Üçüncü Mxitaryan vaqeəsi...


“Arsenal” və ingilis mediası elə hay-küy qaldırıb ki, sanki Mxitaryan klubda Messinin görəcəyi işi görür və final Bakıda olmasaydı, “Çelsi”yə 4 top vuracaqdı...

2015-сi ildə “Qəbələ”  Avroliqanın qrupunda “Borussiya” ilə bir qrupa düşmüşdü. Dərhal da həmin klubda oynayan Henrix Mxitaryanın Azərbaycana gəlib-gəlməyəcəyi müzakirə mövzusuna çevrilmişdi. Sonda nə oldu? Mxitaryan gəlmədi.  Ötən il “Qarabağ” Avroliqanın qrupunda "Arsenal" la bir qrupa düşəndə Henrix artıq ingilis klubunun heyətində idi və yenə bu mövzu ilə zəhləmiz töküldü. “Arsenal” bəyanat verdi, gileyləndi, sonda Mxitaryanı yenə Bakıya gələsi olmadı.

İndi Avroliqanın finalında oynayacaq “Arsenal”dan daha çox erməni yarımmüdafiəçi müzakirə olunur. Hər üç halda Azərbaycan UEFA səviyyəsində onun təhlükəsizliyinə təminat versə də, “üçüncü Mxitaryan vaqeəsi”nin də sonluğu gözlənilən kimi oldu. Mxitaryan gəlməz oldu...

Sanki lənət kimi bu ermənilər hər yerdə bizim qarşımıza çıxmalı, dünyanı çaşdırmalı, ən yaxşı günlərimizdə belə qanımız qaraltmalıdırlar. Ötən il “Qarabağ”la “Arsenal”ın Bakıdakı qarılaşması ərəfəsi də bu mövzuda yazanda xüsusi qeyd etmişdim ki, bu hay-küy həm də bizim XİN-in zəif fəaliyyəti nəticəsidir. Hər üç vaqeədə  müzakirələrin kökündə dayanmış səbəb Mxitaryanın 2011-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qanunsuz səfər etməsidir. XİN o zaman da, indi də Mxitaryanla bağlı məsələdə gecikdi.

Avropa da, ingilis mediası da separatizmin nə olduğunu yaxşı bilir. 2017-ci ildə Kataloniyada “müstəqillik  referendumu” keçirən separatçılarını lideri Karles Puçdemont  hələ də qaçqın həyatı yaşayır, nə ölkəsinə, nə bölgəsinə qayıda bilir. Mxitaryan Puçdemont deyil, amma  o da separatizmi dəstəkləyənlərdən biridir. Necə olur ki, Puçdemont separatçılıq fəaliyyətinə görə tərəfdarları ilə birgə ölkədən didərgin salınır, sonra hətta həbs edilir, amma separatizmdən də daha pisini edənlərə- işğalçılara   Avropa susur. Mxitaryan ermənilərin lideri deyil, heç kimdir, amma o separatizmi dəstəklədiyi üçün vaxtilə XİN-in “qara siyahısı”na düşüb. Bunu biz niyə indiyədək ingilislərə başa sala bilmirik ki? İndi ingilis azarkeş Mxitaryanın Bakıya niyə getməməsini tam anlamaqda niyə çətinlik çəksin? Ermənilər ötən dəfə olduğu kimi, yenə bu məsələni bizim əleyhimizə istifadə edə bildi...

Son olaraq AFFA-nın baş katibi Elxan Məmmədov  UEFA-ya Mxitaryanla bağlı təminat verdiklərini deyib: "Hökumətimiz Mxitaryanın Bakıya gəlməsiylə bağlı UEFA-ya qaranti verib. Bu səbəbdən də təhlükəsizliklə bağlı problem yoxdur. Bu məsələnin mətbuatda, ictimaiyyətdə, xüsusilə də İngiltərədə belə müzakirə edilməsinə təəccüblənirik. "Arsenal" rəsmiləri Bakıya səfər ediblər, onlarla müzakirələrimiz olub. Ötən il "Arsenal"ın Bakıda "Qarabağ"a qarşı keçirəcəyi oyunda da Mxitaryanın təhlükəsizliyi üçün təminat verilmişdi. Ancaq baş məşqçi zədə və ya başqa səbəbdən onu Azərbaycana gətirmədi. Henrix Mxitaryanın Bakıya səfər etməsi üçün heç bir problem olmayacaq. Son 10 ildə erməni idmançılar Bakıya problemsiz gəliblər. İdman siyasətdən uzaqdır, tamamilə ayrıdır. Ona görə də Mxitaryan finalda oynamaq hüququna malikdir".

***

Mxitaryanın “Arsenal”da builki statistikasına baxdım. Sezonda 25 oyunda forma geyinib, cəmi 1901 dəqiqə meydanda olub, 6 qol vurub, 4 uğurlu ötürmə edib. Mxitaryan budur! “Arsenal” və ingilis mediası elə hay-küy qaldırıb ki, sanki Mxitaryan klubda Messinin görəcəyi işi görür və final Bakıda olmasaydı, “Çelsi”yə 4 top vuracaqdı və sair...

Dünyanın həvəslə gözlədiyi bir finalı  Mxitaryan probleminə çevirə bildilər. Onun haqqında “Qarabağ”la ötən ilki oyun ərəfəsi yazmışdım. Yenə yada salmaqda fayda gördüm.      

                 

Kimdir axı bu Mxitaryan ki...

