“Qarabağ müharibəsi qaçılmazdır, Azərbaycan hazırlaşmalıdır” - GƏLİŞMƏ

 Ermənistanın baş naziri Nikol Paşinyan son zamanlar Qarabağla bağlı bəyanatlarının “barıt”ını çox eləməsi diqqət çəkir.

Nikol Paşinyan özü Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonrakı aylarda Qarabağ cəbhəsində sakitliyin hökm sürməsinə görə məmnunluğunu dəfələrlə ifadə edib. Erməni baş nazir Qarabağ hadisələri başlayandan bəri ilk dəfədir cəbhə xəttində və təmas xətti boyunca atəşkəsin pozulması hallarının minimuma endiyini vurğulayıb. Məhz bundan sonra danışıqlarda dinamikanın yaranması, Parisdə XİN rəhbərləri səviyyəsində xalqların sülhə hazırlanması ilə bağlı anlaşmanın əldə olunması, ardınca Davos Forumu çərçivəsində liderlər arasında keçirilən görüş və nazirlərin Münhen goruşünə hazırlıqların başlaması müəyyən ümidlər yaradırdı. Ancaq N.Paşinyanın son davranışları əldə olunan razılaşmaları pozmaq niyyətindən xəbər verir. Görünür, baş nazir Robert Köçəryan və Serj Sərkisyanı neytrallaşdırmaq xətti yürütməsinə baxmayaraq, onların yanlış Qarabağ siyasətindən imtina etmək niyyətində deyil.

“Biz Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllini görürük, lakin bu o demək deyil ki, Ermənistan müharibəyə hazır olmamalıdır”. Virtualaz.org “Aysor” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Məsələnin həlli üçün sülh atmosferinin bərqərar olması zəruridir. Bu gün regionda sülh atmosferi yoxdur”, - parlament deputatlarının suallarını cavablandıran N.Paşinyan bildirib. Xalqların sülhə hazırlaşdırılması haqqında danışarkən N.Paşinyan qeyd edib: “Deyirlər xalqları sülhə hazırlaşdırın, xalqı yox. Buna müvafiq olaraq, əgər bir ölkədə hökumət xalqını sülhə hazırlaşdırmırsa, digər ölkənin hökuməti də öz xalqını sülhə hazırlaşdıra bilməz. Biz vəziyyətdən çıxış edərək hərəkət edəcəyik”, - baş nazir N.Paşinyan bildirib.

