Ə.Nağıyev:" Kaftar sürüsü kimi daraşıb ölkəni sökənlər…"- “Bu gün Əli İnsanovun yerində oturanın sərvəti İnsanovunkundan 10 dəfə artıqdır”


Ə.Nağıyev: “Bu gün Əli İnsanovun yerində oturanın sərvəti Əli İnsanovunkundan 10 dəfə artıqdır”

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri, sədrin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, keçmiş səfir Əli Nağıyev suallarımızı cavablandırıb.

– Keçmiş səhiyyə naziri Əli İnsanovla və hakim partiya ilə bağlı ittihamlarınızdan sonra Sizə hakimiyyətdən və ya dostlarınızdan təzyiq, ya da iradlar oldumu?

– Nə irad olub, nə də təzyiq. Hər dediyim sözün müəllifiyəm.

– Əli İnsanovun siyasətə gəlişinə Siz necə baxırsınız?

– Mən Əli İnsanovun vəkili deyiləm. Necə başlayacaq, necə qurtaracaq o özü bilər. Mən onun işlərinə qarışa bilmərəm.

– Amma vaxtilə eyni partiyada olmusunuz, YAP-ı quranlardansınız.

– Nolsun ki olmuşuq?! Çoxları ilə eyni partiyada olmuşuq.

– O da, Siz də YAP-dan, hakimiyyətdən inciksiniz, deyəsən?

– Hərənin özünə aid, özünə oxşar incikliyi var. Böyük axtarış tələb etmir desinlər ki, Əli Nağıyev incikdir. Kim incikdir, mənə dəxili yoxdur. Əli Nağıyevin incik olmasına axırıncı cümləm bəs edir (mətbuata son müsahibəsində dediyi «Mən YAP-ın ideya müəllifiyəm, qurucusuyam» cümləsini nəzərdə tutur – A.R.). Bu partiyanın müəllifi Əli Nağıyevdir. İki nəfər olmasaydı, bu partiya olmazdı. Biri Heydər Əliyevdir, biri Əli Nağıyevdir. Bu gün kaftar sürüsü kimi daraşıb sökənlər… Sözsüz ki, mən inciyəm, əlbəttə, inciyəm.

– Niyə inciksiz? Sizin arzuladığınız Azərbaycan qurulmur, korrupsiya var, ya hesab edirsiniz ki, layiq olduğunuz qiyməti vermirlər?

– Göz qabağındadır da. Əzizlədikləri, əzizləyib tabağa qoyduqları neçəsinin sonra üzünə tüpürüb atıblar, neçəsini həbsə göndəriblər. Bunlar göz qabağındadır, axı. Onlar necə ifşa olunub, qovlanıb, bu da göz qabağındadır. Bunlar gərək mənim dilimdən deyilə? Neçə nazir ifşa olunub, nələr, nələri… Bir bankdan 10 milyard dollar pul oğurlananda nədən danışmaq olar. Siz jurnalistsinizsə… Təəssüflər olsun ki, bu millətin 95 yaşlı jurnalisti, müəllimi ANS kimi televiziya bağlananda susdu. Jurnalistlərin sifəti itib. Allah rəhmət etsin Üzeyir bəyə, yazırdı, «10 manat ver, səni tərifləyim, 15 manat ver, səni söyənlərin atasını yandırım». Jurnalistlik bu günə düşüb.

– Sizcə, bu durumda indiki hakimiyyətin, Sizin də təmsil olunduğunuz hakim partiyanın günahı yoxdur?