Henrix  Mxitaryan 1989-cu il yanvarın 21-də İrəvan şəhərində futbolçu ailəsində anadan olub. 1990-cı ildə ailəsi Fransaya köçüb. Atasının ölümündən sonra  ailəsi ilə İrəvana qayıdıb, burada “Pyunik” futbol akademiyasına yazılıb.

Futbolçu karyerasına “Pyunik” klubunda başlayan Mxitaryan tezliklə klubun liderlərindən birinə çevrilib.  İlk qolunu 2006-cı ilin sentyabrında  “Şirak” a qarşı oyunda vurub. 2009-cu ildə Ermənistan çempionatında Mxitryan 11 qol vuraraq bombardir  olub. Bu illərdə artıq onunla Moskva “Lokomotiv”i, Kiyev “Dinamo”su, Argentinanın “Boka Xuniors”, Fransanın ı “Lyon” və “Lill” klubları maraqlanırdı.

2009-cu ilin iyununda o,  Donetskin “Metallurq” klubuna transfer olunur. 22 nömrəli futbolka geyinən erməni futbolçu  Avropa Liqasında “Metallurq”la  MTZ-RIPO ilə oyununda ilk qolunu vura bilir. 2010-cu ilin avqustunda Mxitaryanla Almaniyanın  “Verder”,  İngiltərənin “Tottenhem” klubları da maraqlansa da, Henrix Ukraynanın başqa bir klubu- “Şaxtyor”la anlaşır.  “Şaxtryor” yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayır. Müqavilənin məbləği o dövrü üçün kifayət qədər yüksək idi:7,5 milyon dollar...

2012-ci ildə o, “Sport-Express”in keçirdiyi sorğuda MDB-də ən yaxşı oyunçusu seçilir. “Şaxtyor” heyətdə qollarını sıralamağa başlayan yarımmüdafiəçi  2012-ci ilin sentyabrında rəsmi görüşlərdə vurduğu qolların sayını 100-ə çatdırır.  2012-2013-cü il mövsümündə o, daha bir rekorda imza atır. Birinci dövrədə 18 qol vuran erməni futbolçu həmin mövsümün ən yaxşı bombardiri olur.

“Şaxtyor”da uğurlu mövsüm keçdikdən sonra Mxitaryan daha güclü  klublara keçmək istəyir. Fransanın “PSJ”, İngiltərənin  “Liverpul”, “Mançestr  Citi”, “Çelsi” və “Tottenhem” kimi klubları onu heyətində görmək istəyirdi. Onunla  İtaliyanın “Yuventus” və Dortmund “Borrusiya” da ciddi maraqlanırdı.

Futbolçu ilə “Liverpul” müqavilə imzalamağa yaxın olsa da, Mxitaryan  2013-cü ilin iyununda  “Borussiya”ya transfer olundu.  Dörd illik müqavilə üçün Mxitaryanın transfer qiyməti  27,5 milyon avro oldu. Mxitaryan “Borrussiya”nın ən bahalı transferi kimi də tarixə düşdü. Çempionlar  Liqasında qol hesabı açan Mxitaryan həmin mövsüm Bundesliqada 9 qol vurdu, 10 qol ötürməsi etdi. 

Növbəti mövsüm “Borussiya” üçün uğursuz oldu, klub son illərdə ilk dəfə Çempionlar Liqasının qrupuna düşə bilmədi.  2015/16 mövsümü başlayan kimi baş məşqçi Yurgen Klopp istefaya göndərildi, onun  yerini  Tomas Tuxel  tutdu.

Mxitaryan yenidən qollar vurmağa başladı və uğurlu bir mövsüm keçirdi. Belə ki, mövsümün nəticələrinə görə, o, Bundesliqanın həm ən yaxşı oyunçusu və  ən yaxşı qol (15 uğurlu ötürmə) asisenti oldu.  2016-cı ilin iyun ayında Mxitaryan “Borussiya” ilə müqaviləni yeniləməyəcəyini dedi.  Onun agenti Mino Rayola Mxitaryanın “Mançestr Yunaytred”də oynamaq arzusunu açıqladı. 

2016-cı il iyulun 2-də alman klub Mxitaryanın transferinə razılıq verdi və erməni yarımmüdafiəçi  Mançestr şəhərinin təmsilçisi ilə 4 illik  müqavilə bağladı.  Vikipediya məlumatlara görə, transferin məbləği 26,3 milyon funt idi.  İlk aylar Mxitaryan yalnız əvezetmələrdə meydana buraxılsa da, tədricən əsas heyətdə yerini möhkəmlətdi.

2017-ci il Avropa Liqasının finalında “Ayaks”ın qapısına ikinci qolu müəllifi Mxitaryan oldu.  Sonda final qarşılaşmasının  ən yaxşı oyunçusu seçildi.

Növbəti mövsüm yenə onun üçün uğursuz oldu, nəticədə o, yenidən ehtiyat oyunçular skamyasına göndərildi.  Onun qış transferində klubu tərk edəcəyi barədə xəbərlər təsdiqləndi və bu ilin yanvarında erməni futbolçu  Londonun “Arsenal” klubuna transfer oldu.  Yeni komandada ona 7 nömrəli forma verildi. 

Milli komandada karyerasına gənclərin heyətində oynamaqla başlayıb. Ermənistanın əsas milli komandasında 18 yaşında debüt edib.  Avro-2012-nin seçmə mərhələsində Mxitaryan 6 qol vuraraq, B qrupundakı qolçuların siyahısında birinci yeri tutub. Həmin ilin dekabrında ümumi səsvermə yolu ilə Ermənistanın ən yaxşı futbolçusu seçilib.//Musavat.com//


шаблоны для dle 11.2
Tarix: 19-05-2019, 14:16




Xəbər lenti