Qışda kənd turizmi - bahalı istirahət...

 Qışda kənd turizmi - bahalı istirahət... Kənd evlərinin bir sutkalıq qiyməti 80-100 manat civarındadır, xarici turistlər gəlmir, yerli turistlər isə...

Qarşıdan bir neçə günlük qış tətili gəlir. Arzusuna və cibinə uyğun olaraq istirahət etmək istəyən vətəndaşlar daha çox respublikanın rayonlarına üz tutmağa üstünlük verirlər. Xüsusən də qarı bol, qartopu oynamaq şansı olan dağ rayonlarında. Təbii ki, bu zaman hotellərə üz tutmaq istəyən vətəndaşları o qədər də xoş sürprizlər gözləmir. Çünki qış aylarında “fürsəti vermə əldən” deyib, 1 həftəlik qazancı nəzərə alıb, müştərilərinin cibini “soymaq” ənənəsi var.


Kənd evlərinin üzünə “qış günəşi” doğub?

Amma eyni problem kənd turizmi üçün də keçərli imiş. “Yeni Müsavat” bu günlərdə respublikanın bəzi bölgələrindəki kənd evlərinin qiyməti ilə maraqlananda ortaya ilginc nəticələr çıxıb. Təbii ki, vətəndaş axtarışa başlayanda öncə internetdə rayonun adını yazıb, daha sonra “kənd evi” axtarışı verir. Bu zaman da maraqlı, diqqətçəkən kənd evlərinin fotoları və qiymətlər yer alır. Maraqlananda məlum olur ki, bunlar makler(dəllal) nömrələridir. Qusarda kənd evləri ilə maraqlananda təxminən belə nəticə ilə üzləşdik. Özünü makler kimi təqdim edən Rəşad adlı şəxs bildirdi ki, əgər kənd evində Yeni il bayramında qalmaq istəyiriksə, bunun üçün həmin evin bir günlük kirayəsini - 100 manatı nəzərə almalıyıq. Üstəgəl, səhər yeməyi, hər hansı xidmət də yoxdur. Bahalığın səbəbi ilə maraqlandıqda isə deyildi ki, bəs, qışda insanlar ancaq Yeni il bayramı ərəfəsində gəlirlər. Ona görə də qiymətlər ev sahiblərinə və təbii ki, faiz alan firmaya sərfəli olsun deyə bu cür müəyyənləşdirilib. Evlərin fotolarını da telefonla yollayırlar. Bildiyiniz kənd evi, dörd divar, heç bir xüsusi özəlliyi yox. Makler deyir ki, bəlkə daha çox axtarsa, sutkası 80 manata olan kənd evi tapa bilər, amma ona da söz vermir.

4 gün kənd evində istirahət 600 manat?

İndi normal hesablayanda məlum olur ki, minimum 4 gün kənd evində qalmaq 400 manata başa gəlir. Gündə üç dəfə yeməyi də nəzərə alanda, ən minimal hesabla, bu, 4 gündə 200 manat deməkdir. Yəni, ən aşağı hesablamalarla 4 günlük kənd turizmindən yararlanmaq Azərbaycan vətəndaşına 600 manata başa gəlir. Nəzərə alsaq ki, bu qiymətlə, Türkiyənin, eləcə də bəzi Avropa ölkələrinin qış tətili paketi var, o zaman maraqlıdır: hansı azərbaycanlı kənd turizminə önəm verər?

 Qışda kənd turizmi - bahalı istirahət...

