İşıq limitinin artırılması və uşaq pulu gözləntisi


Cəmiyyətin sosial islahatlarla bağlı iki gözləntisi

Azərbaycanda 2019-cu il sosial islahatlarla yadda qaldı. Əmək haqları, pensiyalar, təqaüd və müavinətlər artırıldı, minimum əmək haqqının artımı ilə bağlı iki dəfə qərar verildi, problemli kreditlər həllini tapdı, təbii qazın güzəştli qiymətlə istifadə limiti artırıldı.  Bəs sosial islahatlar paketinin davamı kimi hansı addımların atılmasına ehtiyac var?

Qeyd edək ki, hazırda cəmiyyətdə iki əsas məsələ müzakirə mövzusudur. Millət vəkilləri, media, eləcə də ekspertlər uşaq pulunun və elektrik enerjisi limitinin artırılmasını  təklif edirlər. Bu iki məsələ reallaşarsa, əhalinin sosial durumuna ciddi təsiri olacağı şübhəsizdir.

İqtisadçı ekspert Rəşad Həsənov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, elektrik enerjisi limitinin tətbiq mexanizminin təkmilləşdirilməsinə ehtiyac var: “Çünki burada bir neçə məqam diskriminasiyanın yaranmasına gətirib çıxarır. Bəzi ailələrdə vətəndaşlar elektrik enerjisini daha aşağı, bəzilərində isə daha yüksək qiymətə istehlak edirlər. Ümumiyyətlə, bu mexanizmdə güzəşt ailə üzvlərinin sayına görə deyil, bir abonentə nəzərdə tutulur. Bu isə böyük ailələrdə elektrik enerjisinin daha yüksək qiymətə istehlak edilməsinə gətirib çıxarır. Biz bilirik ki, ailə üzvlərinin sayı daha çox olan abunəçiləri nisbətən daha zəif imkanlara malik olan ailələrdir. Onların bugünkü şərtlər daxilində ailə büdcəsinin ailə fərdlərinə olan nisbəti daha aşağıdır. O baxımdan  ilk olaraq bu yanaşmanın özündə dəyişiklik edilməlidir. Çünki sabit limitin abunəyə verilməsi, ailə üzvlərinin sayının nəzərə alınmaması burada diskriminasiya yaradır”.

RÉÅad HÉsÉnov ile ilgili görsel sonucu

“Ölkədə bəzi abunəçilər yalnız elektrik enerjisindən  istifadə edə bilirlər” - deyən iqtisadçı təbii  qaza çıxışı olmayan abonentlərin problemini də gündəmə gətirdi: “Ölkədə 97 faiz qazlaşmanın aparıldığı deyilsə də, hətta paytaxtın bəzi bölgələrində belə insanların qaza çıxışı yoxdur. Bakı və Abşeron yarımadasında kütləvi çoxmənzilli binalar tikildi. Onların əksəriyyətində qaz təminatı yoxdur. Bu insanlar qaz limitindən istifadə edə bilmirlər, enerji tələbatını tam olaraq elektriklə ödəyirlər. Bu isə onların limiti keçərək , daha yüksək qiymətə istehlak etməsinə gətirib çıxarır. Əgər limitlə bağlı məsələ müzakirə olunarsa, bu məqamlar nəzərə alınmalıdır. Orta statistik ailə üçün limitlər minimum aylıq 500 kilovatt-saata çatdırılmalıdır”.

Uşaq pulu ilə bağlı müzakirələrə gəlincə, ekspert bildirdi ki, hökumət hələ ki bu məsələyə loyal münasibət ortaya qoymur: “Çünki bu daha kütləvi və xərcli bir layihədir. Hazırda ictimaiyyətdə yayılan məlumatlardan və rəsmilərin verdiyi reaksiyalardan aydın olan məqam odur ki, 3 yaşa qədər uşaqlar üçün hər hansı təkmil mexanizmin yaradılmasını və məbləğin artırılmasını nəzərdə tutan təşəbbüslər var. Ancaq düşünürəm ki, artıq 2019-cu ilin əvvəlindən etibarən başlanmış sosial paketlərin davamı olaraq  uşaq pulu ilə bağlı konkret addımların atılmasına ehtiyac var. Çünki müasir dövrdə dövlətlərin gücü insan kapitalının həcmi ilə ölçülür, resursla və vəsaitlə deyil. Biz də insan kapitalının formalaşması üçün  müvafiq şərtlər və şərait formalaşdırmalıyıq ki, bu da rəqabətli iqtisadiyyatın mühüm amillərindən biridir”.

R.Həsənovun sözlərinə görə, sosial siyasət, demoqrafik siyasət və insan kapitalı siyasəti birləşdirilməlidir: “Bu üçünün birgə kombinə edilmiş formasında əhalinin təbii artım sürəti ilə bağlı konkret siyasətin işlənib hazırlanmasına ehtiyac var.  Bəzi hallarda iddia edirlər ki, Azərbaycanda təbii artım sürəti normaldır, ancaq bu doğru deyil. Təbii artım sürəti 20 il öncə ilə müqayisədə dəfələrlə azalıb. Artıq geniş ailə modeli deyil, kiçik və standart ailə modeli, yəni 2 valideyn, 2 uşaq modeli daha çox artıb. Eyni zamanda bu, illik artım faizlərinə də öz təsirini göstərir. Uşaq pulu təkcə təbii artım sürətini deyil, keyfiyyətli təhsil və səhiyyə xidmətlərinə çıxış imkanlarının artırılması baxımından da əhəmiyyətlidir. Biz prosesi daha çox bu kontekstdən dəyərləndirməyə üstünlük veririk. Bunun üçün Azərbaycanda kifayət qədər  maliyyə imkanları var”.

İqtisadçı vurğuladı ki, hazırda büdcənin 40 faizini sosial xərclər təşkil edir və bu rəqəmin bir qədər də artırılması dövlət üçün problem yaratmayacaq: “İnkişaf etmiş sosialyönümlü iqtisadiyyata malik ölkələrdə dövlət büdcəsinin 70-80 faizi sosial xərclərə yönəlir. Bu isə o deməkdir ki, bizim dövlət büdcəsində də sosial xərclərin artırılması üçün imkanlar var. Hazırda iqtisadiyyatın leqallaşdırılması istiqamətində tədbirlər həyata keçirilir və bu səbəbdən büdcənin gəlirlərində artımlar müşahidə olunur. Təbii ki, potensial daha böyükdür, irəliləyiş var, ilk 5 ayda büdcəyə proqnozdan əlavə 400 milyon manata yaxın gəlir gəlib. Bu gəlirlər birmənalı şəkildə infrastruktur və sair adlar altında müxtəlif istiqamətlərə deyil, dövlət büdcəsinin sosial xərclərinə yönəldilməlidir. Bu çərçivədə təkmil uşaq pulu mexanizmi hazırlanmalıdır. Ola bilər ki, bu gün cəmiyyətdə müzakirə olunan rəqəmlər daha böyük bir büdcə yükü yaradır. Ancaq bunun mexanizminin müzakirə olunması və daha optimal bir məbləğlə başlanılması yolu ilə bu institutun yaranmasına nail olmaq olar”.


шаблоны для dle 11.2
Tarix: 11-07-2019, 10:20




Xəbər lenti