Neft müharibələri: Dünya yeni təhlükə qarşısında


Neft müharibələri: Dünya yeni təhlükə qarşısında 

ABŞ neft ölkələrinə qarşı savaş açdı, Konqresin hüquq komitəsi antikartel qanun layihəsini qəbul edib. 

ABŞ Konqresinin Nümayəndələr Palatasının hüquq komitəsi fevral ayının 7-də NOPEC (No Oil Producing and Exporting Cartels Act) adı altında antikartel qanun layihəsini qəbul edib. Sənədin mətni komitənin saytında yerləşdirilib. Qanunun qəbul edilməsində əsas məqsəd ABŞ məhkəmələrinə neft bazarında kartel sövdələşmələrində iştirak edən dövlətlərə qarşı antiinhisar iddia ərizələrinə baxmaq səlahiyyətinin verilməsindən ibarətdir. 

NOPEC bununla ABŞ-ın əsas antiinhisar qanunu sayılan Şerman aktına düzəlişlər gətirərək, digər ölkələrin hökumətlərinin neft istehsalının məhdudlaşdırılması və ona uyğun qiymətlərin müəyyənləşdirilməsi ilə bağlı istənilən birgə fəaliyyətini qeyri-qanuni sayacaq.

Qeyd olunur ki, həmin qanunvericilik aktı bu və ya digər versiyada 20 il öncə gündəmə gətirilibmiş. Hətta 2007-ci ildə qanun layihəsinin variantlarından biri həm Nümayəndələr palatası, həm də Senatda qəbul olunub. Lakin o vaxt prezident Corc Buşun buna kəskin şəkildə qarşı çıxmasına və veto edəcəyini söyləməsinə görə sənəd prezidentə imzalamaq üçün göndərilməyib.

“The Wall Street Journal”ın məlumatına əsasən, öz növbəsində OPEC də ABŞ-da irimiqyaslı lobbiçilik fəaliyyətinə start verib. Təşkilat bununla Vaşinqton administrasiyasını OPEC-in ölkə iqtisadiyyatının sabitliyinin saxlanılmasında nə qədər böyük rol oynadığına inandırmağa çalışacaq.

Bununla əlaqədar kartel elmi təşkilatların, habelə araşdırmaçı institutların köməyindən istifadə edərək, həm Nümayəndələr Palatası, həm də ABŞ biznesmenlərinin maraqlarını təmsil edən ən böyük qeyri-kommersiya lobbiçi struktur sayılan Ticarət Palatasında geniş kampaniya yürüdəcək.

OPEK-in baş katibi Məhəmməd Barkindonun təşəbbüsü ilə gerçəkləşdirilən lobbi fəaliyyəti üçün 500 min dollar pul ayrılması güman olunur. Lakin bu pulun ayrılmasına ABŞ-la hər hansı məsələdə qarşılıqlı fəaliyyəti qəbul etməyən İran etiraz edir.

Maraqlıdır, savaş açılan neft ölkələri ABŞ-a qarşı hansı addımı atacaqlar?

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının hüquq komitəsində müzakirə olunan və qəbul olunan qanun layihəsinin 25 ilə yaxın tarixi var: 

“Hər dəfə bu qanun müzakirələrə çıxarılıb, sonra nədənsə geri çəkilib. Əgər Konqres adıçəkilən qanun layihəsini qəbul edirsə, bu o deməkdir ki, ABŞ-ın Ədliyyə Nazirliyi Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlərin qlobal neft bazarlarında kartel sövdələşmələrinin qarşısını almağa hədəfləyir. Əgər OPEC və bu təşkilata qeyri-üzv dövlətlər qiymətlərin süni artımına hədəflənən cəhdlərə baş vurarlarsa, yəni, bazarlara adminstrativ şəkildə intervensiya edərlərsə, bu zaman ABŞ ədliyyəsi adıçəkilən qurumlara qarşı məhkəmə davası aça bilər. Bu qanun layihəsinin hüquqi icraatının təsirini əvvəlcədən demək mümkün deyil. ABŞ-ın hazırkı prezident administrasiyası qlobal neft bazarlarında qiymətlərin artımına, həmçinin ölkə daxilində həm xam neftin, həm də digər neft məhsullarının (benzin, dizel) artmasında maraqlı deyillər”.

Ekspert hesab edir ki, ABŞ daxilində antikartel qanun layihəsinin gündəmə gəlməsində müvafiq qrupların iştirakı var: 

“Bu qanun layihəsinin yenidən müzakirəyə çıxarılmasında həm enerji şirkətlərinin, həm Amerika Neft İnstitutunun, həm də Ticarət Palatası kimi böyük qrupların rolu var. Bu qruplar həmin qanun layihəsinin Konqresdə qəbul edilməsində çox maraqlıdırlar. Belə olan halda, OPEC-in qlobal neft bazarlarında tarazlığı bərqərar etməsi ilə bağlı cəhdləri şübhə altına düşəcək. Qanun layihəsinin qəbulundan sonra onun təsir mexanizmlərini necə olacağını əvvəlcədən demək mümkün deyil. Artıq enerji bazarlarında bir çox qərarların qəbul edilməsində ABŞ-ın fikirləri əsas götürülür. Məsələn, bir neçə gün əvvəl “Şimal Axını-2” layihəsi ilə bağlı Fransa və Almaniyanın mövqeyi əsasında Avropa Komissiyasında bir qərara qəbul edildi. Bir çox məsələlərə ABŞ-ın süni şəkildə müdaxilə etməsi digər dövlətlərdə qıcıq yaradacaq”.

Zəfər Vəliyev onu da qeyd edib ki, sözügedən qanun layihəsinin icra mexanizmləri bir sıra suallar doğurur: 

“Aydın görünür ki, həm Respublikaçılar, həm də Demokratlar partiyası bu qanun layihəsinin Konqresdə qəbuluna maraqlıdırlar. ABŞ-ın Ədliyyə Nazirliyi Rusiyaya, İraqa necə deyə bilər ki, hasilatı durmadan artırsın və yaxud da azaltsın? Artırmaq üçün investisiya lazımdır axı. 

OPEC neft satan ölkələrin beynəlxalq təşkilatıdır. Onların əsas funksiyalarından biri dünyanın neftə olan tələbatını vaxtı-vaxtında qarşılamaq, eyni zamanda bazarlarda tarazlığı bərqərar etməkdir. Əgər ABŞ bu funksiyanı həmin dövlətlərin əlindən alırsa, bu zaman qlobal neft bazarlarında xaos yaranacaq. Onlar hesab edirlər ki, hasilat azalmamalı, kifayət qədər artırılmalıdır. Belə olan təqdirdə ABŞ-ın özü də problemlərlə üzləşəcək. Neftin qiyməti 61 dollarda dayanandan sonra ABŞ-da qazma aktivliyi də, hasilat da səngiyib. Deməli, Amerika xüsusilə şist neft yataqlarında indiki qiymətlər fonunda hasilat həcmlərini artırmaq və eyni zamanda yeni quyuların qazılmasında maraqlı deyil. Mövcud qiymətlər fonunda ABŞ-da sürətli neft hasilatının artımına nail olmaq çox çətindir. Bu baxımdan, sözügedən qanun layihəsi Konqresdə qəbul edilsə belə, icra mexanizmi çox çətin olacaq”.

Yeganə Oqtayqızı

шаблоны для dle 11.2
Tarix: 14-02-2019, 10:06




Xəbər lenti