Evlər soyuq, su soyuq, hamam şəraiti bərbad - xəstəlik qaçılmazdır

Ötən il Xızıda bir neçə gün kənd evində istirahət edən müsahibimiz Valeh Hüseynov deyir ki, kənd evlərinin ən yaxşı vaxtı yaydır. Çünki həmin vaxt evlərdə qaz, işıq problemləri xüsusi olaraq gözə dəymir. Yəni insanlar axşamdan-axşama evə gəlir, bəzən şəraitsiz kənd hamamlarında yuyunmağı belə ekzotika hesab edirlər. Qışda isə... V.Hüseynov ötən qış tətilini ailəsi ilə birgə Xızıdakı bir kənd evində keçirmək istəyib. Amma evdə istilik sistemi olmadığından soyuqdan donublar: “Odun sobası var idi ki, bu da evi o qədər isitmirdi. Bundan başqa, hamamları buz kimi. Evi də turist gələcək deyə təzə rəngləmişdilər. Ona görə də rəng iyindən üç gün az qala nəfəs ala bilmirdik. Nə səhər yeməyi verirdilər, nə günorta, nə də şam. Hər birini yaxınlıqdakı bir restoranda yeyirdik. O da bizə olduqca baha başa gəlirdi. Birinci və axırıncı dəfə oldu. Tövbə etdik. Bir daha Azərbaycanda qışda harasa getdi yoxdur dedik və getməyəcəyik də. Çünki gələndən sonra bir həftə xəstəlikdən ayağa dura bilmədik”.
Xızının Altıağac qəsəbəsində ev turizmi daha çox inkişaf edib. Buraya gələn turistlər bir sutka üçün 20-30 manat kirayə haqqı ödəməklə kənd evlərində qalmağa üstünlük verirlər. Qəsəbədə müasir tələblərə cavab verən istirahət mərkəzi də fəaliyyət göstərir.

 Qışda kənd turizmi - bahalı istirahət...

Əcnəbi turistlər arasında MDB ölkələrindən, Türkiyə, Böyük Britaniya və ABŞ-dan olanlar üstünlük təşkil edir. Xarici turistləri daha çox yerli əhalinin həyat tərzi, adət-ənənələri maraqlandırır.

Xızıya gələn turistlərin sayı çox olduğundan rayonda mehmanxana və hotellərin tikintisinə ehtiyac var. Bu rayonda ekoturizmin inkişafı üçün ideal təbii şərait də mövcuddur.
Qeyd edək ki, bu ilin ötən dövründə Xızı rayonuna, ümumilikdə, 8 mindən çox turist gəlib. Qış turizm mövsümündə isə rayona 3 mindən çox turistin gələcəyi gözlənilir.

Yollar pis olduğu üçün qış turizmi rayonlarda inkişaf etmir


Azərbaycanda isə qış turizminin inkişaf etməməsinin ilkin səbəbi olaraq zəif infrastruktur göstərilir. Belə ki, ilk növbədə qış turizm obyektinə gedən yollar yüksək səviyyədə təmir olunmayıb. Bundan başqa, turizm məkanlarının lazımi səviyyədə qızdırılmaması, hotellərdə qaz, işıq problemlərinin həll edilməməsi axını zəiflədir. Bu mənada Azərbaycanda orta səviyyəli qış turizm obyekti tapmaq çətindir. Bu səbəbdən də insanların qışda istirahət etmə arzuları gözündə qalır. Ölkə daxilindəki qış turizm obyektləri ya çox yüksək səviyyədədir ki, ordakı qiymətlər sıravi vətəndaşların cibinə uyğun olmur. Xaricilər üçünsə qış turizmi deyəndə Azərbaycan bir seçim kimi yada düşmür.

 Qışda kənd turizmi - bahalı istirahət...

Əcnəbilər üçün Azərbaycandakı kənd turizmi.... standartlardan aşağıdır, çünki...

Ümumiyyətlə, kənd turizmi daha çox yerli əhali üçün sərfəlidir. Çünki əcnəbi turistlər çox nadir hallarda kəndlərdəki evlərə üstünlük verir. Buna səbəb isə həmin evlərdə normal kommunal şərtlərin olmamasıdır. Bunlardan ilki kənd yerlərindəki ayaqyolu-hamam şəraiti, habelə qaz-işıq verilməsində yaşanan fasilələrdir. Bundan başqa, hələ də evi turizm obyekti kimi istifadəyə verən kənd camaatının onu kondisionerlə təchiz etməməsidir. Xüsusən dağ rayonlarında yayın sərin keçdiyi nəzərə alınsa da, günortanın istisi öz sözünü deyir.
Xarici turistlərin kənd evlərini tərcih etməməsinin bir səbəbi də dil problemidir. Xaricilər ev sahibi ilə anlaşa bilmədikləri üçün problem yaşayır. Bakılı turistləri isə çox vaxt ev sahiblərinin hədsiz qonaqpərvərliyi sıxır.

 Qışda kənd turizmi - bahalı istirahət...

