Əhalinin yaxşı yaşamasından danışmaq absurddur

AXCP İqtisadiyyat Komissiyası sədri Nemət Əliyev

Məhsul bazarları 15 faizdən çox, istehlak bazarları 12 faizə yaxın bahalaşıb. Belə bir şəraitdə dövlət başçısı İlham Əliyev, Mərkəzi Bank, Dövlət Statistika Komitəsi 2,6% bahalaşma elan ediblər.

Guya ötən il qiymətlər 2,6% artıb. Doğrudanmı, bu belədir? Bəs bu göstərici reallığı nə dərəcədə əks etdirir? Bu yazıda rəsmən elan olunmuş göstəricilər əsasında konkret hesablamalar apararaq ümumi bahalaşmanın neçə faiz olmasına aydınlıq gətirməyə çalışacam.

Dövlət Gömrük Komitəsinin rəsmi məlumatlarına görə 2019-cu ildə 13,7 milyard dollar, 2018-ci ildə isə 11,5 milyard dollar həcmində mal idxal olunub ölkəmizə.

(Mənbə1: https://customs.gov.az/modules/pdf/pdffolder/83/FILE_52662D-C09A06-5A4C18-962D1E-C708E6-637063.pdf),
(Mənbə2: https://customs.gov.az/modules/pdf/pdffolder/73/FILE_0C2B74-6F9036-0BD473-362D44-C93B01-A7EA86.pdf).

Əgər bu 2 dövrə aid göstəriciləri müqayisəyə gətirsək, məlum olur ki, faktiki bazar qiymətləri ilə hesablanmış idxalın həcmi 2019-cu ildə 2,2 milyard dollar və ya 19,2% artıb. O biri yandan da Dövlət Statistika Komitəsi hesabat yayaraq açıqlama verib ki, 2019-cu ildə sabit qiymətlərlə hesablanmış idxal mallarının həcmi, 2018-ci ilə nəzərən 6,5% azalıb.

(Mənbə3: https://www.stat.gov.az/news/macroeconomy.php?page=1).

Deməli, xaricdən ölkəmizə gətirilən malların fiziki çəkisi, kütləsi artmayıb, azalıb. Başqa sözlə, idxal malları Azərbaycan bazarlarına 25,7% (19,2+6,5=25,7%) səviyyəsində bahalaşaraq daxil olub.

Bu faiz göstəricisi əsasında bahalaşma məbləğinin ölçüsünü müəyyən etsək, 3 milyard dollar alınar (11,5 ∙25,7∶100≈3). Yəni, 2019-cu ildə idxal olunan malların dəyərinin 3 milyard dolları bahalaşma hesabına əmələ gəlib.

Nəzərə almaq lazımdır ki, bu bahalaşma səviyyəsi gömrük rəsmiləşməsi zamanı qeydə alınan məbləğdir. Gömrük rəsmiləşməsi başa çatdıqdan sonra bu mallar əvvəlcə firmalara, müəssisə və təşkilatlara, oradan da bazarlara – son istehlakçılara daşınır. Bu səbəbdən də idxal sahibkarlığı ilə məşğul olanların əlavə xərcləri yaranır ki, həmin xərclərin hesabına idxal malları əlavə bahalaşmaya da məruz qalır.

Deməli, reallıqda idxal mallarının bahalaşma səviyyəsi 3 milyard dollardan çoxdur. Mərkəzi Bankın rəsmi məzənnəsi əsasında bu məbləği manatla ifadə etsək, ≈5,1 milyard manat alınar. Odur ki, 2019-cu ildə yalnız idxal mallarının yaratdığı bahalaşma minimum 5,1 milyard manat həddindədir.

Lakin idxal mallarının dolayı təsiri ilə yerli mallar da bahalaşmaya məruz qalır və bunu istisna etmək əsla mümkün deyil. Əgər daxili bazarlarda çəki etibarı ilə xarici malların yerli mallara nəzərən üstünlük təşkil etməsinə diqqət kəsilsək, o zaman yerli malların dolayı təsir altında bahalaşma mexanizmini çox aydın şəkildə təsəvvür etmək olar: əksər piştaxtalarda, vitrinlərdə qiymətlərin artmasını müşahidə edən yerli mal ticarətçiləri, bir qayda olaraq, reaksiya verərək dərhal qiymətləri qaldırmağa meyilli olurlar.

Yerli malların bahalaşma səviyyəsini əlavə mübahisələrə yol verməmək naminə, nəzəri olaraq 2,6% qəbul edək. Onu da qeyd edim ki, idxal mallarının 26 faizə yaxın bahalaşması fonunda rəsmən elan olunan bu “2,6%” çox aşağı göstəricidir və reallıqla heç bir əlaqəsi yoxdur. Əgər müqayisə olunan dövrdə yerli malların ticarət dövriyyəsinin 17,6 milyard manat təşkil etməsini nəzərə alsaq (pərakəndə ticarət dövriyyəsi- idxal), o zaman yerli malların bahalaşma səviyyəsi ≈0,5 milyard manat hesablanar.

Bu məbləği də əvvəlki bahalaşma məbləğinin üzərinə əlavə etsək, 5,6 milyard manat alınar (5,1+0,5=5,6). Beləliklə, məlum olur ki, həm yerli mallar, həm də idxal malları 2019-cu ildə daxili bazarları 5,6 milyard manat ölçüsündə bahalaşdırıb.

Bu sonuncu göstərici əsasında bahalaşma faizi hesablayaq:
a) Məhsul (əmtəə) bazarı üzrə: 5,6∶37 ∙100≈15%,
burada “37” müqayisə olunan dövrdə milyard manatla hesablanmış məhsul bazarının həcmini göstərir;
b) İstehlak bazarı üzrə 5,6∶47,8 ∙100≈12%,
burada “47,8” müqayisə olunan dövrdə milyard manatla hesablanmış istehlak bazarının həcmini göstərir.

Beləliklə, məlum olur ki, 2019-cu ildə məhsul bazarı 15 fazdən çox, istehlak bazarı isə 12 faizə yaxın bahalaşıb.

Bir qeydi də diqqətə almaq vacibdir ki, xidmətlər sektorunun bahalaşmaya təsiri bu hesablamalara daxil edilməyib.

Müəyyən xətalara yol verilsə də, hesablamalardan alınan nəticələr ölkədəki ümumi bahalaşma mənzərəsini daha düzgün əks etdirir. Belə olan halda ötən il inflyasiya səviyyəsinin 2,6% olmasına dair rəsmi açıqlamalara kimi inandırmaq olar? Nə real bazar qiymətlərinə yaxın gəlir, nə dolayı hesablamalara adekvatdır, nə də ki, alış-veriş edən vətəndaşların istehlak xərclərinin artım sürətinə uyğun gəlir. Hesablamaların üzə çıxardığı bu bahalaşma şəraitində əhalinin həyat səviyyəsinin yaxşılaşmasına iddia etmək sözün həqiqi mənasında çox absurddur.

шаблоны для dle 11.2
Tarix: 24-02-2020, 19:27




Xəbər lenti