Məmur, deputat, oliqarx, biznesmen, avtoritet… Cavid Qurbanovun yeni iddiaları

 



“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov son vaxtlar mətbuatın ən çox tənqid etdiyi məmurlardan biri, bəlkə də birincisidir. Şübhəsiz, bunun da bir çox əsaslı səbəbləri vardır. Bununla belə, C.Qurbanovun xüsusən də bir məmur və deputat kimi dövlət qarşısında müsbət xidmətlərinin olduğu da danılmazdır. Odur ki, Cavid müəllimin bütün tənqid olunan əməlləri ilə yanaşı, ədalət naminə dövlət üçün gördüyü işləri də qeyd etmək lazımdır.  Məsələn,  cumhuriyyet.az olaraq bildirək ki, Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olaraq Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsində dövlət başçısının üzərinə qoyduğu bütün öhdəlikləri layiqincə yerinə yetirib. O cümlədən, Milli Məclisdə Kəlbəcər rayonunu təmsil edən bir deputat kimi də öz seçiciləri qarşısında bir sıra müsbət işlər gördüyü haqda çoxsaylı informasiyalar var. Təsadüfi deyil ki, cənab Qurbanov hər zaman bu əməlləri ilə öyünür və hətta son illər özünü “kəlbəcərlilərin şəriksiz ağsaqqalı” kimi görür. Üstəlik, bizə çatan informasiyalara görə, Cavid müəllim məclislərdə və ayrı-ayrı tədbirlərdə bu cür – “kəlbəcərlilərin ağsaqqalı”  kimi təqdim olunmasından da böyük zövq alır.
Cavid Qurbanov məmur və deputat statusları hesabına son illər ölkənin ən böyük oliqarxlarından birinə də çevrilə bilib. Xüsusən də, bəzi əzəli rəqibləri sıradan çıxarıldıqdan sonra onun ölkədə ən aparıcı məmur-oliqarxlardan birinə dönüşdüyü kimsəyə sirr deyil. Şübhəsiz, burada son illər hakim ailə ilə qohumluğu da az rol oynamayıb. Görünür, çoxlarının da iddia etdiyi kimi, bu qohumluq məmur, deputat olmaqla yanaşı, onun nəhəng oliqarx biznesmenə çevrilməsi üçün önündə daha geniş yollar açıb. Amma bütün bunlarla yanaşı, digər məmurlar kimi C.Qurbanovun da fəaliyyəti korrupsiya elementlərindən kənar deyil.  Məsələn cumhuriyyet.az xatırladır ki, yerli mediada dərc olununan iddiaya görə Cavid Qurbanovun oğlu metal satışı sahəsində ölkədə əsas monopolistlərdən birinə çevrilib. Sahibkarın bildirdiyinə görə Cavid Qurbanovun oğlu dəmir biznesini əsasən atasının rəhbərlik etdiyi Azərbaycan Dəmir Yolları QSC-nin relsləri hesabına inkşaf etdirir.
Bu yaxınlarda Cavid Qurbanovun qeyri-rəsmi sahibi olduğu “Baltech Investment LLC” şirkətinin 38 milyon manat ödəyərək “TOPAZ”ın səhmlərinin 51 faizini “Turkcell” şirkətindən alması da onun biznes şəbəkəsini genişləndirmək istəyindən xəbər verir. Hansı ki, bu alqı-satqı nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC sədrinin ölkənin mərc oyunlarına nəzarəti ələ aldığı və ölkənin şəriksiz “Qumar Kralı”na çevrildiyi iddia olunur. Nəzərə alsaq ki, adətən mərc oyunlarına kiçik və orta kriminal qruplar nəzarət edir, o zaman C.Qurbanovun bir məmur olaraq bu sahəyə maraq göstərməsi ilk baxışdan heç də birmənalı qarşılanmır. Amma bəzi mənbələr deyir ki, əslində cənab Qurbanov məmur olsa da, uzun illər öncədən kriminal aləmin içində olan və bu sahəyə kifayət qədər bələd olan bir şəxsdir. Belə ki, Cavid Qurbanovun nüfuzlu avtoritetlərlə hər zaman yaxın əlaqələr saxladığı, elə indi də zaman-zaman onlarla oturub-durduğu iddia olunur. Hətta istisna olunmur ki, onun “TOPAZ”a tam olaraq sahib olmaq istəyində də bu əlaqələrin müəyyən rolu olub.
Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” QSC sədrinin məmur və deputat olaraq gördüyü işlər müəyyən mənada təqdir oluna bilər. Amma onun bu statuslara sahib bir şəxs kimi ölkənin ən nəhəng oliqarx biznesmeninə çevrilməsi və mərc oyunlarına nəzarəti ələ alması qanunla yolverilməzdir. Eynilə “oğru dünyası”nın tanınmış isimləri ilə təmaslar qurması da məmur statusu ilə bir araya sığmır.
Digər tərəfdən, C.Qurbanovun maddi imkanları genişləndikcə daha böyük səlahiyyətlər qazanmaq ehtirasının da artması normal qarşılana bilməz. Məsələn, bu adam qanunsuz yollarla qazandığı pullar hesabına özünə çoxsaylı media şəbəkəsi quraraq, zaman-zaman yüksək rütbəli məmurlara meydan oxumaqdan çəkinmir. Çünki qanunsuz biznes şəbəkəsindən əldə etdiyi yüz milyonlar hesabına qarşısındakı hər kəsi əzə biləcəyini düşünür. Diqqət edin, dövlət başçısı öz ad günlərini bir dəfə də olsun təmtəraqla qeyd etmədiyi və adətən həmin tarixlərdə sadə insanların əhatəsində olmağa üstünlük verdiyi halda, Cavid Qurbanovun dəbdəbəli 60 illik yubileyində onun üçün sifariş olunan “qatar tort”u kəsməsi saytlarda manşetə çevrilir. Cumhuriyyet.az-a daxil olan məlumata görə, Dəmir Yol şefinin iddiaları yalnız regional və maddi sahələrlə yekunlaşmır. Bu istiqamətdə artıq siyasi məqamlar da yer alır. Mənbənin bildirdiyinə görə, C.Qurbanovun ölkənin bütün sahələr üzrə nəqliyyat sektorunu öz əlində cəmləməsi üçün səlahiyyət əldə etmək istəyi var.


шаблоны для dle 11.2
Tarix: 7-06-2019, 09:35




Xəbər lenti