Ümumilikdə bir çox inkişaf etmiş ölkələrdə də turizmin bu növünə maraq çoxdur. Meqapolislərin gurultusundan, tüstülü havasından qurtulmaq istəyənlər çox vaxt ekzotika xatirinə dağlara, göl kənarlarına çəkilməyi üstün tuturlar. Məsələn, Fransa, Böyük Britaniya və Almaniyada turizmin bu növünə xüsusi diqqət yetirilir. Buna səbəb Fransanın şərq rayonlarında dağ relyefinin olması, habelə bir neçə ölkə ilə (İsveçrə, Almaniya, İtaliya, Belçika və Lüksemburq) həmsərhəd olmasıdır. Ölkənin cənubunda çimərlik əraziləri və şərabçılıq rayonları yerləşir. Fransanın qərb rayonlarında kənd turizminin az inkişaf etməsinə səbəb iqlimin yağışlı və küləkli olmasıdır. Hazırda 35 min fransız fermeri turistlərin qəbul edilməsinə hazırdır. Almaniyanın cənub və qərb rayonlarında da turizmin bu növü daha çox inkişaf edib. Buna səbəb bu regionların iqtisadi cəhətdən güclü inkişaf etməsi və zənginliyi ilə fərqlənməsidir. Böyük Britaniyada isə kənd turizmi əsasən ölkənin cənub regionlarında inkişaf edib. Buna səbəb qədim tarixi abidələrlə zəngin bu ərazilərdə yerləşən iri şəhərlərin əhalisinin kənd yerlərində istirahətə çox üstünlük verməsidir.

Şimali Avropanın kənd turizmi bazarında Danimarka xüsusi yer tutur. Danimarkanın kənd təsərrüfatı öz effektivliyi ilə Avropa bazarında yüksək qiymətləndirilir. Bu səbəbdən Danimarkada istirahət etmək üçün aqroturistlərin tələbi ildən-ilə artır. İsveçin və Norveçin yalnız cənub regionlarında kənd turizmi inkişaf edib. Şimal regionlarında bu turizm növünə ehtiyacın az olması həmin ərazilərin sərt iqlimə malik olması ilə bağlıdır.

Bir həftəyə gücün çatmır - 3 gün get, amma...

Bu arada yeni bir xidmət də populyarlıq qazanıb. Bu, birgünlük-ikigünlük-üçgünlük turlardır. Bəzi turizm şirkətləri ölkə daxilindəki bəzi rayonlara belə qısamüddətli turlar təşkil edirlər. Amma burada da qiymətlər yeməklərin sayından, göstərilən xidmətdən asılıdır. Söhbət yerli turistlərin avtobuslarla Nabrana, Masallıya və ya Qəbələyə aparılmasından gedir. İstirahət proqramı çərçivəsində turistlərə gündə iki dəfə yemək verilir. Yeməkdən imtina edənlər özləri ilə gətirdiyi yeməklə qidalanırlar. Amma bu sayaq turların normal qiyməti 50 manatdır. İki-üç günlük turlar isə müvafiq olaraq 100-150 manatdır.

 Qışda kənd turizmi - bahalı istirahət...

Amma qış istirahətindən danışıb, Gürcüstanı yada salmamaq olmaz. Çünki Azərbaycanda insanlar qış tətilini daha çox Tiflisdə keçirməyə üstünlük verirlər. Burada bir həftəlik ailəvi istirahət 600-700 manatdan baha başa gəlmir. Azərbaycanda qış tətili üçün daha çox Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Fransaya getmək istəyirlər. Dubaya, İstanbula, Türkiyənin Uludağ, Sarıqamış, Qartəpə, Qartalqaya kimi xizək mərkəzlərinə gedənlərin sayı daha çoxdur.

Məlumat üçün deyək ki, Gürcüstana istirahət üçün ən çox Azərbaycan, Türkiyə və Ermənistan vətəndaşları gəlir. Bu region ölkələrinin payına ümumilikdə 78 faiz turist düşür. Belə ki, Azərbaycandan 488 461, Türkiyədən 485 137, Ermənistandan isə 479 377 turist Gürcüstanda dincəlməyə üstünük verib. Gürcüstanın Turizm Milli Agentliyinin verdiyi məlumata əsasən, ölkəyə gələn turistlər ən çox Tiflisə səfər etməyi üstün tutur. Bu həm də Tiflisin əsas kommunikasiya mərkəzi olması ilə izah edilir.

Gürcüstanın digər bölgələrinə səfər edənlərin sayı isə belədir: Batumi - 44%, Msxeta - 18%, Kutaisi - 10%, Qori - 10%, Siqnaxi - 8%, Kazbeqi - 7% və s.

Sevinc TELMANQIZI
Tarix: 19-12-2016, 08:57




Xəbər lenti