– Millətin günahı var. Sənin ziyalılarını yığdı… Onlar ziyalılar deyil, psevdo ziyalıdır. Sənin baş yazarın durub demədi ki, a kişi, mənim qələmim yazmır, bu milləti şərəfsiz edən dərdindən bir kəlmə danışın, deyin görək, sabahımız nə gündə olacaq. Bu millətin baş yazarı bu sözü demədi. O biri demədi ki, mən gedib Oskar mükafatı almış rejissoru, aktyoru gətirib ermənini ifşa edən bir film çəkəcəyəm, buna vəsait lazımdır. Bunlar millətin qabaqda gedənləridir də, ziyalıdır. Hamısı dedi ki, mənə bir şey ver. Erməni də bunu görür və bilir ki, belə millətə neynəmək olar… Qoy məni həbs etsinlər. Mən jurnalistləri ittiham edirəm, milləti yox, o millətin psevdo ziyalılarından biri durub demədi ki, belədir. Bir dənə Rasim Balayev (R.Balayev ziyalılarla görüşə dəvət olunmamışdı, sonradan prezident İlham Əliyevin ona zəng etdiyi barədə məlumat yayıldı – red.) mızıldandı, o da yarımçıq. Yarımçıq tənqid yaltaqlıqdan betərdir.

– Bəlkə də ziyalıları da qınamaq olmaz, onları bu vəziyyətə salıblar. Həbsə atılanlar var…

– Ziyalı ona deyirlər ki, bu vəziyyətə düşməsin. Bizim Nəsimi kimi babamız olub: «Dara çıx, yan, ey ənəlhəq söyləyən Mənsur, əgər. Axirət darından istərsən səlamət darını». Bunu dedi və özünə də etdi. Bizim bu cür babamız olub. Ziyalı ona deyirlər ki, əqidəsini heç nəyə qurban etməsin.

– Bir nəfər də çıxıb deyə bilər ki, Əli Nağıyev niyə bu tənqidləri söyləmir, niyə YAP-ı quran bir adam kimi prezidentlə bu haqda söhbət etmir ki, bu problemlər var, həll etmək lazımdır?

– Bu dəqiqə sən mənə Əli İnsanovdan ötrü sual verirsən, axı. 14 ildir Əli İnsanov həbsdədir. Niyə? Nə bilim Əli İnsanovun sərvəti var, nə bilim… Bu gün Əli İnsanovun yerində oturanın sərvəti Əli İnsanovdan 10 dəfə artıqdır. Biz bu millətin dərdinə çarə axtarırıqsa, onda gəlin yığışaq, ortalığa qoyaq ağ nədir, qara nədir.

– Bəs niyə Korrupsiya ilə Mübarizə İdarəsi «sərvəti Əli İnsanovdan 10 dəfə artıq olan» məmurla bağlı araşdırma aparmır?

– O işlərə mən cavab vermirəm. Mən bilmirəm.

– Siz YAP-dan gedə bilərsinizmi və ya Əli İnsanovla yeni bir partiya yaratmanız mümkündürmü?

– Mən oturmuşam, özümü maraqlandıran işlərlə məşğulam. Siyasətə qoşulmuram, siyasətlə məşğul olmaq istəmirəm.

– İlham Əliyevin son addımlarını necə dəyərləndirirsiniz, islahatlar haqda danışmağa başlayıb…

– Mənim dəfələrlə müsahibələrim olub. Mən bu gün də, 5 il də, 10 il də sonra İlham Əliyevdən yaxşısını görmürəm. Ancaq İlham Əliyevin ətrafında bu respublikanı sökənlər yığışıb, bu respublikanı dağıdanlar yığışıb.

– Sizcə, İlham Əliyev ətrafındakılardan qurtula biləcək?

– Yaxşı da… İki dəqiqə əvvəl dedim ki, neçə naziri ifşa etdi. İndi bu… Vay-vay, bilirsən nə var? Batıq yerlər çoxdur. 22 il, 1996-cı ildən bu millətin başına 50 faiz erməni olan biri keçdi, ikinci şəxsi oldu, əlini ağdan qaraya vurmadı, heç nə etmədi, ancaq kürəkənini milyarder etdi.

– Kimi nəzərdə tutursunuz?

– Jurnalistsən, hesabını apar.

– Niyə hər şeyi jurnalistlərdən tələb edirsiniz? Hər kəs öz sözünü, fikrini açıq deyə bilər.

– Mən hesab edirəm ki, sizi tanımaya-tanımaya xeyli söhbət etdim, qalanını da başqalarından soruş.

Azadlıq radiosu 



шаблоны для dle 11.2
Tarix: 28-03-2019, 09:13




Xəbər lenti