"Dünya hələ bir neçə ay özünə gəlməyəcək" - NATİQ CƏFƏRLİ



"Əgər "təhlükəsizlik" adı altında hüquqların qısılması daha uzun zaman davam etsə, dünya yeni, daha kəskin ideoloji, siyasi bəlalarla üzbəüz qalacaq"

"Pandemiyanın iqtisadi fəsadları hələ qabaqdadır. Dünya hələ bir neçə ay özünə gəlməyəcək, iqtisadi aktivlik hələ uzun aylar aşağı səviyyədə qalacaq". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.

Onun fikrincə, iqtisadi fəsadların psixoloji tərəfi hələ heç öyrənilməyib: "Məsələn, virus bəlası hətta yaxın 2 ayda arxada qalsa belə, bu il dünya üçün turizm sektoru artıq "öldü", deməli buna bağlı hava daşımaçılığı, otellər, kafelər, restoranlar, əyləncə mərkəzləri də bu il "çökəcək". Çünki postvirus dövründə hələ uzun aylar insanlarda səyahət fobiası qalacaq. Dünya tam başını itirib deyə dövlətlər "təhlükəsizlik" məsələsini vətəndaşlara daha "baha satacaq", yəni, haqq və hüquqlar, azadlıqlar təhlükəsizliyə getdikcə daha çox qurban veriləcək. Təhlükəsizlik isə hər sahəyə aid edilə biləcək məsələdir, ona görə də dövlətlər öz siyasətini, əsasən xüsusi xidmət və hüquq-mühafizə orqanları üzərində quracaqlar – sərhədlərə daha sıx nəzarət olunacaq, seçki institutunun önəmi azalacaq, siyasətdə populist, ultra-sağ, ultra-millətçi güclər, hatta ulta-radikal dini cərəyanlar önə çıxacaq". Savadlı, ağlı başında olan insanların belə, buna haqq qazandıracaqlarını iddia edən Natiq Cəfərlinin sözlərinə görə, can, mal, sağlamlıq və ərzaq güvənliyi hər bir məsələnin üzərinə çıxacaq: "Liberalizmin süqutu sürətlənəcək, sol və yaşıllar zəifləyəcək, çünki onların gündəliyi ilə real vəziyyət ciddi kontrast təşkil edəcək. Ümid edirəm ki, bu dalğa uzun sürməyəcək, çünki Birinci Dünya Savaşı və "İspan qripi" pandemiyası dünyaya faşizm, nasizm gətirdi, bəşəriyyət daha böyük bədəl ödəyərək sonra demokratiyaya və liberalizmə döndü. İkinci Dünya Savaşından sonra bəşəriyyətin sivil hissəsi sürətlə ona görə inkişaf etdi ki, insan övladı daha azad, daha çox haqqa və hüquqa sahib oldu. Əgər "təhlükəsizlik" adı altında hüquqların qısılması daha uzun zaman davam etsə, dünya yeni, daha kəskin ideoloji, siyasi bəlalarla üzbəüz qalacaq – bunun fəsadları pandemiyadan daha pis, daha canalan olacaq".

шаблоны для dle 11.2
Tarix: 2-04-2020, 15:32




Xəbər lenti