Paşinyan hələ də sülhün əldə olunması üçün torpaqların azadlığının birinci şərt olduğunu qəbul etmək istəmirsə, deməli, ABŞ Milli Kəşfiyyatının may-iyun ayları ilə bağlı müharibə xəbərdarlığına daha çox inanmaq lazım gələcək. Çünki Bakı heç vaxt təslimçi sazişə imza atmaq niyyətində olmayıb və bundan sonra da bir addım belə, geri çəkilməyəcək, bu, dövlət başçısı səviyyəsində dəfələrlə bəyan olunub.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri yaxın vaxtlarda iki ölkə lideri ilə görüşməyi planlaşdırdıqlarını bəyan etmişdilər. Lakin İrəvanın hazırkı mövqeyi danışıqları əhəmiyyətsiz edir. Ermənistan hətta girov saxladığı iki azərbaycanlını-Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından ötrü şərt irəli sürür, buna görə rəsmi Bakını Dağlıq Qarabağdakı qondarma rejimlə danışıq aparmağa çağırır. Bu isə danışıqlara Xankəndidəki separatçıların “tərəf” kimi pərçim edilməsi cəhdindən başqa bir şey deyil. Ancaq Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, danışıqların qəbul olunmuş formatının dəyişdirilməsi mümkünsüzdür, Bakı bunu qəbul etməyəcək.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzərTAc-a açıqlamasında İrəvanda səslənən bəyanatlara cavab verib. Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyanın iddiaları barədə danışan dövlət rəsmisi işğalçı ölkənin danışıqları pozmaq niyyətində olduğunu vurğulayıb. Sitat: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin intensiv və nəticəyönümlü danışıqlar yolu ilə həlli üçün Azərbaycanın beynəlxalq ictimaiyyətlə birlikdə atdığı konstruktiv addımlarına baxmayaraq, son dövrlərdə Ermənistan tərəfindən müxtəlif rəsmi səviyyələrdə verilən açıqlamalar heç bir halda danışıqlar prosesinin irəli aparılmasına xidmət etmir. Ermənistan baş nazirinin mətbuat katibinin və digər Ermənistan rəsmilərinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin danışıqlarda iştirakı barədə iddiaları danışıqlar prosesini iflic etmək cəhdlərindən başqa bir şey deyil”. H.Hacıyev bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının çağırışlarına baxmayaraq, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında belə dialoqun yaranmasına və sülh şəraitində gələcək birgəyaşayışın müzakirə edilməsinə imkan vermir: “Ona görə də ilkin və ən vacib addım kimi, BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Sülhün əleyhinə çıxış etmək və aqressiv ritorika ilə danışıqlar prosesini pozmaq əvəzinə, Ermənistan rəhbərliyi öz xalqını sülhə və qonşu dövlətlərlə mehriban münasibətlərə hazırlamalıdır”. Bu, Paşinyan hökumətinin son ziddiyyətli açıqlamalarına növbəti cavab olmaqla yanaşı, həm də işğalçıya xəbərdarlıqdır.

N.Paşinyanın ölkə daxilində ciddi etirazlarla üz-üzə qaldığı və çıxılmaz duruma düşdüyü də məlumdur. Rusiyanın Ermənistana satdığı qazın qiymətini artırmasından sonra N.Paşinyan Qərbi qıcıqlandıran addıma getdi. Belə ki, Ermənistanın sülhməramlı (!) tağımı Suriyaya göndərildi, bu da ABŞ Dövlət Departamentinin sərt reaksiyasına səbəb oldu. Digər tərəfdən, “Qarabağ klanı” Paşinyana basqıları davam etdirir. Paşinyanın təzyiqlərinə baxmayaraq, klan geri çəkilmir. Bu arada Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2008-ci ilin 1 mart hadisələrinə görə istintaqda doğrudan da keçmiş prezident Serj Sərkisyanla üzləşdirilib. Amma onu istintaqa satmayıb. Hər halda, çox maraqlı gedişatdır, klan üzvləri bir-birini qoruyur, bu da Paşinyan üçün yaxşı heç nə vəd etmir. Üstəlik, parlamentdəki müzakirələrdə erməni deputatlar Paşinyanı Qarabağ güzəştinə hazırlıqda ittiham edirlər. Paşinyan bəyanatlarında radikallığı artırsa da, bu, onu xilas etmir, əksinə, o, müharibəyə aparacaq yol seçib.

Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda hər hansı hakimiyyət dəyişikliyi Qarabağ siyasətində dəyişikliyə aparmır, sonuncu nümunə də bu gerçəyini ortaya qoydu: “İşğalçı dövlət nə danışıqlar prosesində, nə də gündəlik siyasətində heç bir güzəştə getməyəcək. İşğal olunmuş Azərbaycan ərazilərinin qaytarılması məsələsində də hər zaman manipulyasiya edib. Paşinyanın əvvəlki erməni liderlərindən heç bir fərqi olmayacaq. Əksinə bu adam daha təhlükəlidir. Daim özünü sülh danışıqlarına hazır kimi göstərəcək, amma Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması məsələsinə heç vaxt isti baxmayacaq”. Q.Çaxmaqlının fikrincə, bəziləri ona Ter-Petrosyanın “torpaqların əvəzinə sülh” tezisinin davamçısı kimi baxsalar da, yanılırlar: “Paşinyan həm Qərbdən, həm də əbədi müttəfiqindən - Rusiyadan dəstək alaraq işğalın davam etdirilməsinə çalışacaq. Hətta müharibəyə gedilərsə, dediyimiz güclərin dəstəyi ilə işğalçılıqdan əl çəkməyəcək”. Bəs, Paşinyanın son bəyanatlrı hansı mənanı verir: o, qorxusundan hay-küy salır, yoxsa arxasındakı güclərə arxayın olaraq Azərbaycanı təhdid edir: Q.Çaxmaqlı: “Hakimiyyətini möhkəmləndirmək üçün ona bu siyasi gedişlər həmişə lazım olacaq. Azərbaycanı təhdid etməsinin də arxasında həmin güclərə arxayınlıq hissi dayanır. Rusiya heç zaman Ermənistanı indiki halda Azərbaycanın ayağına verməyəcək. Digər həmsədr ölkələr də elə... Fransanın son zamanlar arbitr ölkə olmadığı bir daha sübut olundu. Amerika isə hələ ki, Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən çıxarmaq fikrində deyil”. Bütün bunları nəzərə alan Q.Çaxmaqlı hesaab edir ki, Azərbaycan müharibəyə hazırlaşmalıdır: “Başqa yol yoxdur. Bu gün (dünən-E.P.) haqqın rəhmətinə qovuşan - məkanı cənnət olsun - Ozan Arif demişkən ”Ya Qarabağ, ya ölüm, başqa yol yox artıq".

Q.Çaxmaqlı həmişə səsləndirdiyi bir fikri yenidən təkrarladı: “Qarabağ məsələsində müharibə qaçılmazdır, Dağlıq Qarabağın ətrafındakı torpaqlar qaytarılsa belə. Ermənilər bu torpaqları təbii ki, elə- belə qaytarmayacaqlar. Onun müqabilində artıq bizim bildiyimiz Dağlıq Qarabağın statusu məsələsini həll etmək gəlir. Bu isə burada bir plebisidin (referendum) keçirilməsini nəzərdə tutur. Bu isə əvvəlcədən nəticəsi bəlli olan bur tələdir. Biz hələ ki, o tələyə düşməmişik”.

Xarici havadarlarından stimul alan Qarabağ separatçıları isə bu ilin yayında Qarabağda futbol çempionatı, 2020-ci ildə isə “prezident seçkiləri” keçməyə hazırlaşırlar. Bu faktlar separatçıların və Ermənistanın Azərbaycanın səbri ilə oynaması deməkdir. Separatçı rejimin hazırkı rəhbəri Bako Saakyanın “namizədliyini” verməyəcək. (Publika.az) Namizədlərdən biri hələ ki, qondarma DQR-in keçmiş “müdafiə naziri”, I Qarabağ müharibəsində azərbaycanlılara qarşı törədilən soyqırımıların fəal iştirakçısı olmuş general-leytenant Samvel Babayan, digəri isə hazırkı “prezidentin məsləhətçisi” Araik Artünyandır. Lakin bu namizədlər uzun proseslərdən keçərək seçkilərdə iştirak etməlidir. Bundan başqa, Azərbaycanın işğal edilmiş ərazilərində siyasi xaos və qarşıdurma davam edir. Digər tərəfdən isə baş nazir Nikol Paşinyanla Dağlıq Qarabağ klanı arasında qarşıdurmalar davam edir.

Yəqin ki, biz bundan sonra da uzun müddət ermənilərin “tamaşa”larını seyr etməklə kifayətlənməyəcəyik. Çünki Ermənistandan Qarabağa sayca dördüncü yol çəkilir. Bu yollar müharibədə onlara çox lazım olacaq. Həm də torpaqlarımızdan qaçıb cəhənnəm olmaq üçün...шаблоны для dle 11.2
Tarix: 14-02-2019, 11:06




Xəbər lenti