“Azərenerji“ sədrinin qardaşı “Gilan”ı məhkəməyə verdi - TƏFƏRRÜAT


bitmap-img6

"Azərenerji” Açıq Səhimdar Cəmiyyətinin sədri Baba Rzayevin qardaşı Rahib Rzayevin rəhbərlik etdiyi "Göknur Bakı LTD" MMC Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılovun oğlu Elvin İsmayılovun rəhbərlik etdiyi “Gilan İnşaat” MMC-ni məhkəməyə verib.

Yeniavaz.com xəbər verir ki, "Göknur Bakı LTD" MMC iddia ərizəsində “Gilan İnşaat” MMC-nin alqı-satqı müqaviləsindəki öhdəliklərə əməl etmədiyini iddia edib. Hakim Aytən Əliyevanın icraatında olan işə Bakı Kommersiya Məhkəməsində baxılacaq. 
Məlumat üçün bildirək ki, "Göknur Bakı LTD" MMC 02.09.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 milyon 349 min manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov, ev 11, məhəllə 2062-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rzayev Rahib Hüseynağa oğludur. Rzayev Rahib Hüseynağa oğlu uzun illər – 2006-2018-ci illərdə “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinə rəhbərlik edən Rzayev Balababa (Baba) Hüseynağa oğlunun qardaşıdır. Baba Rzayev 2018-ci ildən etibarən “Azərenerji” Açıq Səhimdar Cəmiyyətinə rəhbərlik edir. Baba Rzayev “Bakıelektrikşəbəkə”Açıq Səhimdar Cəmiyyətinin sədri olduğu zaman – 2011-2015-ci illərdə də "Göknur Bakı LTD" MMC ilə ASC arasında onlarla tender müqaviləsi imzalanıb.
“Gilan İnşaat” MMC isə 01.09.2006-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu Zərifə Əliyeva, ev 38, m. 24-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Elvin İsmayıl oğludur.
Qeyd edək ki, Elvin İsmayılov 19 sentyabr 1987-ci ildə Naxçıvanda anadan olub. Orta təhsilini Bakı Kompyuter Kollecində alıb. Ali təhsilini (bakalavr) Azərbaycan Milli Aviasiya Akademiyasında aldıqdan sonra 2008-2009-cu illərdə Washington DC. ştatında Strayer Universitetində MBA International Law, 2011-2012-ci illərdə Milan şəhərinin Istituto Marangoni Design School-da Interior Design, 2012-2016-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası-nı fərqlənmə diplomu ilə bitirmişdir. 2018-2019-cu illərdə George Washington University, Project Management (Master Degree), 2017-ci ildən Kiev Dövlət Tikinti və Arxitektura universitetinin Şəhərsalma və Planlaşdırma fakultəsində təhsilini davam etdirib.
2015, 2017 və 2018-ci illərdə stend atıcılığı üzrə Azərbaycan çempionu olub. Beynəlxalq Qran Prizi qalibi və Şərəf Diplomları sahibidir. Beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Respublikası Əməkdar Məşqçisi, Azərbaycan Respublikası Əməkdar İdman İşçisidir.
2009-2011 Atıcılıq Məktəbinin direktor müavini, 2011-2012 (24 yaşında) Bakı Şəhər Vergilər Baş İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, 2012-ci il (25 yaşında) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin idman məsələləri üzrə köməkçisi, 2014-cü ildə (27 yaşında) Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş idarəsinin rəis müavini olmuşdur. 2012-ci ildən bu günə qədər “Qəbələ” İdman Klubunda atıcılıq növləri üzrə vitse-prezidentdir. 2016-cı ildən “Gilan İnşaat” MMC-nin Baş direktorudur.
Onu da bildirək ki, “Gilan İnşaat” MMC rəhbərliyində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun övladları Tale və Nicat Heydərovların da yer aldığı “Gilan Holdinq” MMC -yə bağlıdır. “Gilan İnşaat” MMC-nin Baş direktoru Elvin İsmayılov Tale Heydərovun prezidenti olduğu (hazırda deyil)  “Qəbələ” İdman Klubunda da vitse-prezident olub.


Tarix: 17-06-2020, 20:40




Xəbər lenti