Ölkədə böyük miqyasda sosial bərabərsizlik var


Ölkədə böyük miqyasda sosial bərabərsizlik var

Sosial rifah olmasa, artan gərginlik siyasi və ictimai təhlükəsizliyin altına qoyulmuş bombaya çevriləcək

 

Son 30 ildə əvvəlki 30 illə müqayisədə dünyada sosial bərabərsizliyin sürətlə artması əvvəl akademik çevrələri narahat eləməyə başladı. Tomas Pikketinin “21-ci kapital” əsərində zənginlərin və sərvətin yüksək vergiyə cəlb edilməsi ilə bağlı polemikalara yol açan təklifini bu narahatlığın ifadəsi kimi görmək olar.

 

Sonra bu narahatlıq biznes dairələrinə keçdi - amerikalı milyaderlər Baffet və Qeytsin də zənginlər üçün yüksək vergi tətbiqi çağrışları oldu. Zəngin olan bu adamlar yorğanlarını başına çəkib rahat həyatlarına davam edə, özlərini zərərə salacaq belə təkliflər verməyə də bilərdilər. Amma anlayırlar ki, bütün dünyada, onların ölkəsində sosial rifah olmalıdır.

 

Sosial rifah olmasa, insanlar biznesin alıcılıq qabiliyyəti olan müştərisi də olmayacaq, istehlak tələbi dayanıqlı artmayan ölkədə iqtisadi böhran biznesi də çökdürəcək, sosial rifah olmadıqca artan gərginlik siyasi və ictimai təhlükəsizliyin altına qoyulmuş bombaya çevriləcək. O bomba partlayanda varlı-kasıbı bir-birindən ayırmır - hamını öz qəlpələri ilə öldürür, yaralayır.

İndi artıq bu narahatlıq aparıcı beynəlxalq təşkilatlara keçib. “Oxfam” Beynəlxalq Humanitar Təşkilatı hökumətləri zənginlər üçün yüksək vergi tətbiqinə səsləyir və bununla cəmiyyətdə gəlirlərin adil bölgüsünə şərait yaradılacağını düşünür. Təşkilatın yanaşmasın görə, sərvətin həddən artıq kiçik qrupun əlində cəmlənməsi ölkə iqtisadiyyatının dayanıqlı olmamasının, həmişə risk altında olmasının göstəricisidir. “Oxfam” tədqiqatçılarının hesablamalarına görə, zənginlər üçün vergilərin 0.5% yüksəldilməsi dünyada 117 mln. iş yerinin açılmasını maliyyələşdirməyə imkan verə bilər.

 

Dünya İqtisadi Forumunun hazırda davam edən toplantısında açıqladığı hesabata görə, əsas qlobal risklərdən biri, məhz dünyada gəlir və sərvət bərabərliyinin sürətlə artmasıdır. Dünya Bankı 3 gün əvvəl açıqladığı qlobal hesabatında bu məsələyə xüsusi vurğu edib.

 

Nəhayət, Beynəlxalq Valyuta Fondu da eyni mövqeni paylaşdı. Qurumun yeni rəhbəri Kristalina Georgiyeva bildirib ki, 30-cu illərin böyük iqtisadi depressiyasından sonra dünyanı təhdid edən ən ciddi məsələ sosial bərabərsizliyin sürətlə artmasıdır. Onun fikrincə, son 80 ildə ölkələr arasında bərabərsizlik azalsa da, ölkələr daxilində son dərəcə sürətlə artdı. O bildirib ki, hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrində ən zəngin 10%-in sahib olduğu sərvət ən yoxsul 50%-in sahib olduğuna bərabərdir. İnkişaf etməkdə olan dövlətlərdə isə həmin fərq daha böyükdür.

 

Bu mövzunun bizə aidiyyəti varmı? Əlbəttə, var. Ölkədə etiraf olunmayan, amma ciddi miqyasda sosial bərabərsizlik var. Xüsusilə də 2005-ci ildən sonra böyük neft pullarının axını, həmin pullar üzərində effektiv parlament və ictimai nəzarətin olmaması, siyasi idarəetmənin son dərəcə qapalı olması və siyasi hakimiyyətdə rotasiya prinsipinin aradan qalxması gəlir və sərvətlərin bölgüsündə ciddi problemlər yaratdı.

 

Amma rəsmi statistika real vəziyyəti ölçməkdə acizdir. Elə “Statkom”un Qlobal İnsan İnkişafı Hesabatına təqdim etdiyi Gini əmsalının səviyyəsinə baxdıqda rəsmi məlumatların etibarlılıq səviyyəsi aydın olur. Bu məlumata görə, Azərbaycan dünyada sosial bərabərsizliyin ən aşağı olduğu ölkələr sırasındadır. Halbuki ən zəngin 10%-in sahib olduğu əmlakın, əldə etdikləri gəlirlərin real səviyyəsini bu gün işi-gücü, mənzili belə, olmayan yoxsul 10%-ə aid rəqəmlərlə müqayisə etmək kifayətdir.

 

Rəsmilər deyirlər ki, zənginlər statistika işçilərini statistik müayinələr üçün mənzillərinə buraxmır, onlarla əməkdaşlıq etmir.

 

Ruçir Şarma da deyir ki, guya elə bilirsiniz, hətta inkişaf etmiş ölkələrin zəngiləri öz qapılarını statistiklərin üzünə açır ki, “gəlin bizim sərvəti sayın?”. Sadəcə bu ölkələrdə vergi, əmlak reyestri orqanları, banklar statistika ilə zəruri məlumatlar paylaşır, zənginlərin real gəlir və sərvətini aşkara çıxarmaq və ölkədə sosial bərabərsizliyi ölçmək üçün ən zəruri nəlumatları onlara təqdim edir.

 

Qlobal miqyasda həyəcan siqnalı çalınan təhükəni qulaqardına vurmaq həmin təhlükədən qaça biləcəyimiz anlamına gəlmir. Poblemi inkar etmək onu yox etmək olsaydı, bütün dünya bu asan yolu seçərdi.


шаблоны для dle 11.2
Tarix: 21-01-2020, 16:38




Xəbər lenti