Məmurların xaricdəki milyardları: NECƏ QAZANILIB?


Məmurların xaricdəki milyardları: NECƏ QAZANILIB?

Azərbaycan məmurları və onların yaxınlarının xarici ölkələrdəki biznesləri, sahib olduqları mülklər haqqında mütəmadi məlumatlar yayılır.

Maraqlıdır ki, adları hallanan məmurlar təsadüfi hallarda özləri barədə deyilənlərə münasibət bildirirlər.

Əksərləri xəbərləri görməzdən gəlir, reaksiya verməməyə çalışırlar. Bugünlərdə də mətbuatda azərbaycanlı məmurların xarici ölkələrdəki mülkləri haqqında rəsmi sənədlər, silsilə məqalələr paylaşılır. Son günlər bir çox məmur haqqında məlumatları Avropada yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli yayır.

Məsələn, iddia olunur ki, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Ukraynada özünə biznes imperiyası qurub.

Ukraynanın Lvov vilayətində, Nikolayev şəhərində zavod açan icra başçısı, bu biznesin qurulmasına 9 milyon dollar vəsait xərcləyib.

Nəqliyyat nazirinin sabiq müavini, Azərbaycan Dəmir Yolları QSC-nin keçmiş sədri Arif Əsgərov haqqında da bu qəbildən olan informasiyalar və bununla bağlı sənədlər yayılıb.

Onun Slovakiyada şirkət sahibi olduğu deyilir. Sonradan sözügedən şirkətlərin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovun adına keçirildiyi haqqında da məlumat var. Xaricdə biznes şəbəkəsinə sahib olan məmurlardan biri də Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlidir.

Onun Slovakiyada “Saffran” S.R.O adlı şirkətin rəhbəri olduğu, şirkətin hotel və mehmanxanaları tekstil, hamam aksessuarları ilə təmin etdiyi deyilir. Maraqlı məqam odur ki, Qoşqar Təhməzli yayılan məlumata münasibət bildirib və sözügedən şirkətin ona məxsus olduğunu açıqlayıb.

Hazırda vəzifədə olan məmurlarla yanaşı, sabiqlərin də xarici biznes şəbəkəsi var və onlar bu gün də fəaliyyət göstərir. Məsələn, sabiq vergilər naziri Fazil Məmmədov xarici ölkələrdə hotel, restoran və digər xidmət sahələrini özündə birləşdirən şirkət sahibidir. Keçmiş nəqliyyat naziri Ziya Məmmədov isə hələ vəzifədə olduğu zaman Azərbaycanda olan “Garant Holdinq”in (keçmiş adı “ZQAN Holdinq”-müəll.) bir hissəsini xaricə, daha dəqiq desək, Türkiyəyə köçürüb. Ziya Məmmədovun sahib olduğu holdinq özündə xidmət, maliyyə-bank, sığorta, enerji satışı sahələrini birləşdirir.

Qeyd edək ki, sabiq nazir Ziya Məmmədov daim qalmaqallı şərikləri ilə gündəmdə olub.

O, azərbaycanlı milyarder, hazırda İnterpol vasitəsilə axtarışa verilən Telman İsmayılovla dost və şərik idi. Bakının mərkəzində yerləşən “Garant Holdinq”ə məxsus “Tramp Tover Hotel”dən sonra Ziya Məmmədovun ABŞ prezidenti Donald Trampla da iş ortaqlığı qurduğu deyilirdi. Azərbaycanın ən böyük holdinqlərindən biri olan “Gilan Holdinq”in də xaricdə fəaliyyət göstərdiyi haqqında məlumatlar mövcuddur. Qeyd edək ki, “Gilan Holdinq”in tərkibinə 300-dən çox şirkət daxildir və sözügedən biznes imperiyasına fövqəladə hallar naziri Kəmaləddin Heydərov nəzarət edir.

Bunlardan əlavə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov, keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Prezident Administrasiyasının sabiq şöbə rəisi, deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov, deputat Xanhüseyn Kazımlı, Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri Rüfət Aslanlı da xarici ölkələrdə mülk və şirkət sahibidir. Bunlar bu günə qədər mətbuatda yayılan məlumatlardır.

Maraqlı məqam ondadır ki, bu məlumatların heç birinə (“Qoşqar Təhməzli istisna olmaqla - müəll.) adıçəkilən məmurlardan bu və ya digər tərəfdən heç bir reaksiya verilməyib. İddiaların doğru olmadığını deməməklə yanaşı, təkzib də etməyiblər. Susmaqsa razılıq əlamətidir. Görünür, səslənən iddialarda həqiqət payı var.//Cebhe.info//




шаблоны для dle 11.2
Tarix: 21-02-2019, 21:21




Xəbər lenti