan çıxan nəticələri gözləməliyik. Diaqnozun 1 saat və ya 3 saat ərzində qoyulmasının bu gedişatda əhəmiyyəti də yoxdur. İnsanların sadəcə hövsələsizlik edib anında cavab gözləməsi də normal bir yanaşma deyil. Analizi normal olan belə, əgər şübhəli insandırsa, onun 3-5 gün ərzində ikinci analizi alınmadan karantindən çıxarılması birmənalı qəbul ediləcək hal deyil. Mən karantinə düşən insanların bu qərara qarşı gəlməməsini tövsiyə edirəm. Hazırda qanuna edilən dəyişikliklər bizi məcbur edir ki, bu prosesə qarşı məsuliyyətli olaq.

- Reallıqda apteklərdə spirt kifayət qədər olsa da, elementar qoruyucu maskalar tapılmır və ya insanlara maksimum 2 ədəd maska satılır. Sizcə, bu, ciddi qüsur deyilmi?

- Sizi anlayıram, amma dünyanın istənilən ölkəsində bütün əhali bir anda evlərinə gələcək günlər üçün ehtiyat yığmağa çalışsa, bu tələbatı heç kəs qarşılaya bilməz. Ümumiyyətlə, maskaların heç bir qoruyuculuq xüsusiyyəti yoxdur. Maskalar sadəcə, xəstə olan insanların virusu ətrafa yaymaması üçün lazımdır. Maskalar həmçinin həkimlərin xəstələrlə ünsiyyət zamanı istifadə etdikləri ləvazimatdır. Biz bilməliyik ki, viruslar daha çox əldən keçir. Əlimizi harasa toxundurduqdan sonra onu yumadıqda və əllərimizi üz-gözümüzə toxundurduğumuz zaman real təhlükə yaranır.

- Bəzi ölkələr bu virusla bağlı fövqəladə vəziyyət elan edib, bəziləri dünya ilə əlaqələrini kəsərək izolyasiya olunub. Azərbaycanda da fövqəladə vəziyyət elan olunması perspektivinə necə yanaşırsınız?

- Düşünürəm ki, bizdə indiki real durumda Operativ Qərargah lazım olan qərarları optimal formada verir. Hazırda fövqəladə vəziyyət elan olunmasa da, verilən qərarlar buna yaxındır. Əgər söhbət fövqəladə vəziyyət elan edərək polis gücünə insanları küçələrdən yığmaqdan gedirsə, o zaman bu prosesdə bilavasitə iştirak edən insanlar da təhlükə altına düşə bilər. Odur ki, mən bir daha insanlarımızın daha sivil, hadisəni dərk edərək davranmalarını, bu işə ciddi yanaşmalarını tələb və arzu edirəm.

- Sizcə, Azərbaycanın səhiyyə müəssisələrinin durumu hazırkı vəziyyətə adekvatdırmı, sosial şəbəkələrdə olan bəzi görüntülər sanki bunun əksini deyir...

- İlkin dəqiqələrdə yaşanan problemlər, sıxıntılar təkcə bizim üçün deyil, bütün dünya ölkələri üçün xarakterik oldu. Avropa ölkələrinin çoxu bizdən qat-qat çətin duruma düşdü. Amma bir həqiqət var ki, karantin deyilən prosedur xəstənin müalicəsi demək deyil. Karantin məktəbdə də olar bilərdi.

Azərbaycanda karantin ünvanı kimi xəstəxanaların seçilməsində məqsəd budur ki, orada insanlarla ünsiyyətə girəcək, tibbi bilikləri olan şəxslər var. Yəni epidemioloji bilgiləndirmə şanslarının daha yüksək olmasını nəzərə alaraq xəstəxanalar seçildi. Həm də xəstəxanalarda məktəblərdən fərqli olaraq yatmaq üçün imkanlar var. Yeməklərindən tutmuş hər şeyinə qədər yüksək səviyyədə təşkil edilib. Sadəcə, insanlar əvvəlcə psixoz halına gəlir, sanki azadlıqlarından məhrum edilmiş ab-havaya girirlər. Amma bu pisxoz durumu 3 gün çəkir və sonra reallıqları başa düşürlər. Biz, bu məsələləri yaxından təqib edirik.

- Virusa qarşı mübarizədə tibbi personal, mütəxəssis çatışmazlığı varmı?

- İnsan oğluyuq, hamımızın övladı, ailəsi var. Və hamımız da canlıyıq, təhlükə anında hər kəs qorxu hissi keçirir. Sözsüz ki, digər məslək sahibləri kimi həkimlər də öz ailələri ilə bu şərtlər daxilində bəlli həyacanlar keçirirlər. Və onlar birbaşa bu xəstəliyə yoluxan və yoluxma ehtimalı olan insanlarla üz-üzə gəldikləri üçün risk qrupuna aiddirlər. Onlar bu təhlükəni bilərək, amma həkim məsuliyyətinin onlarda yaratdığı yükü də daşımaqla, indiyə qədər bu məsələnin nəzarətdə saxlanması üçün hər şeyi etdilər. Onlar görsənməsələr də, arxa plandakı gizli qəhramanlarımızdırlar. Amma bizlər də ən azından cəmiyyət olaraq onların haqqını verməliyik. Heç nə edə bilməsək belə, qonşumuzda və ya ətrafımızda olan tibb personalını gördüyümüz zaman onlara təşəkkürümüzü, ehtiramımızı bildirməliyik.


шаблоны для dle 11.2
Tarix: 24-03-2020, 21:43




Xəbər lenti