MƏRKƏZİ BANK EHTİYATLARI SAXLAYIR, NEFT FONDU REKORD XƏRCLƏMƏLƏRƏ GEDİR – Nə baş verir, nə ola bilər?



Mart ayında Dövlət Neft Fondu əvvəlki birinci rübdə 2.8 milyard dollara yaxın valyuta satıb. Bu rəqəm 2 ayın birgə həcmindən 2.2 dəfə çoxdur. Konvertasiya edilən valyutanın 1.923 milyard dolları mart ayına düşüb.

İqtisadçı Rövşən Ağayev bildirir ki, panika və tələbatın yüksək olduğunu nəzər alsaq, belə kəskin artım gözlənən idi. Ekspertin sözlərinə görə, bu prosesdə diqqət çəkən başqa məqamlar var: 2015-ci ildən fərqli olaraq bu dəfə Mərkəzi Bankın (MB) ehtiyatlarına toxunulmadan yalnız Neft Fondunun aktivləri istifadə edilib. Əksinə, yanvar-mart ayında MB-ın ehtiyatları 140 milyon dollardan çox artıb. Fevralla müqayisədə martda Mərkəzi Bankın ehtiyatları cəmi 6 milyon dollar azalıb. Çox kiçik rəqəmdir və ola bilər, bu azalma da sırf aktivlərin yenidən dəyərləndirməsi nəticəsində məzənnə fərqinə görə yaranıb.

Halbuki, təsdiqlənən büdcəni proporsional bölsək, Neft Fondu öz layihələri üçün ehtiyacları və dövlət büdcəsinə transfertləri nəzərə alsaq, maksimum 1.8 milyard dollar həcmində valyutanı bazara çıxarmalı idi”.

Bu zaman ortaya maraqlı sual çıxır: Nəyə görə 2015-də olduğu kimi Mərkəzi Bankın da ehtiyatları bazara cəlb edilmədi, amma Fondun rüblük büdcə öhdəliklərindən təxminən 55 faiz çox valyuta kütləsindən istifadə edildi?



Rövşən Ağayevin fikrincə, ən ağlabatan ehtimal Mərkəzi Bankın öz ehtiyatları ilə bazara çıxmasının monetar daralmaya səbəb ola biləcəyinin nəzərə alınmasıdır: “Çünki MB sərəncamındakı dollarıın müqabilində bazardan manat kütləsini strelizasiya etməlidir. Hökumətin son 3 ildə dövlət büdcəsi xərclərini 50 faiz artırdığı şəraitdə monetar daralma iqtisadiyyatın indiki durumunda daha ağır fəsadlar yarada bilər. Daha dəqiq desək, fiskal genişlənmənin hazırkı miqyası monetar daralmanı mümkünsüz edir. Ona görə də bazara valyutanı monetar genişləndirmə yaradan kanalla - Neft Fondu vasitəsilə çıxarırlar. Bu halda isə bazara buraxılan ehtiyatlar manat kütləsini strelizasiya etmir - əksinə, iqtisadiyyatın bir neçə subyektindən, yəni ev təsərrüfatları, biznes, maliyyə institutlarından alıb digər subyekti hökumət və ya dövlət idarəetməsi vasitəsilə büdcə kanallarından iqtisadiyyata qaytarır.

Nəticə etibarı ilə hər iki halda bazarın xarici valyuta tələbi ödənir. Sadəcə MB-ın satışı monetar və fiskal daralmaya, Neft Fondunun satışı əksinə, hər iki kanalın genişlənməsinə səbəb olur”.



Ekspert qeyd edir ki, valyuta bazarına satış yönümlü müdaxilənin genişlənməsi yaxın aylarda pul bazasını da artıracaq.

“Baxmayaraq ki, hökumət inflyasiya və manata təzyiqə görə monetar daralmaya daha çox can atır. Sadəcə, virusun yaratdığı ağır iqtisadi böhran və onun sosial fəsadları tələ yaradıb - həm valyuta ehtiyacını qarşılamaq, həm də büdcəni böyütmək üçün fiskal böyüməyə getməyə məhkumsan, bu da monetar genişlənmə olmadan imkansızdır. Başqa tərəfdən isə məzənnə və inflyasiya təzyiqi başımızın üzərindədir”-deyə, R. Ağayev vurğulayıb.

Neft Fondunun öhdəliyindən artıq satdığı manat kütləsini nə edəcəyi barədə suala Rövşən Ağayev belə cavab verib: “Manat aktivi kimi saxlayacaq, növbəti rüb büdcə qarşısında öhdəliklərinə yönəldəcək. Neft Fondu digər valyutalarda olduğu kimi manatla da aktiv saxlamaq hüququna malikdir və növbəti öhdəliyin icrasına qədər onu saxlayacaq”.

AzPolitika.info

шаблоны для dle 11.2
Tarix: 2-04-2020, 11:50




Xəbər lenti