Hakimiyyət oktyabr “inqilabı”na hazırlaşır: yeni seçki Kremlin ssenarsini pozur?

 

Tezliklə, lap tezliklə hakimiyyətin köhnə qvardiyasında iri fiqurlardan bir neçəsinin “vurulması” prosesi başlana bilər. Bu, yeni seçkiyə yol açmaqdır.
Anaxeber.info Azərbaycanda “fevral inqilabı” adlanan son sosialyönümlü islahatları nəzərə alaraq diqqət çəkir ki, may-iyun aralığında sensasion istefalar istisna edilmir.
Odioz məmurların hakim komandadan kənarlaşdırılması ilə payızda parlament seçkiləri təyin oluna bilər. Hazırkı ruspərəst qruplar və onların “5-ci kolon”u olan parlamentin böyük hissəsi Moskvanın Qarabağla bağlı siyasətini diqtə eləməyə çalışır.
Kremlin strateji ssenarisi ondan ibarətdir ki, üç rayon Azərbaycana qaytarılır, rus qoşunları sülhməramlı adı ilə İrana yaxın ərazilərimizə yerləşdirilir. Lakin iqtidarın içindəki Qərbpərəst və islahatçı qanad bu siyasətin tamamilə əleyhinədir.
İslahat tərəfdarları Rusiyanın maraqlarının bu şəkildə Azərbaycanda təmin olunmasına imkam vermək istəmir və bunun üçün ilk növbədə köhnə kadrların bir çoxu yaya qədər yola salınmalı, ardınca oktyabrda deputat seçkiləri keçirilməlidir.
Milli Məclisin yeni tərkibi isə gənc və Qərbpərəst siyasətçilərdən üstünlük təşkil edəcək. Hazırkı parlament heyəti isə islahatları dərinləşdirən, genişləndirən hakim gücləri qane eləmir.
Və onları “zərərsizləşdirmək” lazımdır. Çünki istənilən halda üç rayon və digər strateji məsələlərlə bağlı qərarlar parlamentdən keçir.
Oktyabrda seçki keçirib ən yeni deputatlarla qanunverici orqanı təşkil eləmək mümkün olsa, Azərbaycanın Rusiyadan qopma və təsirlərini neytrallaşdırma imkanları genişlənəcək, Avroatlantik məkana inteqrasiya siyasəti sürətləndiriləcək.
İndiki halda Azərbaycanın Qərblə daha artıq yaxınlaşmasını ən çox prezident İlham Əliyevlə I vitse-prezident Mehriban Əliyeva istəyir.  
Onların son aylardakı fəaliyyəti, islahatlar paketinin ortaya qoyulması, hakimiyyəti öz əllərində cəmləşdirə bilməsi göstərir ki, köhnələr qurtulmaq, yeni səhifə açmaq və Qərbi də razı salacaq real reformaları davam etdirmək arzusundadırlar.
O baxımdan islahatların sürətlənməsini istəməyən qüvvələrin tədricən hakimiyyətdən uzaqlaşdırılması prosesi may-iyun aylarında güclənə bilər və prosesin ən sonuncu mərhələsi olan parlamenti buraxmaq qərarı verilə bilər.
Əslində, parlament özü özünü buraxmalıdır ki, yeni seçki elan edilsin. Lakin buna getməsələr, prezidentin müstəsna müdaxiləsi istisna edilmir.
Qeyd edək ki, Azərbaycanda 2016-cı il 26 sentyabr tarixində keçirilmiş sonuncu referendumla ölkə Konstitusiyasında dəyişiklik edildi.
Bu dəyişikliklə prezidentə növbədənkənar seçki təyin etmək səlahiyyəti verilib. Məhz elə bu səbəbdən də 11 Aprel 2018-ci il tarixdə ölkədə növbədənkənar prezident seçkiləri keçirildi.
Prezident seçkilərindən sonra cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, Konstitusiyaya edilmiş dəyişikliklərə əsasən, parlament seçkilərinin də vaxtı önə çəkilə bilər. Sözügedən fikri dəstəkləyənlər hesab edir ki, hazırda bunun üçün kifayət qədər əsaslar var.
Belə ki, prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı imzaladığı sərəncama əsasən, 4 deputat Nazirlər Kabinetinin strukturuna daxil olan mərkəzi icra hakimiyyəti orqanına rəhbər vəzifəyə gətirilib.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, millət vəkili, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev Ekologiya və təbii sərvətlər naziri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev isə "Dövlətqaçqınkom"un sədri vəzifəsinə təyin ediliblər.
Bu səbəbdən də Mərkəzi Seçki Komissiyası (MSK) adıçəkilən millət vəkillərinin deputatlıq səlahiyyətlərinə xitam verib.
Nəzərinizə çatdırırıq ki, ölkənin birinci xanımı Mehriban Əliyeva Birinci vitse-prezident təyin edildiyi üçün onun da deputatlıq səlahiyyətlərinə xitam verilib.
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilmiş Astan Şahverdiyev isə ürəktutmasından dünyasını dəyişib. Bununla da hazırda parlamentdə 6 deputat yeri boşdur.
Odur ki, Konstitusiyaya edilmiş dəyişiklikləri, o cümlədən bəzi qüvvələrin ali qanunverici orqanda öz təmsilçilərini görmək arzusunda olduqlarını və yazmaq istəmədiyimiz digər səbəbləri nəzərə aldıqda, o zaman növbədənkənar parlament seçkilərinin keçirilməsini mümkün saymaq olar.
Məxməri bir nəsil dəyişikliyi edilir. Özü də bioloji deyil, siyasi. Hakimiyyətin nüvəsi ətrafdan özünə təhlükə duymağa başlayıb. Ona görə də odioz, siyasi iddialı, infrastruktura malik, mütəşəkkil tərəfdən qurtulmaq xətti götürülüb.
11 aprelin davamı olaraq, gətirilən texnokratlar daha iddiasız və dişsizdir. Onların “diş çıxarıb” güclənməsi bir neçə il çəkəcək. O zamana qədər yeni planların ortaya çıxacağını düşünürlər.
Dəyişdirilənlər isə asanlıqla can verməyəcəklər. Onların son qalası kresloları, maliyyələri, beynəlxalq əlaqələri və ən başlıcası, parlamentə yerləşdirdikləri kontingentdir...Deməli, o kontingentlə vida zamanıdır!
Anaxeber.info
Turan

шаблоны для dle 11.2
Tarix: 9-04-2019, 09:38




Xəbər lenti