"Bəzi icra başçıları özlərini padşah kimi aparır, camaata yuxarıdan aşağı baxırlar"


"Bəzi icra başçıları özlərini padşah kimi aparır, camaata yuxarıdan aşağı baxırlar"
"Son illər respublikamızda ölkə Prezidenti tərəfindən bütün sahələrdə böyük islahatlar aparılır. Hesab edirəm ki, islahatların yeni mərhələsi sayılan bir çox tədbirlər doğru və vaxtında atılan addımlardır və Azərbaycan xalqı tərəfindən çox müsbət qarşılanır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar İbrahimov bildirib.

Deputat deyib ki, Prezident İlham Əliyev daim xalqın çağırışlarına cavab verən addımlar atır:

"Həyata keçirilən bu tədbirlər bir daha onu sübut edir ki, ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifah halının daim yaxşılaşması dayanır.

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Milli Məclisdən də yan keçmədi. Milli Məclisin yeni sədri Sahibə xanım çox peşəkar və təcrübəli insandır. Milli Məclisin rəhbərliyinin tamamilə yenilənməsi, komitələrə yeni insanların gətirilməsi, Milli Məclisin Aparatında kadr və struktur dəyişikliyi parlamentin fəaliyyətinə öz müsbət təsirini göstərməkdədir".

Eldar İbrahimov son günlər korrupsiya və rüşvətxorluq əməllərinə görə ifşa olunaraq həbs olunan məmurlardan da danışıb:

"Bilirsiniz, cənab Prezident dəfələrlə məmurlara xəbərdarlıq edib ki, xalqın yanında olmaq, insanlara kömək etmək, onları vaxtı-vaxtında dinləmək və problemlərin həllinə köməklik göstərmək lazımdır. Bəzi icra başçıları və digər səlahiyyət sahibləri özlərini padişah kimi aparır, camaata yuxarıdan aşağı baxırlar. İnsanlara qarşı belə münasibət bəsləmək olmaz. Bu isə həm onların vəzifə salahiyyətlərinə, həm də Azərbaycan Prezidentinin tələb və tövsiyələrinə uyğun deyil. Vəzifəyə təyin edilən hər bir şəxs həmin vəzifədə işlədiyi müddətdə nə qədər var-dövlət qazanmağı yox, xalqın yaddaşında hansı yaddaqalan izlər qoyması haqqında düşünüb iş görməli, təvazökar olmaqla özünü ətrafdakılardan yüksək tutmamalıdır. Bu gün cənab Prezidentin apardığı siyasət də ondan ibarətdir ki, görülən bütün işlər insanlarımızın yaxşı yaşamasına və ölkəmizin inkişafına xidmət etməlidir".

Deputat qeyd edib ki, yolunu azan məmurlar mütləq qaydada məsuliyyətə cəlb olunmalıdır ki, başqaları üçün dərs olsun:

"Təəsüfflə qeyd etmək lazımdır ki, son vaxtlar vəzifədən çıxarılan və həbs olunan məmurların rəhbərlik etdikləri təşkilatlarda və evlərində aparılan yoxlamalar onu göstərir ki, sanki bu insanlar vəzifəyə yalnız pul, var-dövlət yığmaq üçün gəliblər. Onlar təyin olduqları vəzifənin məsuliyyətini hiss etmir, səlahiyyətləri imkan verən hər şeydən yalnız öz mənafeləri üçün istifadə etməyə çalışır, bütün bacarığını bu çirkin əməllərə sərf etməklə məşğuldurlar. Başqa insanların taleyi, ölkənin gələcəyi isə onları demək olar ki, heç maraqlandırmır. Bu adamlar unudurlar ki, uzaq keçmişdən indiyə kimi başqalarının bədbəxtliyi üzərində qurulan “xoşbəxtlik” heç kəsə uğur gətirməyib və bundan sonra da gətirməyəcək.

Yüksək vəzifəyə təyin olunmaq heç də hamıya müəssər olmur, bu şansı əldə edənlər isə çalışmalıdırlar ki, cənab Prezidentin onlara verdiyi bu fürsətdən maksimum istifadə edib xalqı və ölkəsi üçün çalışsın, həyatda sərfəli iz qoysun və uzun müddət yaddaşlarda xoşməramlı insan kimi qalsın. Necə deyərlər dünyanın malı dünyada qalacaq və heç kim bu dünyadan köçəndə özü ilə var-dövlət aparmayıb. Ona görə də hesab edirəm ki, hər bir vəzifəli şəxs, o cümlədən biz deputatlar da ciddi nəticələr çıxarmalı, öz fəaliyyətimizi hörmətli Prezidentimizin ölkə əhalisi tərəfindən bəyənilən və yüksək səviyyədə dəstəklənən siyasətinə, tələb və tövsiyyələrinə uyğun qurmalı, xalqımızın mənafeyi və respublikamızın inkişafı naminə çalışmalıyıq.
шаблоны для dle 11.2
Tarix: 22-05-2020, 14:54




Xəbər lenti