DEPUTATLA İCRA BAŞÇISI ARASINDA “30 MİNLİK” QALMAQAL-Adil Əliyevin hansı küçədəki obyektə qapı açdırmaq istədiyi bilindi

 


“İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir… Bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör, sadə vətəndaşdan nə istəyir?”

Deputat Adil Əliyevin – qanunverici hakimiyyət qolunun hakimiyyətyönlü üzvünün canlı yayımda (Musavat.com) hətta Azərbaycan reallığı üçün sensasiyalı (Rəsmi şəxslərin belə etiraflarına nadir hallarda rast gəlinir – R.Ə.) açıqlamasından bir neçə gün keçsə də, ölkənin hüquq-mühafizə orqanları, o cümlədən yuxarı instansiyalar hələ də susurlar. Sanki, belə ağır cinayət ittihamı ilə bir deputat yox, yoldan keçən hansısa məsuliyyətsizin biri çıxış edib.

Normal cəmiyyətlərdə isə deputatın belə bir bəyanatı bomba kimi partlayar, həmin ölkənin KİV-ləri tərəfləri, o cümlədən nəzarət orqanlarını “divara dirəyər”, işin bütün hallarını açıb ortaya tökər, nəticədə kimlərsə birbaşa həbsə, kimlərsə ən azı istefaya gedərdi. Lakin “xoşbəxtlikdən” bizdə belə “bombalar partlamır”, hüquq-mühafizə orqanları belə məsələləri bir qayda olaraq “görməzlikdən” gəlir, xalq isə sadəcə başını yelləyib keçir. Çünki ölkədə sözün əsl mənasında ŞƏFFAFLIQDIR! Gizlində heç nə baş vermir. Hər şey göz önündədir. Bir icra başçısının bir deputatdan 30 min rüşvət tələb etməsi kimi…

Amma yenə də adamı maraq bürüyür: deputatdan bir qapının açılmasına görə 30 min rüşvət tələb edən hansı icra başçısıdır?

Adil Əliyev ad çəkməkdən imtina edib. Lakin açıq şəkildə bildirib ki, bu işdən “yuxarıların” xəbəri var, çünkü özü məlumat verib və icra başçısının cəzalandırılmasını xahiş edib. Deputat, kimdən şübhələnməli olduğumuza eyham vurmasa da, kimlərdən şübhələnməməli olduğumuzu adlar çəkərək bəyan edib: Qaradağ, Nərimanov, Nizami, Sabunçu və Xətai rayonlarının başçıları deyil.

Belə olduqda, “şübhəlilər” sırasında kimlər qalır?

Bakının 11 rayonu var, yuxarıda adları çəkilənləri çıxsaq, yerdə qalanlar bunlardır: Səbail, Yasamal, Nəsimi, Binəqədi, Suraxanı və Pirallahı. Demək ki, deputatdan rüşvət tələb edən icra başçısı bu rayonlardan birinə rəhbərlik edir.

Həmin icra başçısının kim olduğunu qətiyyətlə söyləmək çətindir. Lakin “AzPolitika”nın bu istiqamətdə araşdırması zamanı bəzi ipucları əldə etmək mümkün olub.

Məlumatlı mənbənin bildirdiyinə görə, deputat Adil Əliyev özünün Salatın Əsgərova – 101 ünvanında yerləşən obyektinə əlavə qapı açmaq üçün icra hakimiyyətinə müraciət edib. İcra başçısı “mənim də xərclərim var, 30 min versin, açsın”, – deyə, deputata ismarıc göndərib.

Salatın Əsgərova küçəsi isə Yasamal rayonunun ərazisində başlayıb, Nəsimi rayonunun ərazisinədək uzanır…

Deməli, daha konkret fikir bildirmək üçün sözügedən ünvan ətrafında bir qədər dərin araşdırmaya ehtiyac var.

Mövzuya qayıdacağıq.

Rasim ƏLİYEV
AzPolitika.info

шаблоны для dle 11.2
Tarix: 22-11-2018, 07:52




Xəbər lenti