“AZAL-da köklü dəyişikliklərə ehtiyac var”


“AZAL-da köklü dəyişikliklərə ehtiyac var”

2016-cı ildən ABŞ-a birbaşa uçuşlara başlayan Azərbaycan Hava Yolları Şirkəti (AZAL) bu ilin oktyabr ayından Nyu-Yorka uçuşları dayandırır. 

“Yeni Sabah” xəbər verir ki, AZAL-ın bu qərarını şərh edən iqtisadçı Qubad İbadoğlu bildirib ki, şirkət rəsmiləri bunu təyyarə parkını artıra bilmədiklərinə görə, marşrut şəbəkəsində kommersiya cəhətdən ən rentabelli istiqamətlərin saxlanılması qərarı ilə əsaslandırıb. 

İqtisadçı deyir ki, bu isə o deməkdir ki, Bakıdan Nyu-Yorka uçuş gəlirli olmayıb; “Əslində, mən bunun gerçəkliyinə şübhə ilə yanaşıram. Çünki, AZAL-ın uçuşlarına qiymətlər baha və eyni zamanda tələbat yüksək olaraq qalmaqdadır. Xüsusilə də yay aylarında bir tərəf üçün ən ucuz bilet 500 dollar, gediş-gəlişin qiyməti isə 1000 dollar ətrafındadır. Halbuki, Ukrayna Hava Yolları, Qatar Hava Yolları ilə bu marşrutu AZAL-la müqayisədə 2 dəfə ucuz qiymətə qət etmək mümkündür. 

Bakı-Nyu-York-Bakı reysi Azərbaycanla ABŞ arasında yalnız nəqliyyat deyil, həm də siyasi-iqtisadi əlaqələr baxımından əhəmiyyət kəsb edir. Əgər həqiqətən də AZAL bu marşrut üzrə uçuşu rentabelliyə görə dayandırırsa, onda rentabelliyin aşağı olması AZAL-ın idarəçiliyinin zəif olması ilə birbaşa əlaqədardır. Çünki, bu marşrut üzrə tarif siyasətinin düzgün qurulmamasında görə, bölgədən ABŞ-a gələnlər, eləcə də ABŞ-dan Azərbaycana gedənlər alternativ marşrutlara üstünlük veriblər. 

Hesab edirəm ki, AZAL-da köklü dəyişikliklərə ehtiyac vardır. Bu isə dövlət konserninin restrukturizasiya və özəlləşdirmə tədbirlərindən keçməlidir. Əks təqdirdə on milyardlarla sərmayə yeyən, müasir infrastruktura malik olan şirkət hələ bundan sonra da rentabelli işləməyəcək”.

шаблоны для dle 11.2
Tarix: 3-06-2019, 01:44




Xəbər lenti