Nərimanov rayonundakı taxta bazarı yandı - FOTOLAR, VİDEO


Güclü yanğın nəticəsində xəsarət alanlar var, yanğının səbəbləri hələ məlum deyil...

Avqustun 22-də günortadan sonra FHN-in 112 “Qaynar xətt”inə Bakının Nərimanov rayonunda, Dərnəgül yolundakı məşhur taxta bazarında  güclü yanğının baş verdiyi haqda məlumat daxil olub. Yanğının söndürülməsi üçün nazirliyin müvafiq qüvvələri həyəcan siqnalı ilə dərhal səfərbər edilib.  “Baksol” yolu adlanan istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələri xahiş olunub. Yanğın strateji əhəmiyyətli sənaye müəssisəsi olan “Baku Steel Company”nin yaxınlığında baş verdiyindən müəssisəyə elektrik enerjisinin verilməsi dayandırılıb.

Yanğına görə  hadisə yerinə 10 təcili yardım briqadası göndərilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, güclü yanğın nəticəsində xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib, daha 3 nəfərə yerində tibbi yardım göstərilib.

FHN-in yeni məlumatında isə deyilir ki, iki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 Yanğın yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev  və Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı  Abdin Fərzəliyev gəlib.

E.Mirzəyev  yanğınsöndürmə işləri ilə tanış olub, müvafiq tapşırıqlarını verib. General Etibar Mirzəyev hadisə yerində jurnalistlərə açıqlama verib. Deyib ki, yanğın 1500 kvadratmetrdən çox ərazini əhatə edib, FHN-in qüvvələri yanğının nəzarət altına alınması və söndürülməsi üçün gərgin mübarizə aparıb. Yanğının söndürülməsinə 25-dən artıq xüsusi texnika, 200-dən çox canlı qüvvə cəlb olunub. FHN rəsmisi  əlavə edib ki, yanğının səbəbləri hələ məlum deyil, araşdırmalardan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, yanğın axşam saatlarında söndürülüb. Sahibkarlara dəyən ziyan dəqiqləşdirilir.   

“Yeni Müsavat” bildirir ki, bu, 2019-cu ildə taxta bazarında baş vermiş ikinci yanğındır.  Yanvar ayının 22-də  gecə saatlarında  taxta bazarının ərazisində yanğın olmuşdu.  Taxta bazarının ərazisində yanğın nəticəsində təxminən 350-400 m2 sahədə taxta materiallar yanmışdı. 2018-ci ilin iyun ayının 19-da bazarda yanğın olmuş və sahibkarlara xeyli ziyan dəymişdi.

Qeyd edək ki, taxta bazarına ağac və ağac məhsulları əsasən Rusiya, Ukrayna və Belarusdan gətirilir. Hazırda taxtanın 1 kubunu 280 manata satırlar. Bazarda taxtanın qiyməti adətən dollar bahalaşan zaman artır. Məsələn, devalvasiyadan öncə 170 manata satılan taxta hazırda 280 manatadır. Mismarlardan təmizlənmiş, ikinci əl taxtaların1 kubu  220 manatdan başlayan qiymətlə satılır.

ORXAN,
“Yeni Müsavat”

шаблоны для dle 11.2
Tarix: 23-08-2019, 10:20




Xəbər lenti